Daha iki idmançımız olimpiadaya lisenziya qazanıb


Azərbaycan taekvondoçuları Milad Beigi Hərçəqanı (80 kq) və Patimat Abakarova (49) Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazandırıblar.

Yanvarın 17-də İstanbulda keçirilən Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində mübarizə aparan Azərbaycan yığmasının üzvü Milad Beigi Hərçəqanı latviyalı Yanus Kauneni (16:0), erməni idmançı Arman Yeremyanı (11:1) və yarımfinalda türkiyəli Yunus Sarını (10:1) böyük hesablarla məğlub edərək finala yüksəlib. İdmançımız finalda polşalı rəqibi Pyotr Pazinskiyə 14:2 hesabı ilə qalib gələrək turnirin qızıl medalını əldə edib.

Patimat Abakarova isə hollandiyalı Dino Poriunes-Lanqerudidən (4:1), yunanıstanlı idmançı İoanna Kotsudan (5:1), yarımfinalda isə ukraynalı İrina Romaldanovadan (3:1) üstün olaraq finala adlayıb. P.Abakarova finalda serbiyalı idmançı Tiyana Boqdanoviçi (6:5) mübarizədən kənarlaşdıraraq yarışın qalibi olub.

Avropa təsnifat turnirində hər çəki dərəcəsi üzrə finala yüksələn idmançılar Olimpiya Oyunlarına vəsiqəni təmin edirlər. Beləliklə, hər iki taekvondoçumuz Rio-2016 Olimpiadasında iştirak hüququ əldə ediblər.
Bununla da, Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına taekvondo üzrə lisenziya qazanan idmançılarımızın sayı 4-ə çatıb. Fəridə Əzizova ölkəmizə taekvondo üzrə 2-ci lisenziyanı yanvarın 16-da qazandırmışdı. Digər lisenziyanın sahibi Radik İsayev 2015-ci ilin dekabrında 80 kiloqramdan yuxarı çəki dərəcəsində Olimpiadaya iştirak hüququnu təmin etmişdi.









Bu yazı

5228 dəfə oxunub

Tarix

2016-01-18 11:44:07

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook