Rafael Məmmədov: “Məşqçinin əziyyəti mütləq öz bəhrəsini verir”


Ölkəmizdə Olimpiya idman növləri ilə, qeyri-Olimpiya idman növlərinin inkişafına eyni səviyyədə qayğı göstərilir. Respublikamızda olan Olimpiya idman kompleksləri, idman cəmiyyətləri, klublar həm Olimpiya, həm də qeyri-Olimpiya idman növlərində mübarizə aparan gənclərimizə eyni səviyyədə xidmət göstərir. Azərbaycanda uşaq, yeniyetmə və gənclərin böyük həvəs göstərdiyi karate də qeyri-Olimpiya idman növləri sırasına daxildir. Lakin bu növ ölkəmizdə kifayət qədər populyarlıq qazanıb. İndi respublikamızın istər paytaxtında, istərsə də bölgələrdə karate üzrə bölmələr fəaliyyət göstərir. Karate ustalarımız dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə əldə etdikləri qələbələrlə xalqımızı sevindirirlər.

Olimpnews.az saytının məlumatına görə, "Gənclik şəhəri” Sumqayıtda da karate kifayət qədər sevilir. Sumqayıtlı uşaq, yeniyetmə və gənclərə bu növün sirlərini aşılayan nüfuzlu idman ocaqlarından biri də "Dostluq” əlbəyaxa döyüş növləri idman klubu ictimai birliyinin Sumqayıt şəhər şöbəsidir. Şöbəyə tanınmış karate ustası, bu növün Azərbaycanda inkişafında xüsusi xidmətləri olan V dan qara kəmər sahibi, Əməkdar məşqçi Rafael Məmmədov rəhbərlik edir. Zəngin idman təcrübəsi olan bu mütəxəssis, eyni zamanda Azərbaycan Kontakt Karate Federasiyasının Sumqayıt şəhər şöbəsi və Şimal bölgəsi üzrə rəhbəridir.
Təcrübəli mütəxəssisin yetirmələri şəhər yarışlarında, respublika çempionat və birinciliklərində, müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticələr qazanıblar. Rafael Məmmədovun yetirmələri arasında 11 nəfər beynəlxalq dərəcəli I dan qara kəmər ustasının olması təsadüf deyil. Bu məşqçinin yetirməsi Xəyal Məmmədov Dünya Şotokan Karate Təşkilatı (WSKO) tərəfindən Gürcüstanda keçirilən dünya çempionatında bürünc medal qazanıb. Dünya kubokunun kata və kumite yarışlarının qalibi olan gənc idmançı Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən turnirin, həmçinin Xocalı soyqırımına həsr olunmuş turnirin qızıl medalçısıdır. Samir Məmmədov dəfələrlə şəhər, respublika birinciliklərinin, beynəlxalq turnirlərin qalibi olub. Gənc karateçi İranda təşkil olunan Şərq əlbəyaxa döyüş növləri festivalında və Gürcüstanda WSKO-nun keçirdiyi Dünya kubokunda ikinci yeri tutub. Rafael Məmmədovun yetiməsi Adil Quliyev də Sumqayıt şəhər birinciliklərində, respublika səviyyəli turnirlərdə mükafatçılar sırasında yer alıb. O, ötən il Gürcüstanda təşkil olunan dünya çempionatında erməni rəqibinə qalib gələrək bürünc medal əldə edib. Bu idman ocağının bacarıqlı döyüşçülərindən olan Kənan Abbasov da bir sıra beynəlxalq yarışlarda fərqlənib. Ötən il Gürcüstanda təşkil edilən dünya çempionatında bürünc medal bu idmançının payına düşüb. İranda keçirilən Şərq əlbəyaxa döyüş növləri festivalında isə, o, qızıl medala layiq görülüb. Kənan Türkiyədə keçirilən "İstanbul Open” beynəlxalq turnirində də mükafatçılar sırasında yer alıb. İranın ev sahibliyi etdiyi Şərq əlbəyaxa döyüş növləri festivalında daha bir qızıl medala Vasif Şıxıyev sahib çıxıb. Perspektivli idmançı şəhər, klub, respublika birinciliklərində də uğurla çıxış edir.

Qeyd edək ki, Rafael Məmmədov Azərbaycan Pankration, Grapplinq və MMA Federasiyasının Sumqayıt şəhər şöbəsinə də rəhbərlik edir. Onun bu növlərdə mübarizə aparan yetirmələri ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil edirlər. Bacarıqlı məşqçinin yetirməsi Ramin Vəliyev MMA üzrə dəfələrlə dünya və Avropa çempionu tituluna layiq görülüb. O, ötən il dünya kəmərinə sahib çıxıb. Bu növdə gücünü sınayan Hikmət Abdullayev dünya çempionudur. Yaqub Zamanov isə ölkə çempionatlarının və peşəkarlar arasında keçirilən beynəlxalq turnirlərin mükafatçısıdır.

Yetirmələrinin nailiyyətlərindən qürur duyduğunu deyən Rafael Məmmədov əldə olunan nəticələrin heç də asan başa gəlmədiyini bildirdi: "İdmanın istənilən növündə uğur qazanmaq üçün gərgin məşq etmək, əziyyətlərə qatlaşmaq lazımdır. İdmançının və məşqçinin əziyyəti mütləq öz bəhrəsini verir. Mən bunu hər zaman öz yetirmələrimə deyirəm. 6 yaşından başlayaraq 17 yaşınadək karatenin sirlərini mənim məşqçiliyim altında öyrənən Rafael Ağayev hazırda bütün dünyada tanınan idmançıdır. O, 4 qat dünya çempionu, 9 qat Avropa çempionu, həmçinin ötən il Bakıda keçirilən I Avropa Oyunlarının qalibidir. Bu uğurlar gərgin məşqlər sayəsində əldə olunub. İdmançılarımızın nailiyyətləri yarışdan-yarışa artır. Onlar ilk vaxtlarda şəhər, klublararası turnirlərdə, sonralar respublika səviyyəli yarışlarda iştirak edirlər. Belə yarışlarda qazanılan təcrübə yetirmələrimin beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarında iştirakına "yaşıl işıq” yandırır. Sevinirəm ki, zəhmətimiz hədər getmir. Yetirmələrim müxtəlif beynəlxalq turnirlərdə, ölkədaxili birinciliklərdə yüksək nəticələr göstərirlər. Ötən il əldə olunan nailiyyətlərimiz belə deməyə əsas verir. Klubumuzun idmançısı Aytən Məmmədova karate üzrə Azərbaycan milli komandasının üzvüdür. O, "Baku Open-2015” beynəlxalq turnirində və WSKO-nun Gürcüstanda təşkil etdiyi dünya çempionatında gümüş mükafat qazanıb, həmçinin bu il Azərbaycan Milli Karate Federasiyasının təşkil etdiyi respublika birinciliyinin kata yarışlarında ikinci yerdə qərarlaşıb. "İstanbul Open-2015” beynəlxalq turnirinin mükafatçısı olan Aytən perspektivli idmançılardandır. Öz çıxışları ilə bizi sevindirən Samirə Babayeva haqqında da xoş sözlər demək olar. Samirə dəfələrlə şəhər, respublika yarışlarının qalibi olub. Budo Döyüş Növləri Federasiyasının ötən il Hövsan Olimpiya İdman Kompleksində təşkil etdiyi Dünya kubokunda Samirə gümüş medala layiq görülüb. Məhəmməd İmamverdiyev, Mustafa Məmmədov, Malik Həsənov kimi idmançılarımız beynəlxalq turnirlərdə ölkəmizi ləyaqətlə təmsil edirlər. Bu karateçilər dəfələrlə respublika yarışlarında və beynəlxalq turnirlərdə mükafatçılar sırasında yer alıblar. Məhəmməd Milli Karate Federasiyasının Şəki şəhərində təşkil etdiyi beynəlxalq turnirdə ikinci yeri tutub. Mustafa isə Gürcüstanda təşkil olunan beynəlxalq turnirdə gümüş medal qazanıb. Perspektivli karateçi Malik Həsənov bir neçə dəfə respublika birinciliyinin qalibi seçilib. Göründüyü kimi, uğurlarımız ürəkaçandır. Bu il bizi bir sıra beynəlxalq yarışlar gözləyir. Əminəm ki, yetirmələrim onlara göstərilən etimadı yenə də doğruldacaqlar”.

Klubda olduğumuz vaxt burada növbəti məşq keçirilirdi. Gənc karateçilər məşqçilərin tapşırıqlarına diqqətlə qulaq asır, fəndləri dəqiq yerinə yetirməyə çalışırdılar. Məşq zalında olan səliqə-səhman, idmançıların nizam-intizam qaydalarına ciddi şəkildə əməl etməsi diqqətimizdən yayınmadı. Rafael Məmmədov qeyd etdi ki, uğurlara aparan yol nizam-intizamdan, məşqçilərin tövsiyələrinə ciddi şəkildə əməl etməkdən başlayır. "Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, intizamlı idmançı məşqlərdən heç vaxt yayınmır, verilən tapşırıqlara əməl edir, öz üzərində işləyir. Belə idmançıların uğurları da kifayət qədər olur. Məni ən çox sevindirən odur ki, yetirmələrimiz intizamlıdırlar. Onlar etik normalara, davranış qaydalarına biganə yanaşmırlar. Biz idmançılarımızın təkcə fiziki inkişafı, sağlamlığının qorunmasına deyil, onların kamil bir insan kimi formalaşmasına da diqqət yetiririk. Çalışırıq ki, yetirmələrimizin qəlbi vətən sevgisi ilə döyünsün. Beynəlxalq turnirlərdə Azərbaycan bayrağını dalğalandırmaqdan, himnimizi səsləndirməkdən qürur duysunlar. Sevinirik ki, yetirmələrimiz mötəbər yarışlarda vətənimizin idman şöhrətini uca tuturlar. Bacarıqlı döyüşçülər Samirə Məmmədova, Şamil Kazımov və digərləri məhz belə idmançılardır. Samirə Budo Döyüş Növləri Federasiyasının təşkilatçılığı ilə keçirilən kata və kumite yarışlarında qalib gələrək birinci yeri tutub. Bu idmançı WSKO-nun keçirdiyi Qara dəniz və Xəzəryanı ölkələrin ("Kaspian Cup”) turnirinin bürünc medalına da sahib çıxıb. Təmsilçimiz Şamil Kazımov WSKO-nun Gürcüstanda təşkil etdiyi dünya çempionatında, o cümlədən "İstanbul Open” beynəlxalq turnirlərində mükafata layiq görülüb. Yeniyetmə idmançımız Soltanəhməd Eyyubov dəfələrlə klublararası yarışlarda fəxri kürsünün I pilləsində yer alıb, karate üzrə respublika birinciliyində üçüncü olub. Xocalı soyqırımına həsr olunan yarışın gümüş medalçısı, budo üzrə respublika birinciliyinin mükafatçısı Akif Məmmədli də parlaq gələcəyi olan idmançıdır. İnanıram ki, adlarını iftixar hissi ilə qeyd etdiyim bütün idmançılar gələcəkdə ölkəmizi daha mötəbər yarışlarda təmsil edəcəklər”, - deyə o bildirdi.

Şübhəsiz ki, idmançının qazandığı qələbələrdə məşqçinin əməyi, çəkdiyi zəhmət önəmli rol oynayır. Hər bir məşqçi yetirməsinin uğurları üçün çalışır, bu yolda əlindən gələni əsirgəmir. "Dostluq” idman klubu ictimai birliyində çalışan məşqçiləri də bir məqsəd birləşdirir: karatenin sirlərini idmançılara dərindən aşılamaq, onları qələbəyə ruhlandırmaq. Onu da deyək ki, bu idman ocağında çalışan məşqçilər kifayət qədər təcrübəyə malik olan mütəxəssislərdir. Qarabağ əlili, II dan qara kəmər sahibi Eldar Əhmədov artıq 15 ildir ki, burada məşqçi kimi çalışır. Avropa çempionatının bürünc mükafatçısı, beynəlxalq turnirlərin mükafatçısı Orxan Babayev də öz bacarıqlarını yetirmələrinə həvəslə öyrədir. Klubun digər məşqçisi, II dan qara kəmər sahibi Elvin Bayramov gənclər arasında dünya çempionatının bürünc mükafatçısı, Dünya kubokunun və beynəlxalq turnirlərin qalibidir. Belə məşqçilərdən dərs alan idmançıların istənilən yarışda yalnız qələbə uğrunda mübarizə aparması isə, mübaligəsiz demək olar ki, təbii haldır.




Hürrü Abdullayev

Bu yazı

36380 dəfə oxunub

Tarix

2016-03-01 12:52:55

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook