“Gələcəyin olimpiyaçıları” turnirinin qalibləri “Azəri” və "Xosrov Cəfərov" klubu oldu




Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında AGF-nin 1 saylı nümayəndəliyi üzrə sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr (2002-2004-cü il təvəllüdlü) arasında "Gələcəyin Olimpiyaçıları" komanda yarışları başa çatıb.
Turnirin ilk yarış günündə sərbəst güləş üzrə 8 klub mübarizə aparıb. "Həyat", "Xəzri", "Nardaran" və "Aran" Güləş Klubları A qrupunda, "Müşviqabad", "Azəri", "Xosrov Cəfərov" Güləş Klubları və Zenit İdman Cəmiyyətinin komandaları isə B qrupunda yarışıb.
Qrupda keçirdiyi bütün görüşləri qələbə ilə tamamlayan "Xəzri" və "Azəri" güləş klublarının komandaları yarışların finalına vəsiqə qazanıb. Həlledici görüşdə hesab 5:5, xalların sayı 21:21 bərabər olub. Ancaq fərdi görüşlərdə qazanılan xallar sayəsində "Azəri" GK komandası rəqibindən üstün olub və turnirin qızıl medalına sahib olub. "Xəzri" GK komandası isə gümüş medalla kifayətlənib. Bürünc medal uğrunda görüşdə Zenit İdman Cəmiyyətinin təmsilçiləri "Həyat" Güləş Klubu komandasını xal hesabı ilə 26:20 (5:5) üstələyib. "Müşviqabad" güləşçiləri "Aran" klubundan güclü olub və turniri beşinci yerdə tamamlayıb. "Nardaran" güləşçiləri isə "Xosrov Cəfərov" Güləş Klubunun təmsilçilərini məğlub edib və turniri yeddinci sırada başa vurub.




Turnirin ikinci günündə isə yunan-Roma güləşi üzrə yarışlar keçirilib.
İkinci yarış günündə yunan-Roma güləşi üzrə 10 komanda mübarizə aparıb. "Pirallahı" GK, "Olimp" İK, Göyçay, "Şahin" İK və "Xosrov Cəfərov" GK komandaları A qrupunda, "Bakı" GK, Sumqayıt, "Cəngi" GK, "Hövsan" GK və "Həyat" GK komandaları isə B qrupunda yarışıb.

Qrupda keçirdiyi bütün görüşləri qələbə ilə tamamlayan "Xosrov Cəfərov" və "Hövsan" Güləş Klublarının komandaları yarışların finalında qarşılaşıb. 7:3 hesablı qələbə qazanan "Xosrov Cəfərov" GK komandası turnirin qızıl medalını qazanıb. "Hövsan" GK komandası isə gümüş medalla kifayətlənib. Bürünc medal uğrunda görüşdə "Cəngi" GK komandası Göyçay təmsilçiləri üzərində qələbə qazanıb. 5-ci yer uğrunda görüşdə "Olimp" İK komandası Sumqayıt güləşçilərindən, 7-ci yer uğrunda görüşdə isə "Bakı" GK güləşçiləri "Pirallahı" GK komandasından üstün olub. "Şahin" İK təmsilçilərini məğlub edən "Həyat" GK komandası turniri 9-cu yerdə tamamlayıb.

Yarışda ilk üç yeri tutmuş komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və medallarla, həmçinin pul mükafatı ilə təltif edilib.




Bu yazı

38644 dəfə oxunub

Tarix

2015-11-14 20:46:46

Yazını

Çap et

Yazını

Paylaş