Avarçəkənlərimiz Rio-de Janeyro-2016 Olimpiadasına üç lisenziya qazandılar


İtaliyanın Milan şəhərində keçirilən avarçəkmə üzrə dünya çempionatı Azərbaycan idmançıları üçün uğurlu olub. Belə ki, avarçəkənlərimiz İnna Osipenko-Rodomska və Valentin Demyanenko gələn il keçiriləcək Rio-de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. Qadınlar arasında bir nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə yer alan 33 yaşlı Osipenko-Rodomska seçmə mərhələdə Braziliya, Finlandiya, Danimarka, Yeni Zelandiya, Kanada, İtaliya, Latviya və Moldova avarçəkənləri ilə yarışıb. Finişə 1 dəqiqə 54,609 saniyəyə çatan təcrübəli kayakçımız yalnız yeni zelandiyalı rəqibindən geri qalıb. Bu nəticə ilə yarımfinala yüksələn təmsilçimiz finişə 1 dəqiqə 49,547 saniyəyə 2-ci çatıb və yenə Liza Karrinqtondan 0,318 saniyə geri qalıb. O, ilk "3-lüy”ə düşdüyündən, finala yüksəlib. Nəhayət, bu gün keçirilən həlledici yürüşdə Azərbaycan təmsilçisi finişə 1 dəqiqə 51,748 saniyəyə çataraq, 5-ci yeri tutub. Yeni zelandiyalı Liza Karrinqton 1 dəqiqə 49,398 saniyə nəticə ilə dünya çempionu olub.

Macarıstanlı Anna Karaş 1 dəqiqə 51,125 saniyə göstərici ilə gümüş, finişə 1 dəqiqə 51,478 saniyəyə çatan çinli Yu Ju isə bürünc medal qazanıb. Qaydalara əsasən, qadınlar arasında bir nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə ilk yeddi yeri tutanlar 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar.
Kayakçımız İnna Osipenko-Rodomska daha bir lisenziyanı qadınlar arasında bir nəfərlik qayıqla 200 metr məsafəyə final yürüşünü 4-cü yerdə başa vurmaqla qazanıb. Finişə 41,548 saniyəyə çatan idmançı yeni zelandiyalı Liza Karinqton (40,060), polşalı Marta Valçikyeviç (40,700) və ispaniyalı Tereza Porteladan (41,248) geri qalıb. Azərbaycan kanoeçisi Valentin Demyanenko da 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 32 yaşlı idmançı İtaliyanın Milan şəhərində keçirilən kayak və kanoe üzrə dünya çempionatında ilk yeddiliyə düşməklə bu uğura imza atıb. Bakı-2015 I Avropa Oyunlarının gümüş mükafatçısı, 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko Milanda bir nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə çıxış edib. Seçmə mərhələdə Yunanıstan, Meksika, Venesuela, Ukrayna, Yaponiya, CAR, Nigeriya, San-Tome və Prinsipi idmançıları həmyerlimizin rəqibi olub. Demyanenko yürüşü 40,518 saniyəyə tamamlayaraq, 1-ci yeri tutub və yarımfinala yüksəlib. Növbəti mərhələdə finişə 39,021 saniyəyə çatan Azərbaycan təmsilçisi yalnız braziliyalı rəqibindən 0,160 saniyə geri qalaraq, 2-ci yeri tutub və finala vəsiqə qazanıb. Həlledici yürüşdə Demyanenko finişə 39,489 saniyəyə çataraq, 6-cı yeri tutub. Bu nəticə kanoeçimizə Rio Olimpiadasına lisenziya qazandırıb. Belaruslu Artyom Kozır (38,605) qızıl, çinli Qianq Li (38,815) gümüş, braziliyalı Keyruş Dos Santos (38,915) bürünc medal qazanıb. Rusiyalı Aleksey Korovaşkov (39,089) 4-cü, litvalı Henrikas Juştauskas (39,105) 5-ci olub.
Azərbaycanın Olimpiya məsafələri üzrə yarışlarda mübarizə aparan digər təmsilçiləri isə yarımfinal səddini adlaya bilməyiblər. Qeyri-olimpiya məsafələrində ən yaxşı nəticəni isə 2 nəfərlik kanoe qayığı (K-2) ilə 500 metr məsafəyə yürüşlərə qatılan Sergey Bezuqlı - Aleksey Kupin dueti göstərib. Onlar əsas finalda 1 dəqiqə 44,522 saniyə nəticə ilə 6-cı yeri tutaraq, medalsız qalıblar.
Olimpiya oyunlarının avarçəkmə yarışlarına üç vəsiqənin qazanılması tarixi nailiyyətdir. İndiyədək digər növlər üzrə dünya çempionatlarında iki Olimpiya lisenziyası qazanan olmayıb. Qeyd edək ki, Azərbaycan kayak növündə Olimpiya oyunlarında ilk dəfə təmsil olunacaq.







Bu yazı

6756 dəfə oxunub

Tarix

2015-08-25 16:25:56

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook