2015-ci il uğurlu nailiyyətlərlə yadda qalıb


Son illlər ölkəmizdə universal döyüş idman növündə yüksək nailiyyətlər əldə olunub. Olimpnews.az saytının məlumatına görə, bu idman növü ilə məşğul olan təmsilçilərimiz ən mötəbər yarışlardan vətənə medallarla dönürlər. Döyüşçülərimiz indiyədək keçirilən dünya və Avropa çempionatlarında qızıl, gümüş, bürünc medallar qazanaraq ölkəmizi dünyada layiqincə təmsil ediblər. Qeyd edək ki, ölkəmizdə hər il ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş universal döyüş üzrə ənənəvi beynəlxalq turnir ən yüksək səviyyədə təşkil olunur. Müxtəlif illərdə ayrı-ayrı yaş qrupları üzrə respublikamızda keçirilən Avropa və dünya çempionatları, birincilikləri də yüksək təşkilatçılığı ilə yadda qalıb. Xatırladaq ki, 2006-cı ildə qadınlar arasında bu növ üzrə keçirilən ilk dünya çempionatına məhz paytaxtımız ev sahbiliyi edib.

Daha bir yaddaqalan il
Ötən il Azərbaycan Universal Döyüş Federasiyası üçün uğurlu illərdən olub Yığmanın üzvləri Avropa və dünya çempionatında, beynəlxalq turnirlərdə mükafatalayiq yerlər tutublar. 2015-ci ildə federasiya tərəfindən ənənəyə uyğun olaraq ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir Ağdamın Quzanlı kəndində keçirilib. Federasiya bu müddətdə universal döyüşün respublikamızın müxtəlif bölgələrində inkişaf etdirilməsi istiqamətində mühüm işlər görüb. Hazırda respublikamızın 60 bölgəsində federasiyanın nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, Beynəlxalq Universal Döyüş Federasiyasının I vitse-prezidenti Azər Həsənov bizimlə söhbətində ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan söz açdı: "Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idman sahəsində apardığı uğurlu siyasətin nəticəsidir ki, ölkəmizdə idman inkişaf edib. 

Respublikamızda Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinə də dövlət tərəfindən diqqət və qayğı göstərilir. Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Universal Döyüş Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə indiyədək bir sıra mötəbər beynəlxalq turnirlər təşkil edilib. Qeyd edim ki, bu növ üzrə yarışların təşkili ölkəmizdə universal döyüşün inkişafına və təbliğinə xidmət etməklə yanaşı, yeniyetmə və gənclərin hərbi-vətənpərvər ruhda böyümələrinə şərait yaradır. Bu növ həmçinin müxtəlif dövlətlərin güc strukturlarında əsas idman növü kimi tətbiq olunur. Yığma komandanın üzvləri ötən il keçirilən yarışlarda uğurlu çıxışları ilə yadda qalıblar. İnanırıq ki, idmançılarımız növbəti illərdə də uğurlar qazanaraq Azərbaycan idmanına öz töhfələrini verəcəklər”.

Uğurlar davam edir
2015-ci ildə universal döyüşçülərimiz Avropa və dünya birincilikləri və çempionatlarında uğurlu nəticələr qazanıblar. 10-11, 12-13, 14-15, 16-17 yaşlılar arasında keçirilən Avropa və dünya birinciliklərində təmsilçilərimiz ötən illərə nisbətən daha yüksək nailiyyətlər əldə ediblər. Uğurların əldə olunması federasiyada aparılan məqsədyönlü işlərin əməli nəticəsidir. Ötən ilin əsas nailiyyəti böyüklər arasında keçirilən dünya çempionatında qazanılıb. Təmsilçilərimiz uğurla çıxış edərək 2 qızıl, 7 gümüş, 1 bürünc medal əldə ediblər. Yarışda ölkəmizi 12 idmançı təmsil edib. Layt və klassik versiyalar üzrə keçirilən dünya çempionatında 50-dən çox ölkədən 400-dək idmançı qüvvəsini sınayıb. Yığma üzvlərindən Nicat Əliyev (75 kq, klassik versiya) və Orxan Qurbanov (70 kq, layt versiya) bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıblar.
Nicat Tağıyev (85 kq) və Xəyal Abdullayev (80 kq) klassik, Muradxan Fərzəliyev (85 kq), Mehman Hüseynov (80 kq), Tahir Məsimov (90 kq), Orxan Binnətov (92 kq), Sahil Namazov (65 kq) layt versiyalarında gümüş medala yiyələniblər. Mehman Hüseynov (80 kq) isə layt versiyasında bürünc medala sahib çıxıb.
Yığmamız ümumi hesabda ikinci pillədə qərarlaşıb. Birinci və üçüncü yerləri, müvafiq olaraq, Rusiya və Qazaxıstan milliləri tutublar. Qeyd edək ki, Elşən İsmayılov ölkəmizi hakim kimi təmsil edib. Ümumilikdə ötən il ərzində keçirilən beynəlxalq, Avropa və dünya səviyyəli yarışlarda universal döyüşçülərimiz 41 qızıl, 56 gümüş, 44 bürünc medala sahib çıxıblar.

Komandanın təcrübəli üzvlərindən üçqat dünya və Avropa çempionu Nicat Əliyev, ikiqat dünya və Avropa çempionu Orxan Qurbanov, dünya çempionları Tahir Məsimov, Muradxan Fərzəliyev, Avropa çempionu, dünya ikincisi Mehman Heseynov, Xəyal Abdullayev Avropa çempionları Nicat Tağıyev, Əli Həsənli, Avropa çempionu və dünya mükafatçıları Rasim İsmayılov, Mehman Hüseynov, Allahşükür Fərzəliyev, Fuad Vahidzadənin adlarını qeyd etmək olar.

Qeyd etdiyimiz kimi, ötən il ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir Ağdamın Quzanlı kəndində təşkil olunub. Azər müəllim komandanın yarışda çıxışından danışdı: "Ötən ilin əsas yarışlarından olan ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən yarışa Ağdamın Quzanlı kəndi ev sahibliyi etdi. Xatırladım ki, indiyədək biz bu yarışları, Qusarda keçirmişik. Belə yarışların ucqar bölgələrdə, regionlarda keçirilməsi idmanın təbliğinə və universal döyüşün bölgələrdə inkişafına xidmət edir. Bu gün Azərbaycan müharibə şəraitindədir. Belə bir idman növü üzrə yarışların məhz cəbhə bölgəsində təşkili həmçinin yeniyetmə və gəncləri vətənin müdafiəsinə ruhlandırır, onlarda qələbə əzmini yüksəldir. Bununla belə, əsas məqsədimiz bu idman növünü paytaxtla yanaşı, bölgələrdə də inkişaf etdirməkdir. Ötən ilin digər bir əsas yarışı noyabr ayında Rusiyanın Medin şəhərində keçirilən böyüklər arasında dünya çempionatı oldu. Çempionatda komanda uğurlu çıxış nümayiş etdirdi. İdmançılarımız yarışa hazırlıq məqsədilə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə mərhələli şəkildə bir neçə təlim-məşq toplanışında iştirak etmişdilər. Yığma komandanın heyətində paytaxt klubları ilə yanaşı, bölgə klubları da yer almışdılar. Xatırladım ki, 2013-2014-cü illərdə də komanda qızıl medallar qazanmışdı. 2015-ci ildə də uğurlu nəticəyə ümid edirdik. Komandamızın əsas rəqibləri Rusiya, Belarus, Rumıniya, İtaliya, Ukrayna, Gürcüstan təmsilçiləri idilər. İdmançılarımız onlara bəslənilən ümidləri doğrultdular. İldən-ilə titullu idmançılarımızın sayı artır. Bu o deməkdir ki, komandada güclü rəqabət var, ölkəmizdə dünya səviyyəsində öz sözünü deməyə qadir komanda formalaşdırıb. Azərbaycan digər ölkələrə ciddi rəqib hesab olunur”.

Ölkəmiz bu il daha bir mötəbər yarışa ev sahibliyi edəcək
Federasiyada idmançılarla yanaşı, beynəlxalq dərəcəli hakimlərin, təcrübəli məşqçilərin yetişdirilməsinə də diqqət yetirilir. Ədalət təmsilçilərimiz indiyədək müxtəlif vaxtlarda Avropa və dünya çempionatlarında ədaləti qoruyublar. Federasiya tərəfindən mütəmadi olaraq hakimlər və məşqçilər üçün seminarlar keçirilir. Qeyd edək ki, bu il ölkəmiz 14-15, 16-17 yaşlılar arasında Avropa birinciliyinə ev sahibliyi edəcək. Heç şübhəsiz, ölkəmiz bu yarışa hazırlığı yüksək səviyyədə həyata keçirəcək. 2016-cı ildə universal döyüşçülərimizi yeni sınaqlar gözləyir. Müxtəlif yaş qrupları üzrə keçiriləcək mötəbər yarışlarda, dünya və Avropa çempionatlarında ölkəmizin idman şərəfini layiqincə qorumaları üçün komandanın müvafiq hazırlıq planı da tərtib olunub. İnanırıq ki, universal döyüşçülərimiz qarşıdakı yarışlarda onlara göstərilən etimadı doğruldacaq və medal kolleksiyalarını zənginləşdirəcəklər.




Aysel Sultanova

Bu yazı

8945 dəfə oxunub

Tarix

2016-01-21 12:15:49

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook