“Məqsədimiz odur ki, doğma divarlar arasında ölkəmizin bayrağı qalxsın, himnimiz səsləndirilsin”



Bu gün Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınıb. Respublikamızda idmanın yüksək sürətli inkişafı ölkəmizdə bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir.
Məhz bu qayğı sayəsində təmsilçilərimiz yaradılan şəraitdən maksimum səviyyədə yararlanıb, ən mötəbər yarışlarda ölkəmizin idman şərəfini layiqincə qoruyurlar. Hazırda paytaxt və bölgələrdə fəaliyyət göstərən komplekslərdə, klublarda, yüzlərlə, minlərlə yeniyetmə və gənc idmanın müxtəlif növlərinin sirlərinə yiyələnir. Məhz bu perspektivli gənclər sabahın Avropa, dünya və Olimpiya çempionlarıdırlar. Sevindirici haldır ki, bu gün ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinə də yüksək diqqət və qayğı var. Təmsilçilərimiz müxtəlif yarışlarda peşəkar səviyyədə çıxış edərək ölkəmizi layiqincə təmsil edirlər. Bu yarışlardan ən mötəbəri gələn il pataxtımızda ilk dəfə keçiriləcək I Avropa Oyunları olacaq. Qeyd edək ki, yarışın proqramına ölkəmizdə böyük populyarlığa malik olan sambo idman növü də daxil edilib. Hazırda sambo üzrə yığma komandamızın üzvləri komandanın baş məşqçisi Yaqub Abdullayevin rəhbərliyi altında Avropa Oyunlarına hazırlaşırlar. Bugünlərdə Yaqub müəllimlə görüşərək komandanın Avropa Oyunlarına hazırlığı ilə bağlı ətraflı məlumat aldıq. Məşqçi qeyd etdi ki, Azərbaycanda uzun illik inkişaf tarixinə malik sambonun Bakı-2015 Avropa Oyunlarının proqramına salınmasını ölkəmizdə bu növün inkişafına daha da böyük təkan vermiş olacaq. "Sambo Azərbaycanda uzun illik inkişaf tarixinə malikdir. Bu növdə kifayət qədər güclü və perspektivli idmançılarımız var. Təmsilçilərimiz indiyədək keçirilən beynəlxalq səviyyəli yarışlarda, Avropa və dünya çempionatlarında öz sözlərini deyiblər. Sambonun Avropa Oyunlarnın proqramına salınması Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinə də göstərilən diqqət və qayğının təzahürüdür.
Avropa Oyunlarının proqramında sambo idman növü üzrə yarışların təşkili idmançılarımıza təcrübə qazandıracaq, bu növün ölkəmizdə inkişafı və təbliğinə daha da böyük təkan verəcək. İnanıram ki, Avropa Oyunları ölkəmizdə ən yüksək səviyyədə təşkil olunacaq. Ümid edirəm ki, samboçularımız uğurlu çıxışları ilə sambo azarkeşlərinin etimadını doğruldacaqlar”, - deyə o bildirdi.
Yaqub müəllim komandanın Avropa Oyunlarına hazırlığından da söz açdı. O qeyd etdi ki, yarışda təcrübəli idmançılarımızla yanaşı, perspektivli gənc idmançılarımız da qüvvələrini sınayacaqlar. "Birinci Avropa Oyunlarında sambo üzrə yarışlar 8 çəki dərəcəsi üzrə keçiriləcək. Qadın samboçular 52 kq, 60 kq, 64 kq, 68 kq, kişi samboçular isə 57 kq, 74 kq, 90 kq, +100 kq çəki dərəcələrində qüvvələrini sınayacaqlar. Yığma komandamızın heyətində müxtəlif çəkilərdə güclü idmançılarımız var. 57 kq çəki dərəcəsində çıxış edəcək dünya və Avropa çempionumuz İslam Qasımov dünyada reytinq balı ən yüksək olan idmançıdır. O, Avropa Oyunlarında ölkəmizi təmsil etməyə layiq ən real namizədlərdəndir. 74 kq çəki dərəcəsində mübarizə aparacaq Amil Qasımov 2014-cü ildə Rumıniyanın paytaxtı Buxarest şəhərində Avropa çempionu adını qazanıb. Gəncə sambo məktəbinin yetirməsi Amildən bütün dünyada ciddi rəqib kimi çəkinirlər. O, dünya reytinqində birinci yerdədədir. Xatırladım ki, qitə çempionatında idmançımız rəqiblərinə tam üstünlüklə qalib gəlmişdi. O, keçən il Yaponiyanın Narita şəhərində keçirilən dünya çempionatında da bütün rəqiblərini üstələyərək qızıl medala layiq görüldü.
Amilin Avropa Oyunlarında ölkəmizi layiqincə təmsil edəcəyinə inanıram. Digər iki çəkidə də yüksək potensiala malik namizəd idmançılarımız var. Qadınlar arasında da komandamız tam heyətlə, yəni 4 çəki dərəcəsində təmsil olunacaq. Əsas məqsədimiz doğma divarlar arasında ölkəmizin bayrağını ucaltmaq, himnimizi səsləndirməkdir. Digər idmançıların seçimi ilə bağlı son qərar Azərbaycan çempionatı və yoxlama yarışlarından sonra veriləcək. Çox istərdik ki, Avropa Oyunlarında hər bir çəkidə samboçularımız medal qazansınlar”, - deyə Yaqub müəllim əlavə etdi.
Məşqçinin sözlərinə görə, komandanın Avropa Oyunlarına hazırlığı məqsədilə qarşıda idmançılarımızı seçim və yoxlama yarışları gözləyir: "Samboçularımızın Avropa Oyunlarına və qarşıdakı yarışlara hazırlığı davam edir. Ölkə çempionatından sonra yığma komandanın yeni heyəti müəyyənləşəcək. Daha sonra samboçularımız yanvar və fevral ayında keçiriləcək Dünya kubokunun mərhələ yarışlarında qüvvələrini sınayacaqlar. Mərhələ yarışlarında idmançılarımızı bir daha sınaqdan keçirəcəyik. Mart ayında komandamız sambo idman növünün banilərindən olan Anatoli Arkadyeviç Xarlampiyevin xatirəsinə həsr olunmuş Dünya kuboku yarışında çıxış edəcək. Bu yarış da idmançılarımız üçün yoxlama xarakteri daşıyacaq. Ölkə çempionatından sonra təlim-məşqlərin harada keçiriləcəyi federasiya rəhbərliyi tərəfindən müəyyənləşdiriləcək”.
Yaqub müəllim Azərbaycan Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Sambo Federasiyasının rəhbərliyi tərəfindən idmançıların Avropa Oyunlarına hazırlığı, təlim-məşqlərdə və yarışlarda iştirakı üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırdı: "Ölkəmizdə sambo yüksək səviyyədə inkişaf etdirilir. Hər bir yaş qrupu üzrə Azərbaycan çempionatı, Bakı şəhər çempionatı və rayon birincilikləri keçirilir. Sambo idman növü hər bir regionda tədris olunur. Bölgələrimizdə titullu idmançılarımız yetişiblər. Masallı, Gəncə, Siyəzən, Dəvəçi, Mingəçevir, Yevlax, Sumqayıt şəhərinin idmançıları Azərbaycan birinciliyində qələbələr qazanır, mükafatlar əldə edirlər. Qeyd edim ki, uğur qazanan samboçularımız da dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunur, onların mənzil-məişət problemləri həll olunur. Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov komandanın Avropa Oyunlarına hazırlığına şəxsən nəzarət edir, idmançılarımızın yarışlara yüksək səviyyədə hazırlaşmaları üçün lazımi köməkliyi göstərir. Hazırda samboçularımızın məşq etməsi üçün hər bir şəraitə malik, geniş idman zalımız var. Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən komandanın yarışlarda iştirakı təmin olunur.
Məşqçi samboçularımızın Avropa Oyunlarındakı əsas rəqiblərindən də söz açdı: "Yarışda iştirak edəcək hər bir ölkə təmsilçisi bizim üçün ciddi rəqiblər sırasındadır. Onlar bu yarışa böyük məsuliyyətlə hazırlaşırlar. Məncə, qələbə kimin hansı səviyyədə hazırlıqlı olmasından asılı olacaq. İdmançılarımızın əsas rəqibləri Rusiya, Gürcüstan, Belarus, Ukrayna, Bolqarıstan komandalarının idmançıları olacaq. Bu ölkələrin təmsilçiləri dünya reytinqində ilk pillələrdə qərarlaşırlar”.
Sambo üzrə yığma komandamızın Avropa Oyunlarında uğurla çıxış edəcəyinə böyük ümidlər bəslənilir. Noyabrda Yaponiyada keçirilmiş dünya çempionatında komandanın uğurlu çıxışı da bunu deməyə əsas verir. Belə ki, ilin son yarışında təmsilçilərimiz bir dəst medal-1 qızıl, 1 gümüş, 1 bürünc medala layiq görülüblər. Avropa Oyunlarında əsas medal ümidlərimizdən olan Amil Qasımov (74 kq) qızıl, Ağasif Səmədov (52 kq) gümüş, Emil Həsənov (68 kq) bürünc medal qazanıb. Komandamız 81 ölkə arasında 4-cü pillədə qərarlaşıb. Millimiz Avropa ölkələri arasında 3-cü, İslam ölkələri arasında isə 1-ci pillədə qərarlaşıb. Ümumilikdə 2014-cü ildə samboçularımızın qazandıqları nailiyyətləri uğurlu hesab etmək olar. Bu il keçirilən Avropa və dünya çempionatları, Dünya kubokunun mərhələ yarışlarında təmsilçilərimiz 21 medal qazanıblar. Onlardan 3-ü qızıl, 8-i gümüş, 10-u isə bürünc medaldır.



Sambo güləşinin ölkəmizdəki inkişaf tarixindən

Azərbaycanda sambo güləşinin təşəkkül tapması 1938-ci ilə təsadüf edir. Ölkəmizdə bu növün təməli əməkdar məşqçi, ümumittifaq dərəcəli hakim İsmayıl Əhmədov (1909-1985) tərəfindən qoyulub.
1938-ci ildə Moskvada sambonun banilərindən olan Anatoli Arkadyeviç Xarlampiyevin rəhbərliyi ilə bu növün yaradılması ilə bağlı keçirilən ümumittifaq toplanışında Azərbaycanı ilk dəfə İsmayıl Əhmədov təmsil edib. Toplanışdan qayıtdıqdan sonra o, hərbi sahədəki fəaliyyəti ilə əlaqədar əsgərlərə döyüş və güləş sambosunun sirlərini öyrətməyə başlayıb.
İsmayıl Əhmədov Şəki, Gəncə və Sumqayıtda sambonun inkişafında xüsusi rol oynayıb, 1938-1967-ci illərdə yığma komandanın rəsmi beynəlxalq yarışlara hazırlığını təmin edib. Onun rəhbərliyi altında Fərhad Həyatzadə, İdris Bağırov, Zakir Nəsirov, Sabir Hüseynov kimi o dövrün adlı-sanlı pəhləvanları yetişiblər.

Ölkəmizin sambo tarixində ilk ümumittifaq yarışı 1938-ci ildə keçirilib. "Beş şəhərin matçı” adlanan yarışda Bakı ilə yanaşı, Moskva, Leninqrad (Sankt-Peterburq), Kiyev və Saratov şəhərlərini təmsil edən 5 komandadan idmançılar 6 çəki dərəcəsində mübarizə aparıblar. Bu turnirdə sambo güləşinin banilərindən olan A.Xarlampiyev, eləcə də Y.Çumakov, A.Konstantinov kimi tanınmış idman ustaları öz güclərini sınayıblar. Həmin yarışda həmyerlimiz Baba Süleymanov 66 kq çəki dərəcəsində bürünc medala layiq görülüb.
1954-cü ilin mart ayında Y.M.Çumakovun rəhbərliyi ilə Bakıda xüsusi hazırlıq seminarı və Azərbaycan çempionatı keçirilib. Sabir Hüseynov, Alkivaid Pavlidi, Muxtar Dadaşov, İslam Hümbətov ilk dəfə Azərbaycan çempionu adını qazanıblar.
1954-cü il aprelin 3-8-də Xarkov şəhərində keçirilən SSRİ çempionatında samboçularımız Sabir Hüseynov və Alkivaid Pavlidi də iştirak ediblər.
Azərbaycanda sambonun inkişafında müstəsna xidmətləri olan Sabir Hüseynov 1954-cü ildə keçirilən SSRİ çempionatında 60 kq çəki dərəcəsində iştirak edərək, gümüş medal qazanıb. Bu, 60-cı illərədək respublikamız üçün ən yüksək nəticə olub. Sabir Hüseynov 1967-1992-ci illərdə yığma komandanın baş məşqçisi olub, yüksək dərəcəli idmançıların hazırlanmasına böyük əmək sərf edib. O, 1962-ci ildə əməkdar məşqçi, ümumittifaq dərəcəli hakim, 1984-cü ildə isə əməkdar bədən tərbiyəsi və idman işçisi fəxri adına layiq görülüb.
1959-cu ildən etibarən sambo üzrə Azərbaycan çempionatları rəsmi şəkildə ardıcıl olaraq keçirilir.
Respublikamızda sambo güləşinin inkişafında 1993-2003-cü illərdə milli komandanın baş məşqçisi olmuş Əbülfəz Əliyevin də əvəzedilməz xidmətləri var. O, 1975-ci ildə Ağdamda ilk sambo dərnəyini açıb. Onun təşəbbüsü ilə 1984-cü ildə ölkəmizdə ilk dəfə olaraq İxtisaslaşdırılmış Sambo Məktəbi açılıb. Ağdamda fəaliyyət göstərən məktəbə Fərhad Ocaqverdiyev rəhbərlik edib. Bu günədək idman ocağının 30-dan çox yetirməsi idman ustası adına layiq görülüb. Samboçularımız İntiqam Əzizov, Bəxtiyar Hacıyev, Vüqar Məmmədov və Səhriman Ağayev beynəlxalq dərəcəli idman ustası, Ceyhun Məmmədov isə Əməkdar idman ustası adına layiq görülüblər.
Əbülfəz Əliyev ölkəmizdə sambo üzrə (1991-ci il) SSRİ-nin Əmədar məşqçisi adını almış yeganə məşqçidir. O, 1985-ci ildə Azərbaycan Respublikasının Əməkdar məşqçisi, 1993-cü ildə isə beynəlxalq ekstra dərəcəli hakim adına layiq görülüb.
Dünyada ən güclü məşqçilərdən olan Əbülfəz Əliyev XX əsrin ən güclü samboçusu, dünya rekordçusu, Əməkdar idman ustası Ceyhun Məmmədovun şəxsi məşqçisi olub. Əbülfəz Əliyevin bir sıra titullu idmançıların və məşqçilərin yetişməsində, samboçuların beynəlxalq yarışlarda uğurlar qazanmasında böyük rolu olub.

O, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında göstərdiyi xidmətlərinə görə 1991-ci ildə Əməkdar Bədən Tərbiyəsi və İdman İşçisi fəxri adına layiq görülüb. 2004-2012-ci illərdə milli komandanın baş məşqçisi olmuş Əməkdar məşqçi, beynəlxalq ekstra dərəcəli hakim Mübariz İbrahimovun komandamızın beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanmasında müstəsna əməyi olub. Onun məşqçiliyi dövründə yetirmələri İntiqam Əzizov, Vüqar Məmmədov, Səhliman Ağayev, Bəxtiyar Hacıyev beynəlxalq dərəcəli idman ustası adına layiq görülüblər, onlarla idmançı idman ustası normasını yerinə yetirib. İstər keçmiş sovet dövründə, istərsə də müstəqillik dövründə müxtəlif beynəlxalq yarışlarda çempion olmuş tanınmış samboçularımız var. Yeniyetmələr arasında ilk qızıl medalı Leninqrad (Sankt-Peterburq) şəhərində 1966-cı ildə keçirilmiş SSRİ birinciliyində 52 kq çəki dərəcəsində Kamal Qasımov qazanıb.
1978-ci ildə Moldovanın paytaxtı Kişiniyov şəhərində keçirilən yeniyetmələrin SSRİ birinciliyində Sumqayıt sambo məktəbinin yetirməsi Akif Qədimov 60 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Gənclər arasında SSRİ birinciliyinin ilk qızıl medalını ölkəmizə 1979-cu ildə Sumqayıt sambo məktəbinin yetirməsi Fərhad Ağayev (57 kq) qazandırıb.

1982-ci ildə Fransada yeniyetmələr arasında keçirilən dünya birinciliyində ilk qızıl medala Sumqayıt samboçusu Faiq Ağayev (52 kq) layiq görülüb. O, 1982-ci ildə yeniyetmələr arasında SSRİ birinciliyinin də qalibi olub. Ağdam sambo məktəbinin yetirməsi Ceyhun Məmmədov (48 kq) 1987-ci ildə gənclər arasında ilk dünya birinciliyinin (Milan) və SSRİ Xalqlarının IX Spartakiadasının (Minsk) qalibi olub. Ceyhun Məmmədov SSRİ-nin və Azərbaycan Respublikasının əməkdar idman ustası, 7 qat dünya, 6 qat Avropa, 3 qat SSRİ, 2 qat SSRİ Xalqları Spartakiadasının çempionu, dünya və SSRİ kubokunun 2 qat qalibidir. "Tərəqqi” medalı, "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adı və "Şöhrət” ordeni ilə təltif olunub. Ceyhun Məmmədov 2013-cü ilin noyabr ayında Beynəlxalq Sambo Federasiyası tərəfindən XX əsrin ən güclü idmançısı adına layiq görülüb və ona qızıl medal verilib.
Beynəlxalq dərəcəli idman ustası, Dəvəçi sambo məktəbinin idmançısı Müşfiq Cəfərov 1991-ci ildə SSRİ çempionu (52 kq) və SSRİ Xalqlarının X Spartakiadasının çempionu olub.
Qadınlar arasında ən yüksək nailiyyəti 1990-ci ildə SSRİ birinciliyinin qalibi (56 kq), 1991-ci ildə SSRİ çempionu (60 kq) və SSRİ Xalqlarının X Spartakiadasının çempionu, 5 qat dünya, 3 qat Avropa çempionu, beynəlxalq dərəcəli idman ustası Zülfiyyə Hüseynova qazanıb. Tanınmış samboçularımızdan ikiqat Avropa və dünya çempionu Mövlud Mirəliyev, Avropa və dünya çempionu Şahmuraz Qasımov, ikiqat dünya çempionu və Dünya kubokunun qalibi Hakim Nəzərəliyev, dünya çempionu və dünya kubokunun qalibi Elçin Mayilov, Avropa və dünya çempionu İslam Qasımov, ikiqat Avropa çempionu Qalib Hümbətov, Dünya kubokunun qalibi Səhriman Ağayev, Avropa çempionları Elşən Poladov, İntiqam Əzizov, Azər Cəfərov, Tərlan Poladov, Elşən Rəşidov, Tərlan Kərimov, Amil Qasımov, SSRİ çempionu və dəfələrlə dünya və qitə çempionatlarının mükafatçısı Müşfiq Cəfərov kimi idmançılarımız yüksək uğurlar qazanaraq, ölkəmizin idman şərəfini beynəlxalq arenalarda layiqincə qoruyublar.
Sambo üzrə yığma komandanın rəsmi beynəlxalq yarışlara hazırlığında, qazanılan uğurlarda, həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Güləş növlərinin nəzəriyyəsi və metodikası kafedrasının dosentləri, əməkdar məşqçilər və beynəlxalq dərəcəli hakimlər Firdovsi Tağıyev, (1978-2008-ci illər), Yaqub Abdullayev (1995-ci ildən etibarən), Fərhad Ocaqverdiyevin (2004-cü ildən etibarən) də böyük əməyi vardır. 2003-2013-cü illərdə respublikamızda yüksək dərəcəli hakimlərin hazırlanmasında, seminarların keçirilməsində hakimlər kollegiyasının sədri, əməkdar məşqçi Ramil Mahmudovun xidmətləri böyükdür.
Bu növün inkişafında Bakı, Sumqayıt, Gəncə, Ağdam, Dəvəçi, Siyəzən, Mingəçevir, Masallı sambo məktəbləri xüsusi fəallıqları ilə seçilirlər.
Azərbaycan Sambo Federasiyası 1973-cü ildə yaradılıb.
2003-cü ildən Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovdur. O, Beynəlxalq və Avropa Sambo Federasiyasının İcraiyyə Komitəsinin üzvüdür. Federasiya 1993-cü ildən Beynəlxalq Həvəskar Sambo Federasiyası (FİAS) və Avropa Sambo Federasiyasının (FES) həqiqi üzvüdür.
Hazırda sambo idman növünün respublikamızda coğrafi ərazisi daha da genişləndirilib. Bu idman növü ölkəmizin bütün regionlarında inkişaf etdirilir. Ümumilikdə ölkəmizdə 5000-dən çox yeniyetmə və gənc sambo idman növü ilə məşğul olur.
Aysel Sultanova







Bu yazı

66192 dəfə oxunub

Tarix

2015-01-14 15:06:10

Yazını

Çap et

Yazını

Paylaş