Nadejda Konovalova: "Qəbələdəki atıcılıq mərkəzi müasirliyinə görə dünyada nadir komplekslərdən biridir"

"Qəbələ mənim yaddaşımda unudulmaz anlarla qalacaq. Mən qızıl medalımı məhz bu Beynəlxalq Qran-pri yarışlarında qazandım. Buna görə özümü xoşbəxt hiss edirəm. Rəqiblərim çox güclü idi, yarış çətin keçdi, lakin mən qalib oldum. Burada təşkilatçılıq çox yüksək səviyyədədir. Qəbələnin təbiəti çox xoşuma gəldi. Azərbaycana ilk dəfədir gəlirəm və burada hər şeyin gözəl olmasının şahidiyəm".

Olimpnews.az saytının məlumatına görə, bu sözləri Qəbələ Stend və Ox Atıcılığı Kompleksində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən Olimpiya atıcılıq növləri üzrə III Beynəlxalq Qran-pri yarışlarının qalibi, Rusiya idmançısı Nadejda Konovalova deyib. O, Qəbələdə bu yarışın yüksək səviyyədə təşkil olunması ilə yanaşı, insanların mehribanlığını da xüsusi vurğulayaraq deyib: "Buranın insanları çox qonaqpərvərdir. Üstəlik, Qəbələdə mənzərəli, görməli yerlər çoxdur. Qəbələ məni həqiqətən təəccübləndirdi. Çünki paytaxtdan uzaqda olan balaca bir şəhər müasirliyi ilə diqqətimi cəlb etdi. Müasir sosial obyektlər, otellər, istirahət mərkəzləri və idman obyektləri bu şəhərin gələcəkdə daha sürətlə inkişaf edəcəyini göstərir”.

Nadejda Konovalova Azərbaycanda atıcılıq idman növü üzrə gələcəkdə daha böyük uğurların qazanılacağına əminliyini bildirərək qeyd edib: "Qəbələdə və Bakıda müasir atıcılıq mərkəzlərinin olması barədə məlumatım var. Qəbələdəki atıcılıq mərkəzi dünyada çox az sayda olan müasir komplekslərdən biridir. Qəbələ atıcılıq mərkəzi çox yüksək səviyyədə inşa edilib, burada idmançılar və qonaqlar üçün lazımi şərait yaradılıb, məşq yerləri və yarış poliqonu əladır. Burada yarış yüksək səviyyədə təşkil olunub. Əminəm ki, bu kompleksdə beynəlxalq yarışlar tez-tez təşkil ediləcək. Azərbaycan idmançıları şanslıdırlar ki, onların ölkəsində bu cür şərait yaradılıb. Azərbaycanda atıcılıq sahəsində çoxlu idmançılar yetişə bilər və onlar bu şəraitdən yaxşı bəhrələnərək gələcək yarışlarda yüksək nəticələr əldə edə bilərlər”.


Bu yazı

10631 dəfə oxunub

Tarix

2016-05-13 11:39:43

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook