Ölkənin ən güclü bodibildinqçiləri müəyyənləşdi



Mütləq çəkidə çempion dəyişmədi


Noyabrın 14-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsində bodibildinq üzrə Azərbaycan çempionatı keçirildi. 25 idmançının iştirak etdiyi çempionatda paytaxtla yanaşı, bölgə idmançıları da yarışdılar.
Yarışdan əvvəl Azərbaycan Bodibildinq və Fitness Federasiyasının prezidenti Rauf Bünyatəliyev çıxış etdi. O dedi: "Bu ölkə çempionatı il ərzində idmançılarımızın iştirak etdiyi son yarış olacaq. Bununla da biz 2015-ci ilə yekun vuracağıq. Hər il olduğu kimi, 2015-ci il də bizim üçün yaddaqalan olacaq. Belə ki, bodibildinqçilərimiz bu il bir sıra mötəbər yarışlarda uğur qazanıblar. Bildiyiniz kimi, bu il ölkəmiz ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etdi. Bütün dünya bu idman tədbirinin yüksək səviyyədə təşkilindən danışdı. Elə həmin ərəfədə Bakıda bu Oyunların mədəni proqramı çərçivəsində keçirilən bodilbildinq yarışında ölkəmiz uğurla iştirak etdi. Milli komandamızın üzvləri bütün rəqiblərindən üstün oldular. Bundan başqa, bir neçə gün əvvəl İspaniyanın Benidorm şəhərində bodibildinq üzrə 69-cu, klassik bodibildinq üzrə 10-cu dünya çempionatı keçirildi. Bu yarış da Azərbaycan idmanı üçün yadda qalan oldu. Çempionata 5 idmançı ilə yollanan yığma komandamız ümumi hesabda 2 medala yiyələnərək, üçüncü yeri tutdu. Boyu 180 sm-ə qədər olan idmançılar arasında Əli Əmrə həm birinci, həmdə mütləq çəkidə qalib adını qazandı. Bu, bizim illər boyu çəkdiyimiz zəhmətin bəhrəsidir. Hesab edirəm ki, bu gün ölkə çempionatında iştirak edən bodibildinqçilər yaxın vaxtlarda ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edəcəklər. Hər bir iştirakçıya uğurlar arzulayıram”.

Çıxış başa çatdıqdan sonra ölkə çempionatına start verildi. 25 idmançı arasında gərgin mübarizədə ən yaxşı bədən quruluşu olan idmançılar münsiflər heyəti tərəfindən seçildi. Belə ki, klassik bodibildinq növündə 6 iştirakçı arasında Kənan Axundov, Seyid Cüdeyri və Seymur Sadıxov ilk üçlükdə yer aldılar. Çəkisi 85 kq-ya qədər bodibildinqçilərin mübarizəsində Camal Cüdeyri bütün rəqiblərini qabaqladı. Nizami Yarməmmədov ikinci, Xəyal Kazımov isə üçüncü yerə layiq görüldü. Çəkisi 85 kq-dan yuxarı olan bodibildinqçilər arasında Vüqar Verdiyev ölkə çempionu adını qazandı.
Şakir Xanbutov gümüş, Məmmədəli Məmmədrza isə bürünc mükafatla kifayətləndilər. Azərbaycan çempionatının mütləq qalibi adı uğrunda mübarizədə, ötən il olduğu kimi, yenə də "BestGym” klubunun təmsilçisi Vüqar Verdiyev bu titula yiyələndi. Sonra yarışda fərqlənən idmançılara diplom və pul mükafatları təqdim olundu.



Anar Əhmədov


Bu yazı

32434 dəfə oxunub

Tarix

2015-11-20 09:43:25

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook