Tour d'Azerbaidjan-2015” mayda keçiriləcək


Beynəlxalq Velosipedçilər İttifaqının 2015-ci il üçün təqvim-planına əsasən, 2.1 kateqoriyalı "Tour d'Azerbaidjan-2015” 5 günlük veloyürüşü mayın 6-da start götürüb, mayın 10-da – xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum günündə yekunlaşacaq.
Veloyürüşün marşrutunda bəzi dəyişikliklərin edilməsi də nəzərdə tutulur. Belə ki, bu dəfə veloyürüşün 4-cü mərhələsinin Qəbələ-Ağdaş-Yevlax-Mingəçevir marşrutu ilə keçirilməsi barədə müzakirələr aparılır. Bu isə gələn il Azərbaycanın ev sahibliyi edəcəyi Bakı-2015 ilk Avropa Oyunları ilə bağlıdır. Avropa Oyunlarının avarçəkmə üzrə yarışlarının məhz Mingəçevirdə keçiriləcəyini nəzərə alan Azərbaycan Velosiped İdmanı Federasiyası bununla da Avropa Oyunlarının keçirilməsindən təxminən bir ay əvvəl dünya idman ictimaiyyətinin diqqətini ölkəmizin bu bölgəsinə çəkmək niyyətindədir.

"Tour d'Azerbaidjan-2015”in sonuncu, 5-ci mərhələsi isə Avropa Oyunlarının şosse üzrə velosiped yarışları üçün sınaq xarakteri daşıyacaq.
Məlum olduğu kimi, cari il oktyabrın 18-də ölkəmizdə yeni istifadəyə verilmiş dağ velosipedi parkında Avropa-2015-in dağ velosiped idmanı (Mountain bike) üzrə ilk sınaq yarışı uğurla keçirilib. Avropa Oyunlarının BMX üzrə sınaq yarışının gələn ilin mart ayında, Veloparkda inşası başa çatmaq üzrə olan BMX stadionunda, şosse üzrə sınaq yarışının isə mayın 10-da Bakıda keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, bu ilin mayında keçirilən "Tour d'Azerbaidjan-2014” veloyürüşü başa çatdıqdan sonra Avropa Velosipedçilər İttifaqının prezidenti David Lappartien Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədova ünvanladığı təşəkkür məktubunda paytaxt Bakının tarixilik, müasirlik və gözəlliyini özündə əks etdirən sonuncu mərhələsini xüsusi olaraq vurğulamış və bu marşrutun Bakı-2015 ilk Avropa Oyunları üçün ideal variant olduğunu bildirmişdi.
"Tour d'Azerbaidjan-2015”i əvvəlki yarışlardan fərqləndirən cəhətlərdən biri də odur ki, budəfəki veloyürüşdə iştirakçılar, həm Bakı-2015 ilk Avropa Oyunlarının velosiped yarışlarına, həm də 2016-cı ildə Rio de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı əldə edəcəklər.



Bu yazı

25409 dəfə oxunub

Tarix

2014-11-26 12:00:36

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev