Avarçəkənlər Beynəlxalq Prezident Kuboku Reqatasında güclərini sınadılar


Mingəçevirdəki "Kür” Olimpiya və Avarçəkmə Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq Prezident Kuboku Reqatası keçirilib. Ənənəvi reqatada müxtəlif yaş qrupları üzrə Azərbaycan, Gürcüstan və Ukraynanın 100-dən artıq idmançısı mübarizə aparıb. Əksər yürüşlərdə Azərbaycan idmançıları üstün olublar. Ən ciddi rəqabət böyüklərin mübarizəsində qeydə alınıb. Akademik avarçəkmə üzrə 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə qalib adını Rio-de Janeyro  2016 Yay Olimpiya Oyunlarına lisenziyanın sahibi Boris Yotov qazanıb. 19 yaşlı avarçəkən finişə 7 dəqiqə 21,06 saniyəyə çatıb. B.Yotov olimpiadada onunla birgə 2 nəfərlik qoşa avarlı qayıqda mübarizə aparacaq yeniyetmələr və 23 yaşınadək akademik avarçəkənlər arasında dünya çempionu Aleksandr Aleksandrovu 0,53 saniyə üstələyib. Üçüncü yeri isə finişə 7 dəqiqə 35,06 saniyəyə çatan Cavid Əfəndiyev tutub. 
Daha bir gözlənilməz nəticə kayakçıların 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşündə qeydə alınıb. Tamerlan Mustafayev 23 yaşınadək kayakçılar arasında 2014-cü il Avropa çempionatının bürünc mükafatçısı Mirnazim Cavadovu üstələməyi bacarıb. Tamerlan Mustafayev finişə (39,64 saniyə) hamıdan tez çatıb. 
Kanoeçilərin mübarizəsində isə Nikita Sablin mütləq qalib olub. Gənc idmançı 1 nəfərlik qayıqla hər 3 məsafə üzrə yürüşdə rəqiblərini üstələyib. O, 200 metr məsafəni 44 saniyəyə qət edib. 500 metr məsafəyə yürüşdə Nikita Sablin 2 dəqiqə 4 saniyə nəticə göstərib. Taras Matviyçuk finişə 2 dəqiqə 6 saniyəyə, Aleksey Kupin isə 2 dəqiqə 7 saniyəyə çatıb. 1000 metr məsafəyə yürüşdə 4 dəqiqə 34 saniyəlik göstərici ilə birinci olan Nikita Sablin əsas rəqibi Aleksey Kupini cəmi 1 saniyə qabaqlayıb. 
Qeyd edək ki, Beynəlxalq Mingəçevir Reqatasında yüksək nəticələr göstərən Azərbaycan idmançıları müvafiq yığma komandaların heyətinə cəlb olunaraq, təlim-məşq toplanışlarında iştirak edəcəklər.


Bu yazı

6494 dəfə oxunub

Tarix

2015-11-13 12:40:28

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook