“Azərbaycan basketboçuları Avropa Oyunlarının favoritləri sırasındadır”



Bakı-2015 Avropa Oyunlarına az müddət qalması idmançılar arasında həyəcanı daha da artırır. Tarixdə ilk dəfə məhz Azərbaycanda keçiriləcək bu mötəbər yarışa atletlərimiz xüsusi məsuliyyətlə yanaşırlar. Oyunlara ciddi hazırlaşan idmançılarımızdan biri də Azərbaycan milli basketbol komandasının üzvü Amil Həmzəyevdir. Beş qat respublika çempionu, "Qala” komandasının üzvü ilə söhbətimiz onun karyerası, Birinci Avropa Oyunları və digər məsələləri əhatə etdi.


-Necə oldu ki, məhz basketbolu seçdiniz?

-Basketbolu seçməyim qohumlarımın sayəsində mümkün olub, desəm, yanılmaram. Belə ki, kiçik yaşlarımda boyumun yaşıma nisbətən hündür olduğunu görən qohum-əqraba, valideyinlərimə məni basketbol idman növünə yazdırmalarını tövsiyə etdilər. Xeyli vaxt evdə gedən bu söz-söhbət mənim də marağımı cəlb etdi. Bir müddət sonra valideyinlərim basketbolla maraqlandığımı görüb məni bu idman növü üzrə məşqlərə yollamağa qərar verdilər.

-İdman karyeranıza hansı klubda başlamısınız?


-Əvvəlcə onu deyim ki, basketbolçu karyerama 2004-cü ildə 14 yaşımda olarkən başlamışam. Həmin dövrdə basketbol üzrə milli komandanın baş məşqçisi Rimas Kurtinaytis idi və ölkəmizdə basketbol inkişaf dövrünü yaşayırdı. Təcrübə qazanmaq və yaxşı basketbolçu olmaq üçün doğulduğum Gəncə şəhərindən paytaxta üz tutdum. Lakin peşəkar idmanda yeni addımlar atmağa başlayan gənc bir basketbolçu üçün uğura gedən yol asan olmadı. Bakıda yaşamaq üçün şəraitim yox idi və mən yenidən doğma şəhərimə qayıtmalı oldum. Gəncəyə qayıdan kimi yerli "Aztelecom” komandasının tərkibində oynamağa başladım. Bundan bir il sonra gənclərdən ibarət milli komandanın heyətinə qəbul olundum. Həmin ərəfədə "Azəri” komnadasının tərkibində çıxış edirdim. Bir mövsümdən sonra isə baş məşqçi Rimas Kurtinaytis məni əsas milliyə daxil etdi. Basketbolçu karyeram ərzində əsasən "Qala” klubunun tərkibində çıxış etmişəm.

-Millinin heyətində hansı nailiyyətlər əldə etmisiniz?


-2006-cı ildə Rimas Kurtinaytisin, iki il sonra isə millinin yeni baş məşqçisi Elxan Əliyevin rəhbərliyi altında "İnkişaf Kuboku”nun sahibi olduq. 2008-ci il bizim üçün daha bir uğurla yadda qaldı. Komandamız Şotlandiyada təşkil olunan Avropa çempionatının "C” divizionunda birinci oldu. 2011-ci ildə Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən "Novruz-2011” beynəlxalq turnirinin qalibi adına layiq görüldük. 2013-cü ildə "Bakı” komandasının tərkibində Türkiyənin Antalya şəhərində keçirilən 3x3 basketbol üzrə "TBF Türkiyə turu”nun qalibi olmuşam. Ümumiyyətlə isə karyeram ərzində bir sıra beynəlxalq və yerli yarışlarda mükafatçılar sırasında yer almışam.

-Yığma komandanın heyətində iki baş məşqçinin rəhbərliyi altında çıxış etmisiniz. Onların biri-birinə bənzəyən və ya fərqli cəhətləri barədə nə deyərdiniz?

-Olimpiya, Avropa çempionu olan Rimas Kurtinaytis çox güclü bir basketbol mütəxəssisidir. Onun rəhbərliyi altında milli komandamız bir sıra uğurlara yiyələnib. Elxan Əliyev də təcrübəli, bacarıqlı bir məşqçidir. Onların arasında elə də güclü bir fərq görmürəm. Hər ikisinin öz oyun üslubu, oyun quruluşu vardır. Onu da qeyd edim ki, Rimas Kurtinaytis və Elxan Əliyev xeyli müddət bərabər işləyiblər. Buna görə də, hesab edirəm ki, iki güclü məşqçi biri-birinin məşq texnikasından faydalana bilib.


-Avropa Oyunlarında basketbolun 3x3 növündə mübarizə aparacaqsınız. Bu növün klassik basketboldan fərqi nədədir?

- Oyunların proqramına daxil olunan basketbol 3x3 klassik basketboldan xeyli fərqlənir. Bu növün incəliklərinə yiyələnmək üçün basketbolçuya bir qədər vaxt tələb olunur. Qeyd edim ki, artıq iki ilə yaxındır ki, komandamız bu növ üzrə intensiv məşqlər edir, müxtəlif turnirlərdə gücünü sınayır. Ənənəvi basketboldan fərqli olaraq basketbol 3x3 açıq havada oynanılır. Həmiçin hər komandada 3 əsas və bir ehtiyat oyunçu olur. Bu növün klassik basketboldan ən mühüm fərqi isə hakimlərin kobud oyun nümayiş etdirməyə icazə verməsidir.
Açıq havada oynanıldığına görə bu növ idmançı üçün çətinliklər yaradır. Belə ki, hava şəraiti oyunun tempinə və gedişatına təsir göstərir. Əvvəllər 3x3 basketbol oynamayan idmançının birdən-birə bu növdə çıxış etməsi problemlər yaradır. Komandamız təcrübəsini artırmağa, Avropa Oyunlarında uğurla çıxış etməyə çalışır.

-Sizcə, aprel ayında paytaxtımızda basketbol 3x3 üzrə təşkil olunan beynəlxalq turnirin komandamıza faydası oldumu?

-Həmin turnirdə basketbol 3x3 növü üzrə dünya reytinqində ilk pillələrdə yer almış komandalar iştirak edirdilər. Bu turnirin məhz Oyunlar ərəfəsində keçirilməsi komandamıza böyük təcrübə qazandırdı. Avropa Oyunlarına test xarakteri daşıyan yarışlarda Serbiya, Rumıniya, Ukrayna kimi güclü komandalarla üz-üzə gəldik. Bu turnir bizim Oyunlara daha da yaxşı hazırlaşmağımıza və rəqiblərimizin oyun səviyyəsini bir daha müşahidə etməyimizə imkan yaratdı. Hesab edirəm ki, Avropa Oyunlarına qədər bir necə təlim-məşq toplanışlarımız olacaq. Belə təlim-məşq topanışlarında qarşılaşmağımız rəqiblərimizi yaxından tanımağımıza imkan verir.


-Avropa Oyunlarında həm də səfir qismində çıxış edəcəksiniz. Bu sizin işinizi çətinləşdirməyəcək ki?

-Avropa Oyunları kimi mötəbər yarışda mübarizə aparmaq özü böyük bir məsuliyyətdir. Ümumiyyətlə, idmançı olmaq hər zaman göz önündə olmaq deməkdir. İdmançılar gənc nəslin örnək götürəcəyi insanlardır. Yəni gənclərimiz beynəlxalq arenalarda uğur qazanan idmançılarımıza bənzəməyə çalışır, vətənə sevgi hissləri ilə yanaşır, öz işlərində məsuliyyət hiss edirlər. Biz idmançılar yarışlarda elə çıxış etməliyik ki, gənclərimizə nümunə ola bilək. Mən əminəm ki, Azərbaycan atletləri Avropa Oyunlarında öz çıxışları ilə Azərbaycan gəncliyinə sevinc bəxş edəcəklər. Mən Bakı-2015-in səfiri seçilmişəm. Bu, məsuliyyətimi ikiqat artırır. Səfir seçilən hər bir idmançı Bakı-2015-lə bağlı təbliğatla geniş şəkildə məşğul olmalı, Oyunların mahiyyətini insanlara başa salmalıdır.

-Maraqlıdır, Bakı-2015-də sizinlə eyni komandada yer alan basketbolçular barədə nə düşünürsünüz?

-Avropa Oyunlarında iştirak ehtimalı olan basketbolçular Rolandos Əliyevos, Orxan Aydın, Marşal Morzesdir. Oyunlarda rəqiblərimiz olacaq komandaları Rolandos və mən yaxından tanıyırıq. Bu komandalarla bir neçə turnirdə qarşılaşmışıq. Orxan və Marşal isə rəqiblərimizlə tanış deyillər. Qarşıda hələ bir necə təlim-məşq toplanışları var. Komanda yoldaşlarım bu toplanışlarda rəqib basketbolçuları tanımaq imkanı əldə edəcəklər. Onu da qeyd edim ki, basketbolun 3x3 növündə oynamaq üçün idmançıdan fiziki güc, çeviklik tələb olunur. Bundan əlavə boyun hündür olması da vacibdir. Komandamızın üzvlərində yuxarıda qeyd etdiyim keyfiyyətlər var. Düşünürəm ki, Avropa Oyunlarında bu heyətlə çıxış etsək qələbə qazana biləcəyik.

-Bəzi idmançılara öz ölkələrində yarışmaq çətin olur. Sizin üçün necə, doğma azarkeşlər qarşısında mübarizə aparmaq çətinlik yaratmayacaq ki?

-Təbii ki, mötəbər yarışlarda mübarizə aparmaq çox məsuliyyətli və şərəfli bir işdir. Doğma divarlar arasında yarışmaq isə bunu daha da artırır. Tutaq ki, xarici dövlətlərin birində yarışda bir qədər zəif çıxış edirsən və bunu heç kim görmür. Lakin doğma azarkeşlərin qarşısında çıxış edərkən onlar sənin bütün hərəkətlərini izləyirlər. Buna görə də, səni sevənlərin, dəstəkləyənlərin qarşısında əlindən gələni etməlisən. Məhz bu baxımdan hesab edirəm ki, Avropa Oyunlarında yaxşı nəticə əldə edəcəyik. Xatırladım ki, komandamız Avropa çempionatında öz gücünü yetərincə göstərə bilib. Demək istəyirəm ki, Azərbaycan basketboçuları Avropa Oyunlarının favoritləri sırasındadır. Hesab edirəm ki, xalqımıza qələbə sevincini yaşada biləcəyik.

Türkay Niftəliyeva




Bu yazı

21598 dəfə oxunub

Tarix

2015-05-18 19:16:52

Yazını

Çap et

Yazını

Paylaş