Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku başa çatıb




Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən Olimpiya atıcılıq növləri üzrə Dünya kuboku yarışları başa çatıb.
Avqustun 15-də kişilər arasında səngər stend atıcılığı üzrə yarışlar keçirilib. Yarışın final mərhələsində 8 idmançı iştirak edib. Yarışda rusiyalı Aleksey Alipov qızıl medal qazanıb. Xorvatiyalı Çernoqraz Ciovanni ikinci, italiyalı Fraska Erminio isə üçüncü yeri tutub.
Yarışdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi və "Qəbələ” Atıcılıq Klubunun, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan olimpiya atıcılıq növləri üzrə 100-ə yaxın ölkədən 2 minədək idmançı, eləcə də rəsmi qonaq və nümayəndə heyəti iştirak edib. Dünya Kuboku uğrunda yarışların 5 mərhələsi ötən bir il ərzində ABŞ, Almaniya, BƏƏ, Kipr və Meksikada keçirilib. Həmin yarışlarda xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə keçirilən Dünya Kuboku uğrunda yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar. Yarışların 6-cı mərhələsi, yəni final görüşləri avqustun 8-dən 16-dək Qəbələdə keçirilib.
Bu yarışlar 2015-ci il ərzində Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında Avropa və dünya çempionatından sonra ən mühüm yarış hesab olunur. Atıcılığın 17 növü üzrə keçirilən yarışlarda idmançılar 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunacaq Yay Olimpiya Oyunları üçün 34 lisenziya uğrunda mübarizə aparıblar. Yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı olan "ISSF TV” vasitəsi ilə canlı yayımlanıb.




Bu yazı

5310 dəfə oxunub

Tarix

2015-08-17 13:43:23

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook