Bakı Şəhər Halqası "Formula-1" yarışları üçün Bakıda görüləcək tikinti-quraşdırma işləri ilə bağlı rəsmi açıqlama verib




Bakı Şəhər Halqası (Baku City Circuit) gələn il Bakıda keçiriləcək "Formula-1" Avropa Qran-prisi ilə bağlı paytaxtın mərkəzi küçələrində tikinti işlərinin aparılması və hərəkətin məhdudlaşdırılması ilə bağlı rəsmi açıqlama verib.
"Olimpnews.az” xəbər verir ki, Baku City Circuit-dən bildirilib ki, şirkət Beynəlxalq Avtomobil Federasiyasına təqdim olunmuş layihə üzrə şəhər halqasında xüsusi asfalt qatının çəkilişi və digər tikinti-quraşdırma işlərinin başa çatdırılması 2016-cı il üçün nəzərdə tutulub.
"Şirkət tikintiyə bağlanacaq yollarda təmir-tikinti işlərinin əhalinin məişətinə və yol hərəkətinə təsirini minimuma endirmək üçün xüsusi plan tərtib edib və onun həyata keçirilməsi üçün aidiyyəti üzrə dövlət qurumları ilə sıx əməkdaşlıq edir.
Yarışların keçirilməsi üçün nəzərdə tutulan asfalt yolların sonradan yerin dərin qatında yerləşən kommunal qovşaqlarında yarana biləcək nasazlıq halları üzündən sökülməsinin qarşısını almaq məqsədilə indidən aidiyyəti qurumlar tərəfindən qabaqlayıcı tədbirlər görülür", - şirkətin açıqlamasında bildirilib.
"Formula-1" yarışları üçün salınacaq asfalt qatının çəkilişi, tamaşaçı tribunalarının tikintisi, trek boyu beton baryerlərin və Hökümət Evinin qarşısında "Formula-1" üçün nəzərdə tutulan xüsusi qurğuların quraşdırılması işləri mərhələli şəkildə aparılacaq. Bəzi ərazilərdə əhalinin gündüz saatlarında hərəkətinə mane olamamaq üçün işlər gecə növbəsində həyata keçiriləcək.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) ilə əməkdaşlıq edən Bakı Şəhər Halqası 2016-cı ildə müvafiq küçə və prospektlər üzrə yolların bağlanması haqqında məlumatı əvvəlcədən əhaliyə çatdıracağını bəyan edir.
Qeyd edək ki, "Formula-1" yarışı standartlarına cavab verən yenilənmiş yollar Qran-pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.





Bu yazı

17093 dəfə oxunub

Tarix

2015-11-08 12:34:07

Yazını

Çap et

Yazını

Paylaş