«Biz vaxtından tez böyüdük»





İdman aləmində böyük populyarlıq qazanmış Gündüz və Məmməd Abdullayev qardaşlarının maraqlı həyat hekayələri var. Taekvondoçu qardaşların çətin günləri də, sevincli anları da çox olub. Yaşadıqları çətinliklər onları daha da mətin, güclü edib. Heç kimin, heç nəyin qarşısında əyilməyiblər. Fiziki gücləri kimi, daxili və mənəvi aləmləri də güclü olan bu qardaşların arxada qoyduqları ömür yolu barədə söhbət etdikcə onları daha da yaxından tanıdıq. Düşünürük ki, ölkə idmanında öz yeri olan məşqçilərin həyatının maraqlı məqamları «Olimpə doğru» jurnalının oxucuları üçün də maraqlı və düşündürücü olacaq.

- İdman aləmində kifayət qədər tanınırsınız. Sizi uğurlara aparan yolu necə xatırlayırsınız?
Gündüz: - Uğura aparan yollar müxtəlif olur. Hər hansı sahədə liderlik iddiasına düşmüsənsə,bu, artıq uğurun başlanğıcıdır. Uşaqlıqda həvəskar şəkildə atçılıq, cüdo, güləş idman növləri ilə məşğul olmuşam. Ölkəmizdə karatenin qadağan olunduğu 1987-1988-ci illərdə Azad Kazımovun rəhbərliyi altında karate məşqlərinə başlamışam. Onu da deyim ki, uşaqlıqda dəcəl, dalaşqan idim. Məşqə getməkdə məqsədim məhəllədəki uşaqlarla zarafatlaşanda onlara öz «gücümü» göstərmək idi. Zala gəldiyim ilk gün müəllimim mənə dedi ki, səni məşqə buraxıram, amma gələn dəfə gələndə idman forması gətirərsən. Fikirləşdim ki, onsuzda məşqə elə-belə gəlmişəm. Birdən məşqçi mənə tərəf baxıb: "Sırada döyüşçüyə layiq, şax formada dayan», - dedi. Onun bu sözləri mənə çox toxundu. Öz-özümə dedim ki, məşqlərə davam edəcəyəm və özümü elə aparacağam ki, bir də müəllim mənə bu cür irad bildirməsin. Bu sözlər həyatımda sanki bir dönüş nöqtəsi oldu. Bəlkə də elə həyatımda ilk uğur bu zaldan, bu sözlərdən başladı…


Məmməd: - İdmana qardaşımın sayəsində gəlmişəm. Gündüzün idmana böyük həvəsi var idi. Karate ilə məşğul olurdu və onda ayaq zərbələri yaxşı alındığından 1992-ci ildən Yaşar Səfərovun rəhbərliyi altında taekvondo ilə məşğul olmağa başladı. Hərdən Gündüz məni də özü ilə məşqlərə aparırdı. Kənardan oturub uşaqların məşqini izləmək mənim xoşuma gəlirdi. 15 yaşım var idi. Məşqlərə baxa-baxa bəzi fəndləri, zərbələri yadımda saxlayır, məhəllədə dava düşəndə özümü müdafiə məqsədilə istifadə edirdim. Dəcəl uşaq olsam da, idmana ciddi maraq göstərmirdim. Uşaqlıqda prokuror olmağı arzulayırdım. Nəvaxtsa peşəkar idmana gələcəyim ağlıma da gəlməzdi. Sonradan qardaşımın təkidi ilə məşqlərə qatılmağa başladım. Həmişə Gündüzə deyirdim ki, mən bu idman növü ilə məşğul olmaq istəmirəm. Hətta bəzən idman çantasını yerə qoyaraq «Bu gün məşqə getməyəcəyəm» deyə etirazımı bildirərdim. Sərbəst həyat tərzinə üstünlük verdiyimdən məşqlərdə nizam-intizama riayət etmək mənə bir qədər çətin görünürdü. Məşq vaxtı arxa sıralarda dayanıb uşaqlara sataşırdım. Yaşar müəlim isə qardaşıma: «Gündüz, səni çox istəyirəm, amma Məmməd çox dəcəldir, onu məşqlərə gətirmə», - deyirdi. Müəyyən müddət məşq etdikdən sonra məndə özünəinam hissi yaranmışdı. 1992-ci ildə keçirilən ölkə çempionatında yarışlara baxanda bu taekvondoya həvəsim daha da artdı. Bundan sonra məşqlərə ciddi yanaşmağa başladım və bu sahədə uğurlar əldə etməyi qarşıma məqsəd qoydum.


- Bəs uşaqlıq dövrünüzün yaddaqalan anı hansı olub?
G: - Əslimiz Ağsudandır. Uşaqlıqda rayondakı dostlarımla birgə keçirdiyim günlər, məktəb illəri həyatımda xoş izlər buraxıb. Etiraf edim ki, o vaxtlar hər şey başqa cür idi, həyat insana daha maraqlı gəlirdi.



M: - Məktəb illərindən maraqlı bir xatirəni sizə danışım. Dərsə gedəndə anam bizə ayrı-ayrı bağlamalarda yemək qoyardı. Mənim çantam böyük olduğundan Gündüzün də payını mən aparırdım. Bir dəfə çox ac idim, Gündüzün bağlamasını açaraq onun payını yedim çünki öz payımı sonraya saxlamaq istəyirdim. Tənəffüsdə Gündüzün bağlamasını, heç nə olmayıbmış kimi özünə qaytardım. O, özünün payının yeyildiyini görən kimi, mənim yeməyimi alıb apardı. Nə qədər çalışsam da, Gündüzü aldadım, alınmadı. (gülür). Gündüz yaşda məndən böyük olduğundan məktəbə öz yaşıdları ilə gedərdi. Bu isə məni qıcıqlandırırdı. Ondan xahiş edəndə ki, məni də gözlə, deyərdi 20 qəpik ver, gözləyim. Yaxşı yadımdadır. Adətən, məhəllədə futbol oynayanda biz Gündüzlə eyni komandada çıxış edərdik. Qapımıza qol vurulan kimi Gündüz qaça-qaça gələrdi mənim üstümə ki, sənə görə uduzduq. Halbuki bəzən topa heç ayağım da dəyməzdi. Keçmişdə yaşanan bu cür maraqlı anlar yadımıza düşəndə istər-istəməz gülümsəyirik.


- Karyeranıza idmançı kimi başlasanız da, məşqçiliyi seçdiniz…
G: - İdmanda arzularım böyük idi. Nailiyyət qazanmaq istəyirdim. Amma təəssüf ki, o vaxtlar indiki kimi şərait yox idi. Məşq edirdik, əziyyət çəkirdik, amma beynəlxalq yarışlara getməyə maliyyə vəsaiti olmurdu. 31 yaşında sonuncu dəfə taekvondo üzrə ölkə çempionu oldum. Paralel olaraq, məşqçilik də edirdim. 23 yaşında hərbi xidmətə yollandım. Həmin ərəfədə Ağsuda komanda yaratmışdım. Orduda olduğum vaxt Məmməd komandanı inkişaf etdirdi. Vaxt getdikcə anladım ki, yetirmələrimə daha çox diqqət ayırmalı, məşqçilik fəaliyyəti ilə daha ciddi məşğul olmalıyam.

M: - 1998-ci ildə Gündüzün rəhbərliyi altında «Azəri» taekvondo komandası yaradılmışdı. Əsgərlikdən qayıtdıqdan sonra həm özüm məşq edir, həm də bu klubda məşq keçirdim. Bunadək hələ 1994-cü ildə də Ağsuda komanda formalaşdırmışdıq. İlk məşqçilik təcrübəmə də oradan başlamışdı. Qısa müddət ərzində komandadan bir sıra perspektivli yeniyetmə və gənc idmançılar üzə çıxmışdı.


- Yəqin ki, Nankində keçirilən Yeniyetmələrin II Olimpiya Oyunlarında əldə olunan qələbəni Azərbaycan taekvondosunun və sizin karyeranızın ən böyük uğuru kimi qiymətləndirmək olar.
M: - Bu uğuru çox gözləmişik. Bildiyiniz kimi, 2012-ci ilin sonunda Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi tərəfindən federasiya daxilində bir sıra dəyişikliklər edilmişdi. Yeni məşqçilər heyətinin özünü təsdiqləməsi üçün Olimpiya oyunlarında uğurun əldə olunması çox vacib idi. Son iki ildə məşqçilər heyəti gərgin əmək sərf etdi. Böyüklərlə yanaşı, gənclərdən ibarət yığma üzvləri də 2012-ci ildən etibarən Avropa və dünya çempionatı kimi mötəbər yarışlarda, beynəlxalq turnirlərdə iştirak edərək uğurlar qazanmışdılar. Ən böyük arzumuz Olimpiya oyunlarında taekvondo üzrə medalın əldə olunması idi. Həmin an yaşadığım hissləri sözlərlə ifadə edə bilmirəm. Göz yaşlarımı saxlaya bilmədim. İllərin həyəcanı bir anın içərisində yoxa çıxdı.

G: - İdmançımızın uğuru sayəsində Olimpiya oyunlarında Azərbaycanın himni səsləndirildi. Bundan gözəl heç nə ola bilməz. Biz məhz Olimpiya oyunlarında öz sözümüzü deməli, sübut etməliydik ki, Olimpiya medalını qazana bilərik. Əldə olunan nəticə məşqçilər heyətinin düzgün istiqamətdə həyata keçirildiyi işi bir daha nümayiş etdirdi. Bu gün bu medal gənclər arasında əldə olundu. Arzu edirəm ki, 2016-ci ildə taekvondo azarkeşlərini böyüklər arasında Olimpiya medalı ilə sevindirək.


- Həyatda peşmançılığını çəkdiyiniz anlar çox olub?
G: - Yıxılıb-qalxdığım günlər çox olub. Çətin anlarım da saya gəlməz. Amma ziyalı ailəsində böyüdüyümə görə özümü həmişə xoşbəxt hesab etmişəm. Atam Bakı Dövlət Universitetinin tarix fəlsəfə fakültəsini bitirdikdən sonra rayon məktəbində direktor müavini, sonra maarif şöbəsinin müdiri, BDU-nun dekanı vəzifələrində çalışıb. O, daha sonra Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor, baş redaktor, ədəbi dram studiyasının rəisi olub. Anam uzun illər Axundov adına Rus Dili və Ədəbiyyat İnstitutunda müəllimə işləyib. Dediyim odur ki, ailədə düzgün tərbiyə görmüşük. Amma təəssüf ki, anamı çox tez itirdik. O zaman mənim 19, Məmmədin isə cəmi 14 yaşı var idi. Atam bu itkiyə tab gətirə bilmədi. Anam dünyasını dəyişəndən sonra atam üçün də həyat sanki bitdi. Atam bu itki ilə heç cür barışa bilmirdi. O, anamla nəfəs alırdı. Anamın yoxluğundan sonra işi də buraxdı.Çox keçmədi atamı da itirdik…
Ailə qayğıları, çətinliklər bizi mətinləşdirdi. Necə deyərlər, biz vaxtından tez böyüdük. Bəlkə də elə buna görə kənardan həmişə güclü görsənmişik. Adətən, ata-ana himayəsi altında böyüyən insanlar çətinlik çəkmir, pulu necə qazanmaq lazım olduğunu bilmirlər. İndi qardaşım da, mən də öz həyatımızı qurmuşuq, ailəliyik, övladlarımız var. Yığışıb xoş günlərimizi qeyd edəndə, anamla atamın da bizimlə birgə olmalarını xəyalımızdan keçiririk. Belə anlarda öz-özümə düşünürəm, görəsən, onlar bizim xoşbəxt günlərimizi necə qarşılayardılar, buna münasibətləri necə olardı? Anamın arzuları var idi…O, bizi xoşbəxt görmək istəyirdi. Atam bir az sərt insan idi. Bizə barmağının ucu ilə belə toxunmazdı. Amma atamın sərt baxışları bizim üçün hər şey demək idi. Bu baxışlarla qarşılaşmamaq üçün əlimizdən gələni edərdik. Qardaşımla ikimizin kiçik bir otağımız var idi. İnanın ki, atam yuxuya gedənə kimi həmin otaqdan çıxmazdıq. Tez-tez gündəliyimizi yoxlayardı. «4» aldığımızı görəndə qaşı çatılardı. Biz həmin «4»-ü düzəltmək üçün dəridən-qabıqdan çıxardıq. Atam həmişə mene deyərdi ki, Məmməd instituta daxil olsa sənə çox sağ ol deyəcəyəm, evlənəndə isə alnından öpəcəyəm. Yaxşı ki, hər ikisini görmək atama nəsib oldu.

M: - Gündüz ürəyimdən xəbər verdi. Həyatda ən çox təəssüfləndiyimiz məqam valideynlərimizi gənc yaşda itirməyimiz oldu. Atam çox sədaqətli insan idi. Anam dünyasını dəyişəndə atamın 46 yaşı var idi. O, ailəsinə çox bağlı insan idi. Ümumiyyətlə, valideynlərimizin bizə verdikləri ən böyük hədiyyə bizi düzgün istiqamətdə tərbiyələndirmələri idi. Atam tez-tez bizə öyüd-nəsihət verərdi. Onların həyatlarının bir qədər də uzun olmalarını çox istərdik. Bugünkü gündə onlar üçün hər bir şey etməyə gücümüz çatardı.


- Tənqidə münasibətiniz necədir? Özünüzə qarşı tənqidi yanaşmağı bacarırsınız?
G: - Haqlı tənqidlə razılaşıram. Çalışıram ki, öz səhvlərimdən nəticə çıxarım. Yarışlardan sonra özümü günlərlə danladığım vaxtlar olub. Nəticə ilə qane olmuram. Daha artığına nail olmaq istəyirəm. Mənə elə gəlir ki, nəyə isə qane olursansa, bu, artıq dayanmaq deməkdir. Düzdür, bəzən bu cür münasibət, məşqlərin gərginliyi məni yorur və heç məşqə belə getmək istəmirəm. Belə anlarda dərhal daxilimdəki «mən»lə mübarizə aparıram. Öz-özümə deyirəm ki, «sən zəifsən, mübarizədən qaçırsan».

M: - Tənqid olmayan yerdə uğur olmaz. Təkcə iş prosesində yox, gündəlik həyat tərzimdə də özümə qarşı tənqidi yanaşıram. Öz-özümə hesabat verirəm. Deyirəm, birdən keçmişimi, çətinliklə böyüdyümü unudaram, kimə isə yuxarıdan aşağı baxaram. Bugünkü günə görə Allahıma şükür edirəm. Hər gün özümdən soruşuram, görəsən, kiminsə xətrinə dəymədim, kiməsə qarşı haqsızlıq etmədim ki…Biz kasıb ailədə böyümüşük. Valideynlərim öz zəhmətləri ilə çörək pulu qazanıblar. Balaca evdə yaşamışıq, amma həmişə gözü tox olmuşuq. Yadımdadır, yeməyə çörəyimiz olmasa belə, evdən bayıra çıxanda anam bizə yeməklərin adlarını deyərdi. Deyərdi ki, birdən soruşarlar, evdə nə yemisən, deyin ki, bu gün səhər yumurta yemişəm, günorta bozbaş yemişəm və s.


- Müvəffəqiyyətin ilk «qaydası» nədir?
G: - Sədaqət. Öz işinin nökəri olmalısan ki, uğurun ağası olasan. İnsan məşğul olduğu işə xəyanət etməməlidir.

M: - Nizam-intizam olmayan yerdə uğurdan söhbət gedə bilməz. Uğur qazanmaq mümkündür, amma bu, qısamüddətli olacaq. İnsanın daxili mədəniyyəti, davranışı və əməllərində intizam olmazsa, müvəffəqiyyət əldə etmək olmaz.


- Çətin anlarda təsəllini kimdən alırsınız?
G: - Elə dövrlər olub ki, həyatımda «qara zolaq» başlanıb. Belə anlarda mənə Məmməd dəstək olub. Çətin anlarda o, həmişə deyir ki, darıxma Gündüz, Allah bizi heç vaxt tək qoymayıb. Elə uşaqlıqdan əl-ələ verib böyümüşük.

M: - Mənim də Gündüzdən başqa üz tutacağım kimsəm yoxdur. Ümumiyyətlə, onu deyim ki, şəxsi problemlərimlə başqalarını yükləməyi sevmirəm. Xoşlamıram ki, kimsə mənim problemlərimə görə sıxıntı keçirsin. Problemlərimi öz-özümə danışaraq saf-çürük etməyi xoşlayıram. Bəzən özüm-özümə danışdığımı görən dostlarım deyir ki, ay Məmməd, maşına diktofon qoymusan, öz-özünə danışırsan? (gülür).


- Kiminlə fəxr edirsiniz?
G: - Belə insanlar çoxdur. Yetirmələrimlə fəxr edirəm. Onlara öz övladım kimi yanaşıram. Əgər bir valideyn öz övladını məşqçi kimi mənə həvalə edirsə, onun cəmiyyətdə mövqeyi məndən asılıdırsa, bu məsələdə çalışıram ki, işimə xəyanət etməyim. Dəfələrlə olub ki, məndən kiməsə fərdi olaraq məşq keçməyi xahiş ediblər. Amma buna yol verməmişəm. Belə etsəm, bir məşqçi kimi, ən azı, tələbələrimin gözündən düşərəm. Bu gün mən madiyyatı düşünsəm, uğur qazana bilmərəm.

M: - Qardaşım Gündüzlə. O mənə həyatda həm ata olub, həm də ana. Qardaşım məni heç vaxt tək buraxmayıb. Bəlkə də, mən yolumdan çıxa bilərdim. Amma Gündüz məni həmişə düzgün yola çəkib. Onunla münasibətlərimizdə böyük kiçik hörmətini həmişə saxlamışam. İndiyədək Gündüzün yanında dilimdən nalayiq söz çıxmayıb.


- Övladlarınız necə, idmana maraq göstərirlər?
G: - Qızım Həcərin 10, oğlum Ülvinin isə 6 yaşı var. Qızım hazırda milli rəqslə məşğul olur. Həcər bir müddət taekvondoya getdi. Sonra səhhətində yaranan problemlərə görə idmandan uzaqlaşdı. Oğlum isə bəzən elə fikirlər səsləndirir ki, mənə elə gəlir ki, siyasi xadim olacaq (gülür). Övladlarımın savadlı olmasını istəyirəm. Məhəmməd Peyğəmbər buyurub: «Atanın övlada verə biləcəyi ən böyük miras təhsidir».

M: - İki qızım var. Nəzrinin 5, Özləmin isə 3 yaşı var. Nəzrin bədii gimnastika ilə məşğul olur. Müəlliməsi ondan razılıq edir.


- Sizin üçün ən böyük vaxt itkisi nədir?
G: - Mənim üçün ən böyük vaxt itkisi yetirmələrimə çəkilən əziyyəti vaxtında dəyərləndirə bilməmələridir. Məsələn, bir tələbədə bəzən yüksək istedad, potensial görürəm, onun uğur qazanmasını istəyirəm və bunun üçün əlimdən gələni edirəm. Amma həmin tələbə mənim ona 21 yaşında dediklərimi 28 yaşında başa düşür. Əgər vaxtında həmin idmançılar istedadlarından maksimum yararlansa idilər, bəlkə də həmin müddətdə ikiqat Olimpiya çempion ola bilərdilər.

M: - Vaxtımdan səmərəli şəkildə istifadə etməyə çalışıram. Bütün işlərimi əvvəlcədən planlı şəkildə görürəm ki, əlavə vaxt itkisinə səbəb olmasın.


- Nəyi bağışlaya bilmirsiz?
G: - Yalanı, xəyanəti, etibarsızlığı. Əgər bir insan mənə qarşı səhv edibsə, ikinci dəfə ona belə bir imkan yaratmıram. Deyirlər, ağıllı insan başqasının səhvindən öyrənir, ağılsız isə öz səhvindən. Mən də çalışıram başqalarının səhvindən nəticə çıxarım.

M: - Xəyanəti bağışlaya bilmirəm. Özüm də kiməsə xəyanət etsəm, bunu açıq-aşkar edərəm. Həmişə sözü üzə deməyə çalışıram. Ümumiyyətlə, kinli insan deyiləm. Düşünürəm ki, həyatda səhvsiz insan yoxdur.


- Pis insanı yaxşı insandan necə fərqləndirirsiniz?
G: - Göz vasitəsilə. İnsanın gözləri onu aldatmır. Yaltaqlığı sevmirəm. Bir insan mənim ruhuma uyğun deyilsə, ondan xoşum gəlmirsə, həmin insanın üzünə yalandan gülə bilmirəm.

M: - Adətən, mənə pislik edənə o qədər yaxşılıq edirəm ki, həmin insan utandığından etdiyi əməldən peşman olur. Belə hallar dəfələrlə olub. Mənə pislik edən insanın müdafiəsinə qalxmışam. Ümumiyyətlə isə, kollektivdə pis insanı tanımaq çətin məsələ deyil. Uğur qazanan kimi həmin insanın gözlərindən onun pis və yaxşı olmasını oxumaq mümkündür. İnsan gərək paxıllıq hissindən uzaq olsun. Yaxşı mənada həsəd aparmaq olar, amma hər hansı nailiyyətə qısqanclıqla yanaşmaq düzgün deyil.


- Həyatda sizə verilən ən dəyərli məsləhət hansı olub?
G: - Hərbi xidmətdə olduğum dövrlərdə komandirimdən çox şey öyrəndim. Məhz orduda qulluq mənə vətənpərvərlik, öz işinə sədaqətli olmaq, özgəsinə can yandırmaq, yoldaşlarının qayğısına qalmaq, səbirlilik kimi keyfiyyətləri öyrətdi. Məhz bütün bunlar mənim həyata baxışımı dəyişdirdi.

M: - Atam həmişə deyərdi ki, «dostunu itirmək istəyirsənsə, ona borc ver». Bu mənə verilən ən dəyərli məsləhətlərdən biridir.


- Çətin anlarda düzgün qərar verməyinizə nə kömək olur?
G: - Tərəzi bürcündən olduğuma görə çox götür-qoy edən insanam. Adətən, bir çətinliyə düşəndə ağ vərəq götürürəm. Oraya həmin hadisəni və onun ətrafında baş verənləri qeyd edirəm. Daha sonra isə öz qərarımı və kənar insanların mövqeyini yazıram. Hər hansı problemi bu cür təhlil etmək çox işimə yarayır.
M: - Belə vəziyyətlərdə düşünmədən qərar vermirəm. Bəzi insanlarla məsləhətləşirəm. Çıxış yolu tapmaqda aciz deyiləm. Çalışıram işimi elə qurum ki, sonradan peşman olmayım.


- Bildiyimə görə, incəsənətə marağınız var. Bu sahəyə meiliniz hardan yaranıb?
M: - Atam uzun müddət televiziya və radio verilişləri komitəsinin şöbə müdiri vəzifəsində işləyib. 9-cu sinifdə oxuyanda o məni aktyorlar evinə rejissor asisstenti kimi işə düzəltmişdi. Orada teatrın bədii rəhbəri rəhmətlik Hüseynağa Atakişiyev idi. Ölkənin bir sıra tanınmış incəsənət xadimləri ilə orada tanış olmuşdum. Qardaşım da Azərbaycan İncəsənət İnstitutunu bitirdiyinə görə bu sahədə tanışlarımız çox idi. Məktəb illərində də ən sevimli fənnim ədəbiyyata və tarix idi. Tarix fənnindən olimpiadalara gedir, şer müsabiqələrində iştirak edirdim. Daha çox humanitar fənləri sevirdim. 1993-cü ildə məktəbi bitirdikdən sonra instituta qəbul vaxtı isə yalnız hüquq fakültəsini yazmışdım. Amma bu fakültəyə daxil olmaq üçün balım çatmadı. İndi də hərdən şeir yazıram. Anam dünyasını dəyişəndə, Gündüzün qızı Həcər doğulanda onlara şeirlər yazmışam. Qeyd edim ki, Həcərə anamın adını qoymuşuq. Daha sonra isə idmana bağlandığım üçün bu sahə ilə vidalaşdım. Gündüzün incəsənətə də marağı çox idi. O bu sahədə olsa idi, rejissor kimi parlaya bilərdi. Gündüz incəsənət institutunda hazırda ATV telekanalının baş rejissoru Vüqar Vəliyev, «Lider» televiziyasının baş rejissoru Mahir Həmşərli, aktyorlar Azər Axşam, Toppuş bacı kimi tanınan Tünzalə Əliyeva, Rafael və Coşğunla, Vüqar Əbdulov və s. ilə eyni qrupda oxuyurdular. Tanınmış incəsənət nümayəndələri ilə indiyədək dostluq əlaqələrimiz davam edir.


- Sizcə, həyatınızı bir filmə bənzətsək, janrı necə olardı?
G: - Hər halda bu dəhşət filmi olmaz (gülür). Əvvəli yaxşı bir dram, ortası triller. İndi isə həyatım getdikcə, deyəsən, hind filmlərinə bənzəyir (gülür).

M: - Mənim həyat hekayəm döyüş janrında olardı. Həmin filmdə baş rolun ifaçısı müharibədə qalib gəlmiş bir ordu komandiri olardı.


- Bəs filmə dəvət alsaydınız, hansı rolu məharətlə ifa edə bilərdiniz?
M: - Hər hansı filmdə komandir, lider, döyüşçü rolunda özümü görürəm. Etiraf edim ki, bütün həyatım idmanla bağlıdır. Bugünkü gündə idmandan ayrılıb başqa işlə məşğul olmaq istəsəm, əlimdən başqa iş gəlməz. Yaşadığım 38 illik ömrümün 25 ilini idmana həsr etmişəm.

G: - Mən isə ürəyimə yatan hər hansı rolu ifa edə bilərəm. Mənə elə gəlir ki, mənfi rolu oynamaq, müsbət rolu oynamaqdan daha çətindir. Məsələn, «Axırıncı aşırım» filmində mənfi obraz olan Qəmlo daim tamaşaçı önündədir. Qəmlo burada filmin taleyini dəyişir. Bu sevdiyim rollardan biridir. Mən bu rolu tamamilə başqa cür ifa edə bilərdim. Qatır Məməd rolunu da başqa cür görürəm. Bir rejissor kimi, Azərbaycan xalqının qəhrəmanlığını təcəssüm etdirən film çəkərdim. Məsələn, Babək filmini başqa cür çəkmək olardı. Məncə, bu filmdə Babəkin tarixdəki qəhrəmanlığı rejissor tərəfindən dolğun olaraq işıqlandırılmayıb. «300 spartalı» filminin çəkilməsinə razılıq üçün bir yunan milyarder Holluvuda, filmin büdcəsindən də artıq pul xərcləyib. Bu film yunan xalqının qəhrəmanlığını əks etdirir.


- İncəsətənətlə idman arasında nə kimi əlaqə görürsünüz?
G: - İdmana gələndə bu sahəyə incəsənətin gözüylə baxdım. Məncə, hər iki sahədə uğur qazanmaq üçün insan psixologiyasını yaxşı bilməlisən. İdmanda da ideya, ana xətti, kuliminasiya nöqtəsi var. İstədiyinə nail olmaq üçün hər iki sahəyə hərtərəfli yanaşmalı, incəliklərini dərindən bilməlisən.

M: - Aktyor səhnəyə, idmançı isə arenaya çıxır. Əziyyətlər fərqli olsa da, hər ikisi ölkəni təmsil edir. Rejissor müəllim, aktyor idmançı kimi sevinir.


- Sizcə rəqibin gözünə baxıb onu aldatmaq idmançıdan aktyorluq tələb edir?
G: - Tatami üzərində aktyorluq da lazımdır. Döyüş rəqabətdir. Məqsəd isə çempion olmaqdır. Lazım olanda siyasət də işlətməli, rəqibi aldatmalı, tamaşaçını özünə cəlb etməlisən. Elə vuruşmalısan ki, rəqib idmançının azarkeşləri də sənə əhsən desinlər. Amma həyatda bu cür hallar yolverilməzdir. Kimisə vurmaq istəyirsənsə, gülə gülə yaxınlaşıb arxadan vurmaq kişiyə yaraşan hərəkət deyil.

M: Belə hallar olur. Bugünkü gündə teakvondoda ağıl birinci yerdə dayanır.


- Ən çox sevdiyiniz film, kitab və ifaçı hansıdır?
G: - Tarixi və Azərbaycan filmlərini çox sevirəm. Bəzi filmlərimizdən məşhur replikaları olduğu kimi parodiya etməyi də bacarıram. Yaxın dostlarımı belə çox təəccübləndirmişəm (gülür). «Baharın 17-ci anı», «Bizim Cəbiş müəllim» ən sevdiyim filmlərdir. Cəbiş müəllim obrazı ruhuma çox yaxındır, amma mən təbiətcə onun qədər aciz deyiləm. Kitablara gəlincə, Viktor Hüqonun «Səfillər» romanı, Cəfər Cabbarlının «Aydın» pyesi dəfələrlə oxuduğum əsərlərdəndir. İfaçılar arasında isə ən çox sevdiyim müğənni Zeynəb Xanlarovadır.

M: - Mən kəskin janrda olan filmləri çox sevirəm. Hər hansı film barəsində mənə bir qədər məlumat versələr, o filmə marağım daha da artır. Məncə, müqəddəs kitabımız Qurani Kərim hamının oxumalı olduğu kitablar sırasındadır. İfaçılara gəlincə, İbrahim Tatlısəsin mahnılarını çox sevirəm. Onlara qulaq asanda ruhən dincəlir, sanki keçmişə, uşaqlıq dövrlərinə qayıdıram.


- 20 il bundan sonra həyatınızı necə görürsünüz?
M: - Əlbəttə ki, gələcəyi proqnozlaşdırmaq çətindir. Amma onu deyə bilərəm ki, biz daxilən güclü insanlarıq. Qarşımıza qoyduğumuz məqsədə doğru inamla irəliləyirik. Çox çətinliklər görmüşük. Elə vaxtlar olurdu ki, pulumuz olmurdu və məşqlərə piyada gəlirdik. Əsas odur Tanrı bizdən üz döndərməsin. Belə olan halda heç bir çətinlik insanı qorxutmur. Həyatda devizim alnıaçıq yaşamaqdır. Tanrıdan bir dilyim də odur ki, məni sağlam öldürsün. Razıyam, tez dünyamı dəyişim, amma heç kimə möhtac qalmayım.

G: - İnşallah…İstərdim ki, bu gün yetişdirdiyim yetirmələrimin, övladlarımın uğuru bundan iki dəfə artıq olsun. Təqaüdə çıxacağım dövrlərdə də həyatımı bu sahənin inkişafına həsr etmək, illər sonra məşğul oldum sahəyə fəxrlə baxmaq istəyirəm. Çox istərdim ki, keçmişə boylananda çalışdığım sahədə uğurlu bir iz buraxdığımla qürur duyum. Allahdan ailəmə, yaxınlarıma, dostlarıma cansağlığı, firavanlıq arzulayıram.

Aysel Sultanova

























Bu yazı

34280 dəfə oxunub

Tarix

2014-12-24 15:27:15

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook