Ağırlıqqaldırma üzrə IX Dünya kuboku yarışlarına start verilib



Avqustun 29-da Astara Olimpiya İdman Kompleksində "Zirvə” beynəlxalq idman klubunun ağırlıqqaldırma üzrə IX dünya kuboku yarışlarına start verilib.
Azərbaycan Ağır Atletika Federasiyasının, "Zirvə” klubunun və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq yarışda ölkəmizlə yanaşı, Türkiyə, Rusiya, İran, Gürcüstan, İsrail, Bolqarıstan, Moldova, Belarus, Ukrayna, Polşa və ABŞ-dan 100-dək idmançı qələbə uğrunda mübarizə aparır. Dünya kuboku yarışlarında ölkəmizi Bakı, Lənkəran, İsmayıllı, Lerik, Masazır, Neftçala, Samux, Şamaxı, Sumqayıt, Xırdalan, Qazax, Goranboy, Qobustan və Yevlax "Zirvə” idman klublarının ağır atletləri təmsil edirlər.
Kişilər və qadınlar arasında keçirilən yarışların qalibləri və mükafatçılar Sinkleyr cədvəli üzrə müəyyənləşəcək. Qalib gələn idmançılara və onların məşqçilərinə pul mükafatları, diplomlar, medallar, kuboklar, qiymətli hədiyyələr təqdim olunacaq. Yarışın birinci günündə 14 yaşınadək qadın idmançılar körpücük üzərinə çıxıblar. Polşa, Bolqarıstan, Türkiyə, Ukrayna və Azərbaycandan 12 gənc atletin mübarizə apardığı birinci qrupda maraqlı nəticələr qeydə alınıb. Qalib adını Bolqarıstan atleti Qalya Şatova qazanıb. "Smolyan-Zirvə” təmsilçisi ümumilikdə 144 kiloqramlıq (69 kq+75 kq) nəticə və 219,21 xal ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yeri 92 kiloqramlıq nəticə (40 kq+52 kq) və 204,25 xalla "Jidaçiv-Zirvə”nin (Ukrayna) üzvü Qalina Didik, üçüncü yeri isə 134 kiloqramlıq (60 kq+74 kq) nəticə və 194,97 xalla "Lənkəran-Zirvə”nin təmsilçisi Sevər Məhərrəmova tutublar.
Qaliblərə mükafatları "Zirvə” beynəlxalq idman klubunun prezidenti Tofiq Heydərov və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev təqdim ediblər.
Sonra yarışların rəsmi açılış mərasimi keçirilib və "Zirvə” beynəlxalq idman klubunun filiallarının nümayəndələrinin və 12 ölkədən 26 klubun təmsilçilərinin paradı olub.
Mərasimdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və "Zirvə” beynəlxalq idman klubunun prezidenti Tofiq Heydərov Azərbaycanda idmanın inkişafı istiqamətində görülən işlərdən, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan danışaraq iştirakçılara uğurlar arzulayıblar.
Tədbirdə İsveçin Landskrona şəhərində keçirilən 15 və 17 yaşınadək yeniyetmə ağır atletlərin Avropa birinciliyində qızıl medal qazanan "Lənkəran-Zirvə”nin nümayəndəsi Səbinə Əzimovaya və onun məşqçisi Taleh Hüseynova mənzil hədiyyə edilib.


Bu yazı

6184 dəfə oxunub

Tarix

2015-09-01 09:54:58

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook