Perspektivli yeniyetmə idmançı

Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurla çıxışlarını eşidəndə qəlbimiz fərəh hissi ilə dolur. Çünki beynəlxalq turnirlərdə əldə olunan hər bir qələbə ölkəmizin bayrağının yüksəldilməsi, himnimizin səsləndirilməsi deməkdir. Sevindirici haldır ki, öz qələbələri ilə bizi sevindirən idmançıların sayı ildən-ilə artır. Əsas məqamlardan biri də odur ki, nailiyyətlər həm Olimpiya, həm də qeyri- Olimpiya idman növlərində əldə olunur.

Olimpnews.az saytının məlumatına görə, Özünün istedadı, döyüş bacarığı, yüksək texnikası ilə qələbələr qazanan idmançılarımızdan biri də Murad Cavadovdur. 2013-cü ildən uşu-sanda növü ilə məşğul olan yeniyetmə idmançının uğurları ürəkaçandır. Potensiallı döyüşçü uşu-sandanın sirlərinə "Peşəkar sanda” klubunda yiyələnir. Onun məşqçisi dəfələrlə dünya və Avropa çempionu tituluna layiq görülmüş təcrübəli döyüşçü Babək Hüseynovdur. Babək müəllim uşu-sandanın sirlərini öz yetirməsinə həvəslə aşılayır. Məşqçinin tapşırıqlarına hər zaman ciddi şəkildə əməl edən Murad bir sıra yarışların qalibidir. 2014-cü ildə keçirilən respublika çempionatında 40 kq çəkidə döyüşən yeniyetmə idmançı bütün rəqiblərini məğlub edərək çempion adına layiq görülüb. Elə həmin il peşəkarlar arasında keçirilən ölkə kuboku yarışlarında da Murad birinci yeri tutub. Perspektivli döyüşçü idmana öz istəyi və atasının tövsiyəsi ilə gəlib. Muradın atası Natiq müəllim övladının bu növün sirlərini təcrübəli məşqçi Babək Hüseynovdan öyrənməsini istəyib. "Atam mənim idmançı olmağımı çox istəyirdi. Onun arzusu və mənim həvəsim üst-üstə düşürdü. Döyüş növlərinə olan marağım uşu-sanda növünü seçməyimə səbəb oldu. 2013-cü ildən Babək Hüseynovun yanında məşq edirəm. Məşqçimin təcrübəsi, bu növün incəliklərinə dərindən bələd olması mənim uğurlarıma yol açıb. Bir sıra yarışlarda etimadı doğrultmuşam. Sevinirəm ki, məşqçim mənim çıxışlarımdan razı qalır. Əminəm ki, ölkəmizin idman şərəfini bundan sonra da uca tutacağam,”- deyə yeniyetmə döyüşçü bizimlə söhbətdə bildirdi.

2015-ci il Murad Cavadovun idman həyatında bir sıra qələbələrlə yadda qalıb. O, ötən il Şağan Olimpiya Kompleksində kempo döyüşü üzrə keçirilən Avroaziya çempionatında birinci yeri tutub. Həmin yarışda İran, Rusiya, Əfqanıstan Qazaxıstan, Pakistan və digər ölkələrin kempo ustaları gücünü sınayıb. Yeniyetmə döyüşçü mart ayında Portuqaliyada təşkilv olunan dünya çempionatında da ölkəmizi layiqincə təmsil edib. Həmin çempionatda 43 ölkənin ən güclü uşu-sanda ustaları yarışıb. Bütün döyüşlərdə qalib gələn Murad vətənimizə qızıl medalla qayıdıb. Yeri gəlmişkən deyək ki, onun məşqçisi Babək Hüseynov da Portuqaliyada yarışıb və ikinci yeri tutub. Ən ağır çəkidə yarışan təcrübəli idmançı həmin yarışda ciddi zədə alsa da, sona qədər mübarizə aparıb və gümüş medal əldə edib.

2016-cı ildə yeniyetmə idmançımızı bir sıra yarışlar gözləyir. O, gələn il ölkəmizdə təşkil olunacaq İslam Həmrəylik Oyunlarında da mübarizə aparmaq arzusundadır.




Bu yazı

5483 dəfə oxunub

Tarix

2016-01-21 11:47:55

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook