Su İdmanı Sarayı beynəlxalq turnirə ev sahibliyi edir



Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mayın 6-da Azərbaycan Üzgüçülük Federasiyası, Gənclər və İdman Nazirliyi tərəfindən su polosu üzrə beynəlxalq turnirə start verilib.
Bakı-2015 ilk Avropa Oyunlarına hazırlıq məqsədi daşıyan turnir Bakı Su İdmanı Sarayının örtülü salonunda keçirilir. Yarışda Azərbaycan yığması ilə yanaşı, Macarıstan, İtaliya, Rusiya, Türkiyə, Yunanıstan, Gürcüstan və Qazaxıstan komandaları iştirak edirlər.
Turnirdə 8 komanda 2 qrupda əvvəlcə dairəvi sistem, sonra isə yerlər uğrunda mübarizə aparacaq.
Dünən beynəlxalq turnirin təntənəli açılış mərasimi keçirildi. Tədbirdə Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, millət vəkili Rauf Əliyev və beynəlxalq federasiyanın rəsmiləri iştirak edirdilər.
Çıxış edənlər ölkəmizdə idmanın dövlət səviyyəsində diqqətdə olduğunu bildirdilər. Qeyd olundu ki, Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etməklə, bütün dünyanın diqqət mərkəzinə düşüb. Su idman növlərinin inkişafından danışan natiqlər bildirdilər ki, Bakı Su İdmanı Sarayı Bakı-2015 üçün nəzərdə tutulan idman qurğuları arasında möhtəşəmliyi diqqət çəkir. Sonra yarışlara start verildi. Azərbaycan komandası Qazaxıstan kollektivi ilə üz-üzə gəldi.
Mayın 9-dək davam edəcək yarışın qalibləri medal, diplom və qiymətli hədiyyələrlə təltif olunacaq.



Bu yazı

25355 dəfə oxunub

Tarix

2015-05-08 11:34:49

Yazını

Çap et

Yazını

Paylaş