IX Dünya kuboku yarışları başa çatdı



Astara Olimpiya İdman Kompleksində keçirilən "Zirvə” beynəlxalq idman klubunun ağır atletika üzrə IX Dünya kuboku yarışlarına yekun vurulub. Turnir Azərbaycan Ağır Atletika Federasiyasının, "Zirvə” klubunun və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib. Beynəlxalq yarışda ölkəmizlə yanaşı, Türkiyə, Rusiya, İran, Gürcüstan, İsrail, Bolqarıstan, Moldova, Belarus, Ukrayna, Polşa və ABŞ-dan 100-dək idmançı qalib adı uğrunda mübarizə aparıb. Dünya kuboku yarışlarında ölkəmizi Bakı, Lənkəran, İsmayıllı, Lerik, Masazır, Neftçala, Samux, Şamaxı, Sumqayıt, Xırdalan, Qazax, Goranboy, Qobustan və Yevlax "Zirvə” idman klublarının ağırlıqqaldıranları təmsil ediblər.Yarışlarda kişilər 4, qadınlar isə 3 yaş qrupunda mübarizə aparıblar.
Dünya kubokunun sonuncu günü azərbaycanlı atletlər üçün uğurlu olub. Körpücük üzərinə 18 yaşınadək oğlanlar çıxıblar. "Qobustan-Zirvə” idman klubunun üzvü Dadaş Dadaşbəyli ən yüksək nəticə ilə fəxri kürsünün birinci pilləsinə yüksəlib. O, birdənqaldırmada 185 kq, təkanla qaldırmada isə 212 kq çəkinin öhdəsindən gəlib. İdmançımız ümumilikdə 397 kiloqramlıq nəticə və 442,4 Sinkleyr xalı toplayıb. İkinci yerdə "Xırdalan-Zirvə”dən Valentin Xristov qərarlaşıb. London-2012 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı ümumilikdə 315 kq (140 kq + 175 kq) və 441,7 xal əldə edib. Bürünc medala isə 330 kiloqramlıq (140+190) nəticə və 434.9 xalla "Goranboy-Zirvə”ni təmsil edən Firudin Quliyev sahib olub.

Gərgin mübarizədə gürcüstanlı Georgi Çxeidze də qalib olub. "Tiflis-Zirvə”nin atleti 365 kiloqramlıq (165 kq + 200 kq) nəticə və 392.2 xalla qızıl medal qazanıb. Gümüş medala "Şamaxı-Zirvə”-nin nümayəndəsi Elşad Şərifova layiq görülüb. O, 299 kiloqramlıq (131 kq + 168 kq) nəticə ilə 386,2 xal toplayıb. Yeniyetmələr arasında Avropa və dünya çempionu İqor Obuxov isə 304 kiloqramlıq (134 kq + 170 kq) nəticə və 369.2 xalla bürünc medala sahib çıxıb.
Dünya kuboku yarışlarının sonunda veteran idmançılar qüvvələrini sınayıblar. Yarışda 1948-ci il təvəllüdlü Vladimir Jilyayev toplam 201 kiloqramlıq (91 kq + 110 kq) nəticə göstərib. "Xırdalan-Zirvə”nin atleti Manone-Meltzer 405.16 xalla qızıl medala sahib olub. Gümüş medalı ümumilikdə 296 kiloqramlıq (146 kq + 150 kq) nəticə və 371, 7 xalla "Sumqayıt-Zirvə”nin nümayəndəsi Emin Əliyev qazanıb. "Samux-Zirvə”dən Zəfər Tağıyev isə bürünc medalla kifayətlənib. O, ümumilikdə 245 kiloqramlıq (105 kq + 140 kq) nəticə ilə 370,67 xal toplayıb.
Qalib idmançılara və onların məşqçilərinə pul mükafatları, diplomlar, medallar, kuboklar və mənzil sertifikatları təqdim olunub.




Bu yazı

5893 dəfə oxunub

Tarix

2015-09-04 10:46:41

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook