Yarışa hazırlıq yüksək səviyyədə gedir


Azərbaycan kikboksçuları fevralın 15-17-də keçiriləcək XXII Azərbaycan çempionatına hazırlığı davam etdirirlər. Fevralın 8-də DİN İC-in kikboksinq bölməsində KİV nümayəndələri üçün açıq məşq keçirildi. DİN İC-in kikboksinq üzrə baş məşqçisi, əməkdar məşqçi Hikmət Hacıyevin rəhbərliyi altında keçirilən məşqlərdə müxtəlif klubların təmsilçiləri iştirak edirlər. İdmançı və məşqçilər yarışa hazırlıqla bağlı fikirlərini Olimpnews.az saytı ilə bölüşdülər.

«İnanıram ki, təmsilçilərimiz onlara bəslənilən ümidləri doğruldacaqlar»

Hikmət Hacıyev, DİN İC-in kikboksinq üzrə baş məşqçisi:
- 2 aya yaxındır ki, idmançılarımız ölkə çempionatına hazırlıq məqsədilə ciddi məşq edirlər. Hazırlığın ilk mərhələsində fiziki məşqlər həyata keçirmişik. Son hazırlıq prosesində taktiki-texniki məşqlərə üstünlük verilib. Bildiyiniz kimi, ölkə çempionatında 12 çəki dərəcəsi üzrə döyüşlər keçiriləcək. DİN İC çempionata ən böyük heyətlə qatılacaq. Ötən il yetirmələrimdən 7-si çempion adını qazanmışdı. Bu il isə 9 yetirməmin çempion olacağına inanıram. Budəfəki ölkə çempionatında qadınlar arasında da 4 idmançımız çıxış edəcək. Onlardan 2-si ötən il respublika çempionu adını qazanıblar. Ölkə çempionatının final görüşləri peşəkar döyüşlərdən ibarət olacaq. Bunun da idmançılarımız üçün öz üstünlükləri var. Belə ki, komandamızın üzvləri peşəkarlar arasında beynəlxalq qarşılaşmalara çıxanda daha da ürəklə döyüşəcəklər. Qeyd edim ki, müxtəlif klublar hazırlığı DİN İC-də keçirlər. Yarışda iştirak edən digər idmançılara da uğurlar arzulayıram. Qarşıda kikboksçularımızı mötəbər yarışlar gözləyir. Böyüklər arasında Avropa çempionatı olacaq. Yığma komandanın heyəti müəyyənləşdikdən sonra yeniyetmə və gənclərimiz də dünya çempionatında qüvvələrini sınaycaqlar. Fevralın 27-də DİN İC-in üzvü Zöhrab Əzimovu Rusiyada revanş döyüşü gözləyir. Onun rəqibi rusiyalı idmançı Timur Nadirov olacaq. Komandamızın üzvü Ramal Aslanov mart ayında Almaniyada peşəkarlar arasında keçiriləcək döyüşdə çıxış edəcək. Komandamızın yüksək səviyyəli məşq keçməsi və yarışlarda iştirakı üçün bizə yaradılan şəraitə görə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevə öz təşəkkürümü bildirirəm. İnanıram ki, təmsilçilərimiz onlara bəslənilən ümidləri doğruldacaqlar.

«10 dəfə çempion olsam, bundan sonra ancaq beynəlxalq yarışlarda döyüşəcəyəm»

Ramal Aslanov (71 kq), DİN İC-in təmsilçisi, dünya və Avropa çempionu:
- Çempionata hazırlığım yüksək səviyyədə gedir. Ölkənin ən güclülərinin yarışında həm həvəskarlar, həm də peşəkarlar arasında çıxış edəcəyəm. Qeyd edim ki, dünya səviyyəsində də WAKO versiyası üzrə yarışların finalı peşəkar döyüşlərdən ibarət olur. Bu mənim üçün sonuncu ölkə çempionatı olacaq. İndiyədək 9 dəfə ölkə çempionu adını qazanmışam. Məşqçimə söz vermişəm ki, 10 dəfə çempion olsam, bundan sonra ancaq beynəlxalq yarışlarda döyüşəcəyəm. Peşəkarlar arasında döyüşlərdə təcrübəm var. İndiyədək ölkə çempionatlarında döyüşlərimin əksəriyyətini nokautla başa vurmuşam. İnanıram ki, bu yarışda da qalib olacağam. Bu il martın 26-da Almaniyada peşəkarlar arasında Dünya kəməri uğrunda hollandiyalı idmançı ilə döyüşəcəyəm. DİN İC-in təmsilçiləri yarışlara yüksək səviyyədə hazırlaşıblar. Məşqçim Hikmət Hacıyevin üzərimizdə böyük əziyyəti var. İnanıram ki, əziyyətimizin bəhrəsini görəcək, kuboka sahib çıxacağıq.

«Bu il çempion olmağı qarşıma məqsəd qoymuşam»

Fuad Zeynalov (86 kq), dünya və Avropa çempionu "Sərhədçi” İOM-un təmsilçisi:
- Ötənilki ölkə çempionatında üçüncü olmuşdum. Yarımfinalda rəqibimlə bərabər döyüşsək də, hakimlər qələbəni ona verdilər. Bu il çempion olmağı qarşıma məqsəd qoymuşam. Hazırda məşqlərimi DİN İC-də davam etdirirəm. 2007-ci ildə Azərbaycanda ilk dəfə peşəkarlar arasında keçirilən döyüşlərdə iştirak etmişəm. Bu baxımdan, düşünürəm ki, peşəkar döyüşlərdə çıxışım zamanı da çətinliklə üzləşməyəcəyəm. Bu ölkə çempionatından sonra bir neçə beynəlxalq yarışda iştirak edib idmançı karyeramla vidalaşmaq istəyirəm. Bundan sonra fəaliyyətimi məşqçi kimi davam etdirəcəyəm. Hazırda "Sərhədçi” İOM-da məşqçi kimi çalışıram. 150 yetirməm var. Onlardan 15-i builki ölkə çempionatına qatılacaq. Qalib gələrək yetirmələrimə örnək olmaq istəyirəm.


«Bu, mənim üçün revanş döyüşü olacaq»

Zöhrab Əzimov (60 kq), dünya və Avropa çempionu, DİN İC-in təmsilçisi:
- Ölkə çempionatına hazırlığımız davam edir. Özümə inanıram. 9 dəfə ölkə çempion adını qazanmışam.
Artıq fiziki hazırlıqlarımızı başa vurmuşuq. Peşəkarlar arasında karyeram ərzində 15 döyüş keçirmişəm. 

Onlardan 5-də nokautla qalib gəlmişəm. Fevralın 27-də məni rusiyalı rəqibimlə peşəkar döyüş gözləyir. Xatırladım ki, ötən il keçirilən yarışda rəqibimə xal hesabı ilə uduzmuşdum. Bu, mənim üçün revanş döyüşü olacaq. İnanıram ki, təcrübəm sayəsində rəqibimə qalib gələcəyəm.



«Komandamızın heyətində kifayət qədər istedadlı idmançılar var»

Samir Həsənov, (63,5 kq) Ramil Səfərov adına "Cənub” İK-in təmsilçisi:
- "Cənub”İK 6 ildir ki, fəaliyyət göstərir. Komandamızın heyətində kifayət qədər istedadlı idmançılar var. Mənimlə birgə yetirmələrim də ölkə çempionatında iştirak edəcəklər.

Ötən il respublika üçüncüsü olmuşam. Builki yarışa hazırlığım yüksək səviyyədə gedir. İki dəfə Gürcüstanda peşəkar yarışda qalib gəlmişəm. May ayında İtaliyada keçiriləcək Dünya kubokuna vəqiqə qazanmaq və burada ölkəmizi təmsil etmək istəyirəm.




"İdmançılarımız kadetlər və kişilər arasında mübarizə aparacaqlar"

Elşən İsayev (60 kq), "Şindi” İK-in təmsilçisi:
- "Şindi” idman klubu olaraq məşqlərimizi Hövsan Olimpiya İdman Kompleksində keçirik. Komandamızın 10 idmançısı yarışda iştirak edəcək. İdmançılarımız kadetlər və kişilər arasında mübarizə aparacaqlar.

Yarışa yaxşı hazırlaşmışıq. Sürət məşqləri və texniki hərəkətlər üzərində işləyirik. Bilirəm ki, çıxış edəcəyim çəkidə öz sözlərini demiş idmançılar var. Yarışa son hazırlıq prosesini Hikmət Hacıyevin rəhbərliyi altında DİN İC-da keçmişəm. Ümid edirəm ki, əziyyətim hədər getməyəcək.



«Həm peşəkar, həm də həvəskar döyüşlərə psixoloji cəhətdən hazıram»

Emil Mövsümzadə (74 kq), dünya və Avropa çempionu, DİN İC-in təmsilçisi:
- Çıxış etdiyim çəki dərəcəsində favorit idmançılardanam. Gündə iki dəfə məşqlərdə iştirak edirəm. Cəmiyyət tərəfindən qidalanma, vitaminizasiya ilə təmin olunuruq. 14 ildir ki, idmandayam.

Bu sahədə kifayət qədər təcrübəm var. Həm peşəkar, həm də həvəskar döyüşlərə psixoloji cəhətdən hazıram. Ölkə çempionatından sonra Azərbaycanda keçiriləcək peşəkar döyüşlərdə və oktyabrda təşkil ediləcək Avropa çempionatında iştirak edəcəyəm.







Aysel Sultanova

Bu yazı

6852 dəfə oxunub

Tarix

2016-02-09 12:32:41

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook