Avarçəkənlərimiz Rio-2016 Olimpiadasına lisenziya qazanıblar



Azərbaycan kayakçısı İnna Osipenko-Rodomska 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb. 33 yaşlı idmançı bu uğura Milanda keçirilən kayak və kanoe üzrə dünya çempionatında nail olub.
Qadınlar arasında birnəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yarışda yer alan təcrübəli idmançı seçmə yürüşdə 41,731 saniyə nəticə ilə birinci yeri tutub. O, ilk altılığa düşərək yarımfinala yüksəlib. Növbəti yürüşdə Azərbaycan təmsilçisi finişə birinci çataraq 40,671 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb. İlk iki yerdən birini tutduğundan İ.Osipenko-Rodomska adını finala yazdırıb. Həlledici yürüşdə Azərbaycan təmsilçisi dördüncü yeri tutaraq "Rio-2016”ya lisenziya əldə edib.
İnna Osipenko-Rodomska daha əvvəl birnəfərlik kayak qayığı ilə (K-1) 500 metr məsafəyə yürüşdə beşinci yeri tutaraq "Rio-2016”da iştirak etmək hüququ qazanıb. Qaydalara əsasən, qadınlar arasında bir nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə ilk yeddiliyə düşənlər Rio Olimpiadasına vəsiqə qazanıblar.
Bakı-2015 birinci Avropa Oyunlarının gümüş mükafatçısı, dördqat dünya və Avropa çempionu Valentin Demyanenko da birnəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə yürüşdə altıncı yeri tutaraq eyni hüquqa yiyələnib.
Azərbaycanın Olimpiya məsafələrindəki digər təmsilçiləri isə yarımfinal səddini adlaya bilməyiblər. Qeyri-Olimpiya məsafələrində ən yaxşı nəticəni isə ikinəfərlik kanoe qayığı (K-2) ilə 500 metr məsafəyə yürüşlərə qatılan Sergey Bezuqlıy - Aleksey Kupin dueti göstərib. Onlar əsas finalda 1 dəqiqə 44,522 saniyə nəticə ilə altıncı yeri tutaraq medalsız qalıblar.
Dünya çempionatında Rio-2016-ya lisenziya qazanmağa nail ola bilməyənlərə 2016-cı ilin mayında Almaniyanın Duysburq şəhərində keçiriləcək Avropa təsnifat reqatasında çıxış etmək şansı veriləcək. Amma həmin reqatada ilk iki yerdən birini tutmaq lazım gələcək.





Bu yazı

6023 dəfə oxunub

Tarix

2015-08-24 14:10:00

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook