35 il gizli qalan görüş


SSRİ dövründə gənc Sovet şahmatçısı xarici ölkədə hansısa rəssamın görüşünə gedə bilərdimi? Bu barədə məlumata heç yerdə rast gəlmək mümkün olmasa da, bu görüş baş tutub. Həmin görüş 1979-cu ildə Nyu-Yorkda olub. Tarixi bir görüş düz 35 il gizli qalıb. Söhbət şahmat üzrə dünya çempionu Anatoli Karpovla əfsanəvi rəssam Salvador Dalinin görüşündən gedir.

Həmin görüş barədə Karpov özü danışıb: "Mənim məşhur rəssam ilə görüşüm hardasa 35 il bundan əvvəl baş tutub. 1979-cu ildə Monrealda beynəlxalq şahmat turniri keçirilməli idi. Yarışla bağlı Nyu-York şəhərində təqdimat keçiriləcəkdi. Həmin tədbirə mən də dəvətli idim. ABŞ-a ilk gəlişimdə baş verən hadisəni indiyə kimi xatırlayıram. Turnirin təşkilatçıları dedilər ki, Salvador Dali şahmata böyük maraq göstərir. Mənim də rəsm əsərlərinə, rəssamlıq sənətinə böyük marağım var idi. Beləliklə, bizim Salvador Dali ilə görüşümüz baş tutdu. Şəhərin mərkəzindəki restoranların birində keçirilən bu görüşdə ingilis dilində danışırdıq. Həmin vaxt mənim 28, Salvador Dalinin isə 74 yaşı var idi. Yaş fərqimizin böyük olmasına baxmayaraq, o, bu fərqi hiss etdirməməyə çalışırdı. Dalinin davranışları onun nə qədər ağıllı olduğunu göstərirdi. Söhbətimiz çox maraqlı keçdi. Birlikdə vaxt keçirmək mənim çox xoşuma gəldi. Onunla rəsm əsərləri və rəssamların həyat tərzindən danışdıq. Mən onun danışdığı bir çox gözəl məlumatlardan yararlandım. Rəsm mövzusunda danışmaq mənim üçün çətin deyildi. Hətta çox maraqlı idi. Salvador Dalinin rəsm əsərlərinin bir çoxunun surəti məndə var idi. Evimdə divardan asılan bu sənət əsərlərini seyr etməkdən böyük zövq alırdım. Söhbət zamanı hiss etdim ki, Salvador Dali şahmatla maraqlanır və şahmatı çox yaxşı bilir. Bəzi turnirlər barədə müzakirələr apardıq. Məşhur rəssam hətta mənim 1978-ci ildə qələbə qazandığım oyunla bağlı mənə bəzi suallar da verdi”.
Sizcə, ötən əsrin 70-ci illərində sovet vətəndaşı xarici ölkədə SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən (DTK) gizli görüş keçirə bilərdimi? Əlbəttə, bu, mümkün deyildi. Çünki DTK sovet sakinlərinin hər addımına nəzarət edirdi. İki məşhur insanın da görüşü DTK-nın nəzarəti altında olub. Hər halda, Anatoli Karpov görüşdə DTK agentinin iştirak etdiyini deyib: "Salvador Dalinin yanında iki qadın var idi. Rəssamın həyat yoladaşlarından biri - Yelena Dyakonova rus olduğu üçün onun Rusiya ilə daha çox maraqlanacağını gözləyirdim. Yelena məndən Rusiyanın hansı vilayətindən olduğumu soruşdu. Uraldan olduğumu dedim. O, başını tərpətdi. Hiss etdim ki, Yelena bundan sonra Rusiya ilə bağlı məndən heç nə soruşmayacaq. Onu da deyim ki, Salvador Dalinin insanı ilk görüşdə cəlb edən imicinin yaradıcısı məhz Yelena idi. Rəssam dedi ki, bu qadınlar onun dostlarıdır. Rus qadın mənimlə danışanda hiss etdim ki, o, agentdir. Yelena Dyakanova adlanan bu insanın hərəkətləri məni şübhələndirdi. Digər qadın isə, keçmiş ərinin ətriyyat şirkətinin sahibi olduğunu dedi. Salvador Dali ilə onun nə əlaqəsi ola bilərdi. Məncə, həmin qadın da bizə nəzarət üçün gəlmişdi. Təqribən iki saat söhbətləşdik. Sonra nahar etdik. Düzü, DTK agentinin burada olmasından bir az narahat idim. Yadıma Viktor Korçnoyla keçirdiyim oyun düşdü. Həmin vaxt sekundantım olan Mixail Tal mənə demişdi: Əgər sən Korçnoya uduzsan, məni həbs edəcəklər”. İndi bu məsələ çoxlarına uydurma kimi görünə bilər. Amma o dövrdə yaşayan insanlar təsdiq edərlər ki, DTK hər şeyə qadir idi”. Karpovun dediyinə görə, nahar zamanı qalmaqal baş verib. Belə ki, rəssamın ispaniyalı həyat yoldaşı 3 yumurta və qara kürü sifariş edib. Buna görə 20 dollar ödəməli olan qadın qiymətlərin baha olmasını deyərək səs-küy salıb. Kifayət qədər varlı olan insanın 20 dollara görə dava etməsi Karpovu təəccübləndirib.
Maraqlıdır ki, 35 il bundan əvvəl keçirilən bu görüş barədə heç bir məlumat yayılmayıb. Lakin iki məşhur şəxsin görüşü naməlum adam tərəfindən fotoaparatla çəkilib. Deyilənlərə görə, Anatoli Karpovla Salvador Dalinin ilk və son görüşünü əks etdirən həmin şəkil 600 dollardan baha satılıb.



Bu yazı

10414 dəfə oxunub

Tarix

2014-11-28 14:42:06

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev