Qan donorları arasında I Açıq futbol çempionatı keçirilib



İyunun 6-da Azərbaycan Kikboksinq Federasiyası və "LAYF” İctimai Birliyinin təşkilatçılığı ilə "Azərbaycan-Türk Futbol Klubu”nun meydançasında qan donorları arasında I Açıq futbol çempionatı keçirilib.
Futbol turnirinin təşkilində məqsəd mütəmadi olaraq qan donorluğunu və sağlam həyat tərzini təbliğ etməkdir. Tədbirin açılış mərasimində Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev, "Toyota” Şirkətinin Azərbaycan nümayəndəliyinin baş direktoru Mustafa Abbasbəyli, "LAYF” Xeyriyyə İB-in icraçı direktoru Emil Vəliyev, ADBTİA-nın gənclər üzrə prorektoru, Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı iştirak ediblər. Açılışda çıxış edən Adil Əliyev turnir iştirakçılarına qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək verdikləri üçün təşəkkürünü bildirib: "Bu layihə çərçivəsində qan xəstəliklərindən əziyyət çəkən yüzlərlə insan sağlamlığına qovuşmaq imkanı əldə edəcək. Yarış iştirakçılarının köməyə ehtiyacı olan xəstələrə mənəvi dəstək göstərməsi, onların xəstəliklərlə mübarizə ruhunu, yaşama eşqini artıracaq”, - deyə o qeyd edib. "Toyota” Şirkətinin Azərbaycan nümayəndəliyinin baş direktoru Mustafa Abbasbəyli "LAYF” Xeyriyyə İctimai Birliyinin yarandığı gündən indiyədək könüllü donorların cəlb edilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirdiyini xatırlatdı. Bu cür layihələrin təşkilini təqdirəlayiq hal kimi dəyərləndirən Mustafa Abbasbəyli bu kimi tədbirlərin cəmiyyətdə insanların maariflənməsinə xidmət etdiyini dedi: "Bu sahədə məlumatı olan insan verəcəyi qanın kiməsə həyat bəxş etməsinin önəmini daha dərindən anlayacaq və bu məsələlərdə daha diqqətli olacaq. Verəcəyiniz hər damla qan həyat deməkdir. Bu bir damlanı onun yolunu gözləyənlərdən əsirgəməyin. Təmənnasız verdiyiniz qan, təmənnasız veriləcək”, - deyə o bildirib. Tədbirin sonunda "LAYF” Xeyriyyə İB-in icraçı direktoru Emil Vəliyev tədbir iştirakçılarına donorluq etdikləri üçün təşəkkürünü bildirib. O qeyd edib ki, bu cür layihələrin həyata keçirilməsində ölkədə fəaliyyət göstərən müxtəlif şirkətlər, təşkilatların iştirakı, onların kollektivləri ilə birgə donor olaraq qan vermə aksiyasına qoşulmaları yüksək qiymətləndirilməlidir. "14 iyun Ümumdünya Qan Donorları Günüdür. Bu münasibətlə qan donorları arasında keçirilən futbol turniri maarifləndirmə xarakteri daşıyır. Qan xəstələri cəmiyyətin onlara etinasız qalmadıqlarını hiss etmələri üçündür”.
Futbol turnirində 16 qan donoru olan komanda iştirak etdi. Mübarizəyə, Azərbaycan Kikboksinq Federasiyası da daxil olmaqla, "Toyota Baku” şirkəti, "Atəşgah Sığorta”, "Bakı Metropoliteni” QSC, "NetFrame” MMC, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, "Standart İnsurance” sığorta şirkəti, "Parabank” ASC-nin Yasamal filialı, "Nikoyl bank” ASC, "Murov” Ekstremal İdman Klubu, "Paşa Sığorta”, "City Hospital”, "LAYF” Xeyriyyə İctimai Birliyi, "Diaspor Jurnalistləri” Birliyi, Mr.Fix MMC, "Lawyers Unıted”in hüquqşünaslardan ibarət komandası qoşulmuşdu.
Çempionatda iştirak edən bütün komandalara bu yarışda iştiraklarına görə mükafatlar təqdim olunub.


"Tədbirin təşkilində əsas məqsəd
Azərbaycanda qan vermə mədəniyyətini inkişaf etdirmək, xüsusilə də talasemiyalı xəstələrə dəstək verməkdir”
Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti, millət vəkili Adil Əliyev Açıq futbol çempionatının təşkili ilə bağlı fikirlərini "Olimpiya dünyası” qəzeti ilə bölüşdü:

- Azərbaycan Kikboksinq Federasiyası ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir. Federasiyamız tərəfindən indiyədək müxtəlif səpkili tədbirlər görülüb. Qan donorları arasında keçirilən I Açıq futbol çempionatı da AKF-nin mühüm tədbirlərindən biridir. Tədbirin təşkilində əsas məqsəd Azərbaycanda qan vermə mədəniyyətini inkişaf etdirmək, xüsusilə də talasemiyalı xəstələrə dəstək verməkdir. Federasiyanın üzvləri də könüllü qan donorları sırasındadırlar. Tədbirin təşkilatçılığı ilə yanaşı, yarışa qatılan komandanın hər bir üzvü könüllü donordur. Komandanın heyətində idmançılarla yanaşı, federasiyanın rəsmiləri də yer alıblar. Bu cür tədbirlərin gələcəkdə də daha geniş miqyasda təşkilinə çalışacağıq.

Aysel Sultanova


Bu yazı

8046 dəfə oxunub

Tarix

2015-06-08 17:20:26

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook