Ölkə çempionu ilə görüş keçirilib



Naxçıvan Dövlət Universitetində (NDU) buyaxınlarda boks üzrə böyüklər arasında keçirilən Azərbaycan çempionatının qalibi Tayfur Əliyev və universiteti təmsil edən digər idmançılarla görüş keçirilib.
Görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkədə idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, muxtar respublikada idmanın ən müxtəlif növlərinin inkişafı məqsədilə yaradılan maddi-texniki baza, gənclərin fiziki hazırlığı, hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində görülən işlər bu bölgədə idmanın daha geniş vüsət alması ilə nəticələnib. Xüsusi vurğulanıb ki, Naxçıvan Dövlət Universitetinin tələbələri də idmanın bir çox növündə uğurlar əldə ediblər. Saleh Məhərrəmov tələbə boksçuları təbrik edərək, bu nəticənin idmançı tələbələrə stimul verəcəyini, onların daha böyük qələbələrə ruhlanmasına səbəb olacağını deyib.
Universitetin müəllimi, boks üzrə idman ustası, Azərbaycan çempionu Tayfur Əliyevin məşqçisi Valeh Əlixanov çempionat haqqında məlumat verərək bildirib ki, ilk dəfə böyüklər arasında yarışda iştirak edən yetirməsi Tayfur Azərbaycan çempionatının tapıntısı kimi qiymətləndirilib. "17 yaşlı boksçu 4 döyüşü tam üstünlüklə başa vurdu, yarışlardan birini isə rəqibini nokauta salmaqla bitirdi. O, finalda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin idman klubunun boksçusu, uzun illər seçmə komandamızın kapitanı olmuş Rəhim Nəcəfovu məğlub etdi. Tayfur Əliyev çempionatda ən yüksək texnikalı boksçu üçün təsis olunmuş "Qızıl əlcək” mükafatının da sahibi oldu. Qeyd edim ki, Tayfur Əliyev bu il Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak etmək hüququ qazanıb. İnanırıq ki, o, vətənimizi, təhsil aldığı universiteti layiqincə təmsil edəcək”, - deyə məşqçi bildirib.
Çempionatda iştirak edən digər naxçıvanlı tələbələr - Sənan Quliyev, Yunis Allahverdiyev, Arif Bayramov, Zəfər Ağamalıyev də turnirin 1/4 finalına gədər irəlləyiblər.
Fiziki tərbiyə və idman oyunları kafedrasının dosenti, "Tələbə” İdman Klubunun sədri Məmmədəli Rəhimov universitetin idman uğurlarına nəzər salaraq xatırladıb ki, futbol, qızlardan ibarər badminton komandaları müxtəlif vaxtlarda Azərbaycan çempionu olublar, tələbə idmançılarımız beynəlxalq yarışlarda, hətta dünya universiadasında da uğurlu nəticələr göstəriblər. Tədbirdə qeyd olunub ki, universitetin atletika, şahmat, voleybol, cüdo, sərbəst güləş komandaları Naxçıvan Muxtar Respublika birinciliyində müvəffəqiyyətlə çıxış edərək muxtar respublika çempionu adını qazanıblar. Boks üzrə Azərbaycan çempionu Tayfur Əliyev qələbə sevincini görüş iştirakçıları ilə bölüşüb, yarışların gərgin mübarizə şəraitində keçdiyini deyib, universitet rəhbərliyinə, məşqçilərinə minnətdarlığını bildirib.
Sonda rektor Saleh Məhərrəmov Tayfur Əliyevi və onun məşqçisi Valeh Əlixanovu pul mükafatı və hədiyyələrlə təltif edib. Çempionatın iştirakçısı olan digər tələbələrə də hədiyyələr təqdim olunub.


Bu yazı

8774 dəfə oxunub

Tarix

2015-01-23 15:54:10

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev