Mədəniyyət və incəsənət adamlarının futbola sevgisi


Ələkbər Məmmədovun xatirələrində
Zəngin həyat yolu və idman karyerasına malik olan Ələkbər Məmmədovun Azərbaycan futbolunun inkişafında misilsiz xidmətləri var. Qeyd edək ki, o, futzal idman növünün nəinki Azərbaycanda, hətta SSRİ-də təbliğində və yayılmasında müstəsna xidmətlər göstərib. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsinin məzunu olan futbolçu Bakının "Neftyanik” (1948-1953, 1960-1962), Moskvanın "Dinamo” (1954-1959) komandalarının heyətində oynayıb. SSRİ çempionatının yüksək liqasında 185 matç keçirib və 56 qol vurub. Həmyerlimiz 22 dəqiqə ərzində İtaliyanın "Milan” komandasının qapısından 4 top keçirən yeganə futbolçu kimi tarixə düşüb. 3 dəfə "SSRİ-nin 33 ən yaxşı futbolçusu” sırasında yer alıb. Futbol ona nəinki məşhur olmağı, hətta bir sıra tanınmış incəsənət və mədəniyyət adamları ilə sıx dostluq əlaqələri yaratmasına şərait yaradıb. Ələkbər Məmmədovun "Olimpə doğru” jurnalı futbolu sevən və ona böyük maraq göstərən mədəniyyət və incəsənət adamları ilə bağlı xatirələrini dərc edir.


«Səməd Vurğun futbolu hər şeydən çox sevirdi»
"Ünsiyyətcil insan olduğuma görə, müxtəlif sənət və peşə adamları ilə yaxın dostluq əlaqələrim olub. Onların arasında elm, incəsənət, mədəniyyət, kino işçiləri də var. Bu cür insanlarla yaxından tanış olduğum üçün özümü xoşbəxt hiss edirəm. Rəşid Behbudovun, Müslüm Maqomayevin, Səməd Vurğunun, İmran Qasımov kimi tanınmış insanlarla dostluq etmişəm. Mən Rəşid Behbudovun səsinin vurğunuyam. Qeyri-adi istedada malik olan bu insanın ifasında Azərbaycan, rus, türk, ərəb, hind mahnıları özünəməxsusluğu ilə seçilir. Rəşid Behbudovun ifasında Üzeyir Hacıbəyovun "Arşın mal alan” komediyasına dəfələrlə baxmışam. Sizə onunla tanışlığımızın xatirəsini danışım. Moskvada nümayiş etdirilən növbəti tamaşadan sonra gözəl, orta boylu, bir az dolu bədənli bir şəxs şirin təbəssümlə əlini mənə uzadaraq özünü təqdim etdi: "Behbudov”. Təqdimatdan sonra Rəşid müəllim mənə futbolla yaxından maraqlandığını, mənim oyunumdan çox böyük zövq aldığını bildirdi. Sonralar mən dəfələrlə onun Bakıda və Moskvada təşkil edilən konsertlərində iştirak etdim. Biz tez-tez görüşürdük. u1040 Amma tale elə gətirdi ki, sonradan yollarımız ayrıldı. Məşhur ədəbiyyat və incəsənət xadimi, şair, gözəl insan Səməd Yusif oğlu Vəkilov idmana çox bağlı insan olub. Heç təsəvvür etməzsiniz, Səməd Vurğun futbolu hər şeydən çox sevirdi. 
Yaxşı yadımdadır, bir dəfə Moskvada "Dinamo” komandasının soyunub-geyinmə otağında xalqımızın böyük şairi Səməd Vurğunu və rus yazıçısı Konstantin Simonovu gördüm. Sonradan eşitdim ki, məşhur bəstəkar Qara Qarayev də onların arasında imiş. 1949-cu ildə Bakının "Neftçi” klubu ilk dəfə SSRİ birinciliyində yüksək liqada iştirak edirdi. Səməd Vurğun, demək olar ki, "Neftçi”nin bütün oyunlarına tamaşa edirdi. O, həmkarı İmran Qasımov və bəstəkar Qara Qarayevlə birgə tribunadan "Neftçi”nin matçlarını izləyirdi. Məşhur insanların tribunadan matçı izləməsi gənc futbolçuları ruhlandırırdı. Heç yadımdan çıxmır, bir neçə oyun idi ki, dalbadal qol vura bilmirdim. Razin stadionunda "Lokomotiv”lə görüşdə mən rəqib qapısına top vurdum. Səməd Vurğun sevincindən başından şlyapasını çıxararaq tribunaya tulladı. Tamaşaçılardan biri cəld tərpənərək şlyapanı göydə tutdu. Bu hadisəni Səməd Vurğunun yaxın dostu İmran Qasımov da görmüşdü. Səməd Vurğun məşhur sovet yazıçıları Konstantin Simonov və Aleksandr Fadeyevlə möhkəm dost idilər. Bir vaxtlar Fadeyev SSRİ Yazıçılar İttifaqının sədri, Səməd Vurğun isə katib işləyirdi. 1954-cü il oktyabrın 10-u idi. Hava çox soyuq və küləkli idi. "Dinamo” sonuncu ev oyununu keçirirdi. Nəticənin necə olmasından asılı olmayaraq, komanda çempion titulunu özünə təmin etmişdi. Komandamız Minskin eyniadlı klubu ilə oynayırdı. Səməd Vurğun, Kostantin Simonov və Fadeyev tribunadan bizə azarkeşlik edirdilər. İndi hərdən gözlərimi yumub bu dahi insanları "Dinamo” stadionundakı lojada təsəvvür edirəm. İntellegent, səliqəli geyinmiş və təmkinliliyi ilə seçilən Simonovu xatırlayıram. Əsəbiləşəndə sevdiyi "Belomor” siqaretindən tez-tələsik qullab vurur və həyəcandan yerində atılıb-düşən dostlarını lağa qoyurdu. Fadeyev oyunu hirslə, qəzəblə seyr edirdi. Hisslərini, həyəcanını biruzə vermək istəmir, baş verənləri içində həll etməyə çalışırdı. Yalnız Səməd Vurğun cənublulara məxsus çılğınlıqla matçı izləyirdi. O atılıb-düşür, əl-qolunu oynadır, meydançada baş verənlərə emosiyasını gizlətmirdi. "Dinamo”nun qapısı ağzında təhlükəli vəziyyət yarananda Səməd Vurğun hirsindən qaralır, özünə yer tapa bilmir və dodağının altında nəsə deyir, əksinə, komandamız hücuma keçəndə o, sevincdən yerindən qalxır, bərkdən qışqıraraq komandanı dəstəkləyirdi. Bu cür məşhur insanların, sənət adamlarının özlərini kiçik uşaq kimi aparmalarına kənardan baxmaq bir ayrı mənzərə idi. Həmin gün matçdan sonra Səməd Vurğun dostları ilə tribunanın altındakı u1086 otağa gəlmişdi. Burada o, məni axtarıb tapdı və öz dostları ilə tanış etdi. Sonra onların üçü də mənim xahişimlə soyunub-geyinmə otağına gəldilər və komandanı qələbə münasibəti ilə təbrik etdilər. Burada Lev Yaşin, Sergey Salnikov, Sergey Beskovla səmimi söhbət etdilər. Onlar qələbəmizə uşaq kimi sevinirdilər. Səməd Vurğun hər dəfə Moskvada olanda bizim matçları mütləq izləyirdi. Bir hadisəni də danışım. "Dinamo” komandası 1955-ci ilin sentyabr ayında İtaliyada "Milan”la qarşılaşmalı idi. Reportajı Vadim Sinyavski aparırdı. Həmin gün dörd qolun dördünü də mən vurmuşdum. Səməd Vurğun dostu İmran Qasımovun ev balkonunda oturub matçı izləyirmiş. Şair radioqəbulediciyə möhkəm səs veribmiş. Küçədən keçənlər balkonda reportaja həyəcanla qulaq asan Səməd Vurğunun səsini eşidərək istər-istəməz ayaq saxlamağa məcbur olublar. Səməd həmin matçdan xatirə olaraq mənə suvenir hədiyyə etmişdi. Həmin hədiyyə indi Səməd Vurğunun ev-muzeyində saxlanılır.



Məşhur "Şair, nə tez qocaldın sən?” şeirinin yaranma tarixçəsi məhz futbolla bağlıdır

Böyük şair futbolun vurğunu idi. Nə qədər qəribə olsa da, onun məşhur "Şair, nə tez qocaldın sən?” şeirinin yaranma tarixçəsi məhz futbolla bağlıdır. 1955-ci il iyunun 18-də "Dinamo” və "Spartak” komandalarının görüşü keçirilirdi. Bu, birinci dövrənin son oyunu idi. Biz öz meydançamızda rəqibə böyük hesabla (1:4) məğlub olduq. Səməd Vurğun komandanın məğlubiyyəti ilə barışmır, hirsindən nə edəcəyini bilmirdi. Fikirli-fikirli caamatın arası ilə stadionunun çıxış qapısına yollanan Səmədin "bıçaq vursan, qanı çıxmazdı”. "Moskva” mehmanxanasına tərəf istiqamət götürən taksi sürücüsü qaza bərk basanda şair ona yavaşca: "Sən tələsmə, mən heç yerə tələsmirəm. Mənim tələsən vaxtım çoxdan keçib” deyib. İmran Qasımov mehmanxanaya gələn dostuna bir yerdə vaxt keçirməyi təklif etsə də, Səməd imtina edib və tək qalmaq istəyib. Şair məşhur "Şair, nə tez qocaldın sən” şeirini məhz həmin oyundan sonra qələmə alıb:


…Nemətsə də gözəl şeir,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!...


«Müslüm peşəkar müğənni olmaqla bərabər, həm də böyük insan idi»

Azərbaycan xalqının fəxri, məşhur musiqiçi Müslüm Maqomayev də mənim yaxın dostlarımdan idi. Çox gözəl xatırlayıram, 1965-ci ildə "Neftçi” komandası Odessada oynayırdı. Burada futbol təqviminə görə, komandamız "Çernomorets”lə oynamalı idi. "Neftçi”nin oyunçuları Jemçujina mehmanxanasında qalırdılar. Sonra eşitdik ki, Müslüm Maqomayev və İvan Pereverzev burada nömrə alıblar. Müslüm Maqomayev bizimlə görüşdü və məni şəxsən öz konsertinə dəvət etdi. Mən də öz növbəmdə sabah keçiriləcək oyunda birinci zərbəni məhz onun vurmasını xahiş etdim. Bu barədə komandanın məşqçisinə desəm də, o, bunu yaxşı qarşılmadı və etiraz etdi. Biz həmin matçda uduzduq. Həmyerlimizin konserti "Zelyonıy teatr”da açıq havada keçirilirdi. Müslüm məşhur musiqiçi, peşəkar müğənni olmaqla bərabər, həm də böyük insan idi. Konsertdən sonra bizim pərdəarxası görüşümüz oldu. Müslüm müəllim bizi şam yeməyinə dəvət etdi. Biz gecə keçənə qədər oturduq və xeyli söhbət etdik. Söhbətimizin əsas mövzusu təbii ki, futbol idi.


P.S.
Təəssüf ki, daha onun haqqında «futbolumuzun canlı əfsanəsi» sözlərini deyə bilməyəcəyik. Təəssüf ki, Ələkbər müəllimin ürəyi yaşayıb yaratmaq eşqi ilə bir daha döyünməyəcək. Maraqlı, duzlu söhbətləri, rəngarəng və təkrarolunmayan xatirələri ilə əbədiyyətə qovuşdu Ələkbər müəllim. Bu il may ayının 9-da 84-cü baharını qeyd edən məşhur futbolçu avqustun-1-də yaşadığı mənzilində dünyasını dəyişdi. Ələkbər Məmmədov sağlığında "Olimpiya dünyası” qəzeti və "Olimpə doğru” jurnalının redaksiyasında tez-tez qonaq olurdu. Bu dəfə də "Olimpə doğru” jurnalının növbət sayında onun haqqında yazı dərc ediləcəkdi. Rəhmətlik hər dəfə məni görəndə məqalənin nə vaxt işıq üzü görəcəyini soruşurdu. Çox təəssüf ki, bu məqaləni oxumaq ona qismət olmadı. Bağışla bizi, Ələkbər müəllim! Ruhun şad olsun!




Səadət Hakıyeva












Bu yazı

8301 dəfə oxunub

Tarix

2014-12-24 15:15:04

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook