“Fənərbağça” bu ay fəaliyyətə başlayacaq

Ölkəmizdə inkişafda olan idman növlərindən biri də basketboldur. Olimpnews.az saytının məlumatına görə, millimizin heyətini gücləndirmək və gələcək yarışlarda yüksən nailiyyətlər qazanmaq üçün Azərbaycan Basketbol Federasiyası tərəfindən məqsədyönlü tədbirlər həyata keçirir. Basketbolun ölkəmizdə inkişafına töhfə verməyə səy göstərənlərdən biri də millimizin aparıcı üzvü olan Amil Həmzəyevdir.

Təcrübəli idmançı paytaxtımızda "Fənərbağça” basketbol məktəbi açmağı planlaşdırır. Bu məsələ ilə bağlı ətraflı məlumat almaq üçün basketbolçu ilə görüşdük. Amilin sözlərinə görə, belə bir məktəb açmaq onun çoxdankı arzusu olub. "Bakıda basketbol məktəbi açmaq barədə xeyli müddətdir düşünürdüm. Lakin belə işlərdə təcrübəm olmadığı üçün bir qədər çəkinirdim. Avropa Oyunlarında aldığım zədə səbəbi ilə idmandan bir müddət uzaqlaşdım və bu məsələ barədə düşünməyə xeyli vaxtım oldu. Düzünü desəm, qardaşımın təklifi ilə əvvəlcə "Galatasaray” məktəbi yaratmaq istəyirdim. Düşünürdüm ki, məktəbdə bütün idman növləri üzrə məşqlər keçirilsin. Lakin ölkəmizdə "Galatasaray”ın futbol məktəbi fəaliyyət göstərdiyi üçün mən "Fənərbağça” klubu ilə əməkdaşlıq etmək qərarına gəldim. Bu klubu seçməyimin əsas səbəbi isə 2008-2009-cu illərdə "Fənərbağça”nın ehtiyat oyunçuları qismində çıxış etməyim oldu. Klub ilə artıq bir illik müqavilə imzalanıb və hər il müqavilə yenilənəcək. Yanvar ayının sonunda Bakıda işə başlayacaq mərkəzdə bir müddət basketbol tədris olunacaq. Daha sonra isə voleybol, futbol, atletika və digər növlər üzrə də məşqlərin keçirilməsi planlaşdırılır. Uşaqlara basketbolun sirlərini 15 il millimizin üzvü olan Anar Sarıyev və türkiyəli bir mütəxəssis öyrədəcək. Məktəbdə yaxşı tərəfədən fərqlənən yeniyetmə basketbolçulara "Fənərbağça” klubunda məşq etməyə şans veriləcək. İdman ocağımızda məşq edən uşaqlara hərtərəfli nəzarət olunacaq. Uşaqların məşq prosesləri ilə yanaşı, fiziki vəziyyəti də ciddi nəzarət altında saxlanılacaq. Mütamadi olaraq müayinələrdən keçən yeniyetmə basketbolçuların test nəticələri üç aydan bir "Fənərbağça” klubuna göndəriləcək. Məktəbin üzvlərini daha da həvəsləndirmək üçün qış və yay düşərgələri də təşkil etmək fikrimiz var. Qiş düşərgəsi İstanbulda, yay düşərgəsi isə Antalya şəhərində təşkil olunacaq”, - deyə Amil Həmzəyev bildirdi.

O qeyd etdi ki, uşaqların məşqləri ilə yaxından tanış olmaq üçün "Fənərbağça” klubunun təmsilçiləri də tez-tez Bakıya gələcəklər. Paytaxtda belə bir məktəbin açılmasında məqsədin Azərbaycan millsinin heyətini gücləndirmək olduğunu deyən basketbolçu gələcəkdə uğurlarının olacağına əmin olduğunu bildirdi: "Əlimizdən gələni edəcəyik ki, yetişdirdiyimiz basketbolçular gələcəkdə ölkəmizi mötəbər yarışlarda layiqincə təmsil etsinlər. Mən inanıram ki, məqsədimizə çatacağıq. Hesab edirəm ki, milli komandanın heyətini əsasən yerli oyunçular təşkil etməlidir. Təbii ki, legionerlərin xidmətindən bütün dünyada istifadə olunur. Lakin mən komandamızın heyətində yerli basketbolçuları görmək istərdim”.

Məlumat üçün bildirək ki, paytaxt sakinlərinin istifadəsinə veriləcək "Fənərbağça” məktəbinə 6-14 yaş arası uşaqlar müraciət edə bilərlər.





Bu yazı

18498 dəfə oxunub

Tarix

2016-01-12 15:46:03

Yazını

Çap et

Yazını

Paylaş