Kikboksinq üzrə XXI ölkə çempionatı keçirildi


Aprelin 18-19-da "Sərhədçi” İdman Olimpiya Mərkəzində kikboksinq üzrə XXI Azərbaycan çempionatı keçirildi.
Yarışın təşkilində əsas məqsəd 2015-ci ildə təşkil ediləcək dünya və Avropa çempionatları və müxtəlif turnirlərdə iştirak edəcək milli komandanın yeni heyətini müəyyənləşdirmək idi. Yarışlar iki yaş qrupu üzrə-kişilər və kadetlər (11 yaşa qədər və 11 yaşdan 14 yaşa qədər) arasında təşkil olundu. Lou-kik, ful-kontakt, layt-kontakt, semi-kontakt, kik-layt, K-1 versiyaları üzrə keçirilən yarışda paytaxt və bölgələri təmsil edən klub və cəmiyyətlərdən 400-dən artıq idmançı bacarığını nümayiş etdirdi. Yarışın açılış mərasimində Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti, millət vəkili Adil Əliyev, qurumun vitse-prezidentləri Ramiz Quliyev, Güloğlan Cabbarov, baş katib Rüstəm Rüstəmov, yığma komandanın rəisi Sadıx Bağırov və idman ictimaiyyətinin bir sıra nümayəndələri iştirak edirdilər. Beynəlxalq turnir açıq elan olunduqdan sonra dövlət himni səsləndirildi. Daha sonra çıxış edən AKF prezidenti zala toplaşan bütün qonaqları salamladı. O, ölkəmizdə kikboksinq üzrə növbəti dəfə ölkə çempionatının keçirilməsi münasibəti ilə idmansevərləri təbrik etdi. Ölkəmizdə idman sahəsində əldə olunan uğurları sevindirici hal kimi qiymətləndirən A. Əliyev respublikamızda bu sahəyə göstərilən diqqət və qayğıdan söz açdı. Federasiya prezidenti əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı. Adil Əliyev ölkəmizdə digər idman növləri ilə yanaşı, kikboksinq idman növünə də yüksək səviyyəli dövlət qayğısının göstərildiyini bildirdi.

Federasiya rəhbəri respublikamızda kikboksinqin bundan sonra daha da inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçiriləcəyini dedi: "Kikboksinqin ölkəmizdə təbliği, inkişaf istiqamətində indiyə qədər bir sıra işlər görülüb. Bu növün həm həvəskarlar, həm də peşəkarlar arasında inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm. Sevindirici haldır ki, yeniyetmə və gənclərimiz pis vərdişlərdən uzaqlaşaraq, sağlam həyat tərzinə, idmana üstünlük verirlər. Bu sahədə kütləviliyin əldə olunması gələcək sağlam gənc nəslin formalaşmasına xidmət edir. Biz kikboksinq idman növündə kütləviliyə demək olar ki, nail olmuşuq”. Jurnalistlərə açıqlamasında belə yarışların mütəmadi olaraq keçirildiyini bildirən Adil Əliyev qeyd etdi ki, ölkədaxili yarışlar istedadlı idmançıların üzə çıxarılmasında xüsusi rola malikdir: "Yarışın təşkilində əsas məqsəd idmanın inkişafına dəstək olmaq, idmanın kütləviliyini təmin etmək, gənclərdə vətənpərvərlik hisslərini gücləndirmək, yeniyetmə və gəncləri narkomaniyaya yox deyərək pis vərdişlərdən uzaq durmalarına nail olmaqdır. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən idmanın inkişafına xüsusi diqqət və qayğı göstərilir. Ölkəmizdə aparılan idman siyasətinə dəstək olaraq belə yarışları müntəzəm olaraq keçirməyi planlaşdırırıq”.
Federasiyanın prezidenti həmçinin bu il paytaxtımızın mötəbər idman tədbirinə, tarixdə ilk dəfə keçiriləcək birinci Avropa Oyunlarına ev sahibliyi etməsini qürurlu hadisə kimi dəyərləndirdi. Paytaxtımızın ən mötəbər tədbirlərə ev sahibliyi etməsi istiqamətində yüksək təcrübəyə malik olduğunu xatırladan Adil Əliyev Avropa Oyunlarının da tarixdə ən gözəl idman yarışı kimi qalacağına inandığını dilə gətirdi.
İki gün davam edən döyüşlərin yekununda qaliblər müəyyənləşdi. Gərgin və maraqlı keçən XXI Azərbaycan çempionatında kişilər arasında ümumi hesabda 5 qızıl, 4 gümüş və 3 bürünc medal qazanaraq "Neftçi İK” İB qələbə qazandı.
Yarışdan sonra mütəxəssislər çempionatın təşkili ilə bağlı fikirlərini «Olimpiya dünyası» qəzeti ilə bölüşdülər.

«Ölkə gənclərini pis vərdişərdən kənarlaşdırıb, idmana yönəldə biliriksə, bu bizim böyük uğurumuzdur»

Adil Əliyev, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti:
- Ötən illərlə müqayisədə builki çempionatda iştirakçıların sayı daha çoxdur. Azərbaycan Kiboksinq Federasiyası tərəfindən bu idman növünə marağın artırılması üçün bir sıra mühüm tədbirlər həyata keçirilir. Hər il ənənəvi olaraq keçirilən ölkə çempionatlarının təşkilini də buna aid etmək olar. Bu cür yarışlar istedadlı idmançıların üzə çıxrılması ilə yanaşı, bu sahənin təbliğinə, gənclərin bu növə marağının artmasına səbəb olur. Bu il AKF tərəfindən müxtəlif turnirlər təşkil edilib. Bu yarışlardan ən yaddaqalanı ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Rusiyada keçirilən beynəlxalq turnir olub. İdmançıların təcrübələrinin daha da artırması üçün bir sıra beynəlxalq səviyyəli yarışlarda iştirak edirlər. Qeyd edim ki, ötən il AKF üçün uğurlaru illərdən biri kimi yadda qalıb. Əsas diqqəti uşaq və yeniyetmə idmanının inkişafına yönəltmişik. Bu bizə ehtiyat qüvvənin formalaşmasına şərait yaradır. İnanıram ki, bu il WAKO versiyası üzrə keçiriləcək dünya və Avropa çempionatlarında uğurlu nəticələr qazana biləcəyik. Ölkəmizdə idmana göstərilən diqqət və qayğı nəticəsində bu sahə yüksək səviyyədə inkişaf edir. Gənclərimizin idmana olan marağı günü-gündən artır. Yeniyetmə və gənclər arasında kikboksinqlə məşğul olmaq istəyənlər çoxluq təşkil edir. Bunu federasiyamıza olunan müraciətlər bir daha təsidiqləyir. Qeyd edim ki, Azərbaycan Kikboksinq Federasiyası "Narkomaniya və uşaq cinayətkarlığına qarşı” devizi adı altında fəaliyyət göstərir. Əsas məqsədlərimizdən biri gənc nəslin sağlam böyüməsi, onların pis vərdişərdən uzaqlaşdırılmasıdır. Biz gənclərimizi idman zallarına yönəldə biliriksə, bu sözün əsl mənasında bizim böyük uğurumuzdur. Gənclərimiz onlara bəslənilən ümüdləri doğruldaraq, beynəlxalq arenalarda himnimizi səsləndirir, bayrağımızı yüksəklərə qaldırırlar. Kikboksinqin yalnız paytaxtımızda deyil həmçinin bölgələrdə də inkişaf etməsi üçün əlimizdən gələni edirik. Bölgələrimizdə fəaliyyət göstərən klublarımız çoxluq təşkil edir. Federasiya olaraq ölkəmizdə idmanın inkişaf etməsinə töhfə verməyi özümüzə borc bilirik. Bu sahədə kütləviliyə nail olmağımız kikboksinqin ölkəmizdə inkişafının göstəricilərindən biridir.

«Çempionatda güclü idmançılar üstünlük təşkil etdilər»

Rəhim Nəcəfov, «Qızıl Əlcək» klubunun baş məşqçisi:
- XXI Azərbaycan çempionatının keçirilməsində əsas məqsəd 2015-ci ildə dünya və Avropa çempionatlarında iştirak edəcək yığma komandanın yeni tərkibini müəyyən etməkdir. Sevindirici haldır ki, bu il də çempionatda güclü idmançılar üstünlük təşkil edirlər. Bu il klubumuz adından 45 idmançı mübarizəyə qoşulub. Klubumuzun tərkibində fəaliyyət göstərən dünya və Avropa çempionatlarının qalib və mükafatçıları hazırda hərbi xidmətdə olduqları üçün böyüklər arasında mübarizə aparan idmançılarımız azlıq təşkil edir. Lakin buna baxmayaraq çempionatda iştirak edən idmançılarımız ölkəmizi layiqincə təmsil edərək nəyə qadir olduqlarını nümayiş etdirdilər.


Eduard Məmmədov, kikboksinq üzrə 21 qat dünya çempionu:
- Kikboksinq üzrə XXI Azərbaycan çempionatını maraqla izlədik. Yarışın təşkilatçılığında hər bir amil nəzərə alınıb. Qolum zədələndiyindən ölkə çempionatında iştirak edə bilmədim. Bu yarış komandanın yeni heyətinin formalaşması baxımından böyük əhəmiyyət kəsb edir. Yarış iştirakçılarına idman karyeralarında uğurlar arzulayıram. Kikboksçulara yaratdığı yüksək səviyyəli şəraitə görə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevə öz təşəkkürümü bildirirəm. İdmana göstərilən qayğının nəticəsidir ki, gənc və yeniyetmələrin kikboksinqə marağı daha da artır. İdmançı və məşqçi kimi təmsil etdiyim "Neftçi İK” İB komandası ilə yanaşı, çempionatda "Qızıl əlcək”İK, "Sərhədçi”İOM, "Dinamo”İC klubları da yüksək səviyyədə döyüş nümayiş etdirdilər. Bundan əlavə turnirdə iştirak edən "Quba”, "Şəmkir”, "İsmayıllı” kimi bölgə komandalarının çıxışlarını da xüsusi qeyd etmək istərdim. Düşünürəm ki, çempionatda mübarizə aparan idmançıların parlaq gələcəyi var. Əminəm ki, onlar nəinki ölkədaxili yarışlarda, həmçinin beynəlxalq arenalarda güclərini nümayiş etdirərək, uğurlu nəticələr əldə edəcəklər.













Bu yazı

12799 dəfə oxunub

Tarix

2015-04-20 19:49:03

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook