Ağırlıq qaldıranlarımız Klaypedada üç qızıl medal qazandılar


Litvanın Klaypeda şəhərində yeniyetmələr və 23 yaşınadək idmançılar arasında keçirilən ağır atletika üzrə Avropa çempionatına yekun vurulub. Yarışda 40-a yaxın ölkədən 341 atlet (218 kişi və 123 qadın) qalib adı uğrunda mübarizə aparıb.
Komandamızın üzvü Anastasiya İbrahimli (69 kq) 23 yaşınadək idmançıların yarışında gücünü sınayıb. "Abşeron-Zirvə” klubunun atleti birdən qaldırma hərəkətində üç cəhddən birini uğurla yerinə yetirsə də, bu, ona gümüş medal qazanmaq üçün yetərli olub. Tanınmış mütəxəssis Hafiz Süleymanovun yetirməsi olan A.İbrahimli növbəti cəhddə 99 kq ağırlığı başı üzərinə qaldıraraq ikinci olub.
Atletimiz təkanla qaldırmada daha yaxşı çıxış edib. O, sonuncu cəhddə 127 kq ağırlığı başı üzərinə qaldırmaqla ən yaxın izləyicisi ukraynalı Mariya Xlyanı 2 kiloqram üstələyərək qızıl medala sahib çıxıb. Anastasiya İbrahimli yekunda 226 kq çəkinin öhdəsindən məharətlə gələrək (99 kq + 127 kq) Avropa çempionatının qızıl medalını qazanıb.
105 kq çəki dərəcəsində mübarizə aparan komandamızın digər üzvü Dadaş Dadaşbəyli də uğurla yarışıb. Təmsilçimiz yeniyetmələr arasında yarışda birdənqaldırma hərəkətində hər üç cəhddə uğur qazanıb. O, 165 kq, 170 kq və 176 kq çəkini başı üzərinə qaldıraraq qızıl medala sahib olub. Təkanla qaldırmada da fərqlənən Dadaş Dadaşbəyli ilk cəhddə 200 kq çəkini ram edib. İkinci yanaşmasında 206 kq ağırlığı başı üzərinə rahatlıqla qaldıran atletimiz təkanla qaldırma hərəkətində də qızıl medal qazanıb. Beləliklə, ümumilikdə 382 kiloqram (176 kq+206 kq) çəkinin öhdəsindən gələn Dadaş Dadaşbəyli Avropa çempionu olub. Atletimiz bunadək yeniyetmələr və gənclər arasında Avropa birinciliklərinin gümüş mükafatçısı, Azərbaycan çempionu, "Zirvə kuboku”nun sahibi və "Zirvə” idman klubunun dünya çempionatının üçqat qalibi idi.
Xatırladaq ki, Klaypeda yarışında buna qədər komandamız daha bir dəfə fərqlənmişdi. "Goranboy-Zirvə” klubunun təmsilçisi Firudin Quliyev ümumilikdə 328 kq (144 kq + 184 kq) çəkinin öhdəsindən gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.





Bu yazı

5087 dəfə oxunub

Tarix

2015-10-13 15:41:52

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook