“Tələbə kuboku” başa çatıb


Azərbaycan Velosiped İdmanı Federasiyası "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrası, velosiped idmanının daha da populyarlaşması və kütləviliyi, gənclərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliği məqsədilə yeni layihənin icrasına başlayıb.
Azərbaycan Dövlət Pedaqoji Universiteti tələbə gənclər təşkilatı ilə əldə olunmuş razılığa əsasən, noyabrın 29-da Veloparkda adı çəkilən ali təhsil ocağının fakültələrarası "Tələbə kuboku” yarışı keçirilib. Komandaların tərkibi 4 nəfərdən (2 qız, 2 oğlan) ibarət olub. Estafet yarışında mübarizə aparan iştirakçılar velosiped və digər zəruri avadanlıqlarla təmin ediliblər. 16 komandanın iştirak etdiyi yarışın ilk mərhələsindən sonra ən yaxşı nəticə göstərən 4 kollektiv müəyyənləşib və onlar final yürüşündə çempionluq uğrunda mübarizə aparıb.
Yekunda kimya fakültəsinin komandası hamını qabaqlamaqla "Tələbə kuboku”nun qalibi olub. İkinci yeri tarix fakültəsi, 3-cü yeri isə coğrafiya və ibtidai hərbi hazırlıq fakültəsinin komandaları tutublar.
İlk 3 yeri tutan komandalar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən müvafiq olaraq 200, 150 və 100 manat pul mükafatı, kubok, medal və diplomla təltif ediliblər.
Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbələri arasında keçirilən bu yarış pilot layihə idi və yaxın aylarda digər ali təhsil ocaqları arasında ümumrespublika "Tələbə kuboku”nun təşkili də nəzərdə tutulur.



Bu yazı

7503 dəfə oxunub

Tarix

2014-12-01 10:26:23

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev