Mingəçevirdə test xarakterli “Prezident kuboku” reqatası keçirildi



Aprelin 3-dən 5-dək Mingəçevirdəki "Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq "Prezident kuboku” reqatası keçirildi. 100-dək avarçəkənin qatıldığı yarışda Azərbaycanı hər 3 növ üzrə 70-dək idmançı təmsil etdi. Onlar Bakı və Mingəçevirdəki "Kür” klubunun yetirmələri, eləcə də müxtəlif yaş qrupları üzrə yığma komandalarımızın üzvləri idilər. Bundan başqa, Gürcüstanın bütün növlərdə 22, Türkiyənin isə kayak və kanoe üzrə 8 təmsilçisi çıxış etdi. Bu reqata I Avropa Oyunları öncəsi test xarakteri daşıdığından, daha çox kayakçı və kanoeçilərin çıxışları diqqət mərkəzində oldu.
Kayakçıların mübarizəsində Mirnazim Cavadov həm 1000 metr, həm 500 metr, həm də 200 metr məsafəyə yürüşdə hamıdan güclü oldu. O, 1000 metr məsafəni 3 dəqiqə 51 saniyəyə qət edərək, ən yaxın rəqibi Tamerlan Mustafayevi 5 saniyə geridə qoydu. 3-cü yeri 4 dəqiqə 1 saniyə nəticə ilə Aleksandr Piçuqin tutdu.
500 metr məsafəyə yürüşdə M. Cavadov 1,49 dəqiqə göstərici ilə finişə hamıdan tez çatdı. T. Mustafayev bu dəfə ondan 3 saniyə, Maksim Minin 7 saniyə geri qaldı.
Mirnazim Cavadov 200 metr məsafəni isə 36 saniyəyə qət etdi. Bu dəfə o, gürcüstanlı Badri Kavelaşvilini 1 saniyə, Mustafayevi 2,61 saniyə geridə qoydu.
Kanoeçilərin 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşündə Taras Matviyçuk 4 dəqiqə 12 saniyə nəticə ilə qalib oldu. Aleksey Kupin ondan 8, Sergey Bezuqlı isə 19 saniyə geri qaldı.
500 metr məsafəyə yürüşdə Kupin 1,53 dəqiqə nəticə ilə qızıl medallara layiq görüldü. Bezuqlıy ondan 1, Matviyçuk 2 saniyə geri qalmaqla, növbəti pillələri tutdular.
200 metr məsafəyə yürüşdə isə Valen
tin Demyanenko finişə 41 saniyəyə çataraq qalib oldu. Gürcüstanlı Zaza Nadiradze 42,58 saniyə nəticə ilə ikinci, Bezuqlıy isə 42,90 saniyə göstərici ilə üçüncü yerə layiq görüldülər.
Akademik avarçəkənlərin 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşündə Aleksandr Aleksandrov 6,56 dəqiqəyə finişə çataraq, qalib oldu. Boris Yotov ondan 3, Cavid Əfəndiyev isə 9 saniyə geri qaldı.

Yarışda böyüklərlə yanaşı, gənclər də öz qüvvələrini sınadılar. Qonaq komandalar əvvəlki illərlə müqayisədə, bu dəfə daha inamlı təsir bağışladılar. Gürcüstanın həm 2000-2002, həm 1997-1999, həm də 23 yaşınadək və yuxarı yaş qrupları üzrə avarçəkənləri üst-üstə 5 qızıl, 7 gümüş, 4 bürünc medala sahib oldular. Türkiyə kayakçıları reqatanı 6 qızıl, 3 gümüş medalla başa vurdular. Azərbaycan təmsilçilərinə gəldikdə, mingəçevirli avarçəkənlər 11 qızıl, 14 gümüş, 17 bürünc, bakılı avarçəkənlər isə 4 qızıl, 3 gümüş, 3 bürünc medala yiyələndilər. Paytaxt təmsilçilərindən Vlad Nakoneçnı 4 nəfərlik qayıqla həm 1997-1999, həm də 2000-2002-ci il təvəllüdlülərin yarışında mingəçevirli akademik avarçəkənlərlə birgə aktivinə 2 qızıl medal da yazdırdı.
Qeyd edək ki, reqatanı Bakı-2015 Birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC), Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli Avarçəkmə Federasiyasının nümayəndələri də izlədilər. Onlar mükafatlandırma mərasimində də iştirak etdilər. Fərqlənənlərə diplom və medallar təqdim olundu.

"Bu yarışAvropa Oyunlarına hazırlıq baxımından əhəmiyyətli idi”
Beynəlxalq "Prezident kuboku”nda 1 nəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yürüşdə qalib adını qazanan Valentin Demyanenko fikirlərini "Olimpiya dünyası” qəzeti ilə bölüşdü. 32 yaşlı kanoeçi Mingəçevirə ezam olunan əməkdaşımıza açıqlamasında güclü rəqiblərlə mübarizə apardığını bildirdi.
O, rəqibləri arasında gənclər arasında dünya çempionatının gürcüstanlı bürünc mükafatçısı Zaza Nadiradzeni xüsusi qeyd etdi. "Nadiradzedən başqa digərləri də çox ciddi rəqiblər idi. Yəni final yürüşünün səviyyəsi də zəif deyildi. Külək bərabər şərtlər altında hərəkətə maneçilik törədirdi.Amma biz bu çətinliyin öhdəsindən gəldik və hər şey normal alındı”, - deyə o bildirdi.
4 qat dünya və Avropa çempionu hazırda əsas məqsədinin I Avropa Oyunlarında yüksək səviyyədə çıxış etməkdən ibarət olduğunu söylədi. "Bu yarış mənim üçün Avropa Oyunlarına hazırlıq baxımından əhəmiyyətli idi. Çünki hazırda mənim üçün ən vacib yarış məhz bu oyunlardır. Avropa Oyunlarında qələbə, yaxşı nəticələr göstərmək üçün mübarizə aparacağıq. Artıq özümü buna hazır sayıram. Zədə ilə bağlı problemim qalmayıb. Demək olar ki, tam bərpa olunmuşam. Yarışda bütün gücümü ortaya qoyacağam”, - deyə Valentin Demyanenko əlavə etdi.




Bu yazı

19724 dəfə oxunub

Tarix

2015-04-08 15:00:07

Yazını

Çap et

Yazını

Paylaş