Boks üzrə ölkə çempionatı başa çatıb



Şağan Olimpiya Kompleksində böyüklər arasında boks üzrə ölkə çempionatına yekun vurulub.
49 kq çəki dərəcəsində Salman Əlizadə ölkə çempionu adına layiq görülüb. İdmançımız finalda Avropa çempionu Hacıbaba Fərziyevi məğlub edib.
Gənclər arasında dünya birinciliyinin qalibi Məsud Yusifzadə isə 52 kq çəki dərəcəsində birinci yeri tutub. "Rabitə” klubunun üzvü həlledici görüşdə Azərbaycan kubokunun qalibi Araz İmaməliyevi üstələyib.
İlk dəfə böyüklər arasında yarışda iştirak edən Tayfur Əliyevi (56 kq) Azərbaycan çempionatının tapıntısı hesab etmək olar. 17 yaşlı boksçu çempionatın finalında da inamlı təsir bağışlayaraq uzun illər seçmə komandamızın kapitanı olmuş Rəhim Nəcəfovu məğlub edib. Təmsilçimiz Elvin İsayev (60 kq) öz çəki dərəcəsində hamıdan güclü olduğunu bir daha sübuta yetirib. "Gilan” klubunun üzvü Gəncə boksçusu Vüsal Verdiyev üzərində qələbə qazanıb. 64 kq çəki dərəcəsində Elnur Əliyev birinci, Xəzər Əliyev isə ikinci nəticə göstəriblər.
Elvin Quliyev (69 kq) isə mübarizəsiz qalib adını qazanıb. Onun rəqibi Roman Zakirov zədələndiyi üçün rinqə çıxa bilməyib. Haybulla Musalov ilə (75 kq) Kamran Şahsuvarlının görüşü azarkeşlər arasında böyük maraq doğurub. "Gilan” klubunu təmsil edən H.Musalov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
80 kq çəki dərəcəsində prinsipial rəqiblər Rauf Rəhimov və Vətən Hüseynli qarşılaşması birincinin qələbəsi ilə başa çatıb.
Avropa çempionu, London-2012 Olimpiadasının bürünc mükafatçısı Teymur Məmmədov (91 kq) öz çəkisində 1-ci olduğunu bir daha sübut edib. Teymur Milli komandamızın üzvü Rahil Məmmədlidən güclü olub. Superağır çəki dərəcəsində isə Asəf Aslanlı zədələndiyi üçün qələbə Kamran Mehdiyevə verilib.
Beləliklə, ümumi komanda hesabında "Rabitə” birinci, "Gilan” ikinci, "Neftçi” isə üçüncü yeri tutub.






Bu yazı

7722 dəfə oxunub

Tarix

2015-01-14 12:59:40

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev