Avropa Qran-pri yarışlarına həsr olunmuş seminar



Noyabrın 4-də Abşeron hotelində gələn il Bakıda keçiriləcək "Formula-1” üzrə Avropa Qran-pri yarışlarına həsr olunmuş seminar keçirilib.
"Formula-1”in tarixindən danışan "Bakı Şəhər Halqası” şirkətinin Marketinq və Kommunikasiya Departamentinin direktoru Nigar Arpadarai idmanın bu növünə ev sahibliyi edən ölkələr haqqında məlumat verib.
O, "Formula-1” yarışının 1950-ci ildən keçirildiyini diqqətə çatdırıb. "Bu yarışlar futbol üzrə dünya çempionatı və Yay Olimpiya Oyunlarından sonra tamaşaçı baxımına görə üçüncü yerdədir. Qran-pri yarışlarını dünyanın 187 ölkəsində 500 milyondan çox insan seyr edir. "Formula-1” yarışları daimi və şəhər treklərində təşkil olunur. Bakıda bu mötəbər yarış şəhər trekində keçiriləcək. Sinqapur, Monako və Melbrunda da yarış şəhər mərkəzində təşkil edilir”, - deyə Nigar Arpadarai bildirib.
O, Avropa Qran-prisinin ölkəmiz üçün əhəmiyyətindən danışaraq, yarışın Azərbaycanın turizm sektorunda canlanmaya səbəb olacağını qeyd edib. "Bakıya bu yarışa görə dünyanın bir çox ölkələrindən turistlərin gələcəyi gözlənilir. "Formula-1” azarkeşləri üçün Bakı Qran-prisi çox maraqlı olacaq. Turistlər üçün xüsusi əyləncə proqramı da nəzərdə tutulub. "Formula-1” Kəndi” əyləncəli proqramla bol bir məkan olacaq. Çalışacağıq ki, burada təkcə yarış deyil, həm də konsertlər və müsabiqələr təşkil edilsin, əsl festival ab-havası yaradılsın”, - deyə əlavə edib.
Yarışla bağlı tikinti işlərinə gələn il start veriləcəyini diqqətə çatdıran Nigar Arpadarai Bakı yollarının digərlərindən fərqləndiyini də bildirib. O vurğulayıb ki, şossenin layihəsi Hermen Tilke bürosu tərəfindən hazırlanıb və Beynəlxalq Avtomobil İdmanı Federasiyasına təqdim olunub. Layihə təsdiqləndikdən sonra tikinti işlərinə başlanacaq. Hazırda könüllülərin, marşalların cəlb olunması və təlimi gündəmdə olan məsələlərdəndir.
Sonra "Formula-1” yarışlarının mərhələləri, akkreditasiya qaydaları haqqında məlumat verilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, 6 kilometrdən artıq olan Bakı şossesi uzunluğuna görə dünyada ikincidir. Bakı halqası elə təşkil olunub ki, yarış zamanı "Formula-1” avtomobilləri paytaxtın UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilən İçərişəhəri, Bakının müasir göydələnləri və Xəzərin sahilboyu ərazisini özündə birləşdirən ecazkar simasını görəcəklər.


Bu yazı

8112 dəfə oxunub

Tarix

2015-11-06 17:34:09

Yazını

Çap et

Yazını

Paylaş