Bakı Tennis Akademiyası gənclərin fiziki inkişafına öz töhfəsini verir


İdman sağlamlığın möhkəmləndirilməsi, iş qabiliyyətinin artırılması, psixoloji gərginliyin aradan qaldırılması, orqanizmin daim gümrah vəziyyətdə qalması və özünəinam hisslərinin yaranmasında mühüm əhəmiyyət daşıyır. Qısaca desək, idmanın imkanları genişdir. Şübhəsiz, sağlamlığın təmin edilməsi , bərpası və qorunması idmanda başlıca faktordur. İdman hər bir kəsin sağlamlığına , formada qalmasına yardım edir. Uşaq və gənclərin , eləcə də yaşlı nəslin gümrahlığı, sağlam həyat tərzi məhz idmanla tənzimlənir.

Sağlam olmaq özünü həm fiziki, həm də mənəvi cəhətdən yaxşı, gümrah hiss etmək deməkdir. Dolu bədən, pəhləvan cüssə heç də həmişə sağlamlıqdan xəbər vermir. Sağlamlığın mahiyyəti uşaq və ya gəncin fiziki və mənəvi gücünün vəhdətində, əsəb sisteminin normallaşmasında, müxtəlif zərərli təsirlərə dözə bilmək qabiliyyətindədir. Müşahidələr göstərir ki, sağlam uşaq daim ətraf aləmlə maraqlanır, gülür, oynamağa, qaçmağa, şənlənməyə həmişə hazırdır. Belə uşaqlar çox enerjili olur və onları həyatın çətinlikləri qorxutmur. Təbii ki, sağlam uşaqlarda ətraf aləmi öyrənmək və həyatın sirlərinə baş vurmaq tələbatı da çox güclüdür. Müasir dövrdə uşaqların passiv həyat tərzinə vərdiş etməməsi üçün bədən tərbiyəsi və fiziki məşğələlərdən gözəl vasitə ola bilməz. Uşaqların fiziki məşğələlərdən yayınmaması üçün onların asudə vaxtlarını şən, əyləncəli proqramlarla zənginləşdirmək vacibdir.

Müşahidələr göstərir ki, ömrünü idmana həsr edən insanlar fiziki cəhətdən sağlam, enerjili olur, gözəl bədən quruluşu ilə fərqlənirlər. Uşaq və gənclərdə cəldlik, mənəvi saflıq, özünəinamın yaranması məhz idmanla bağlıdır. Azərbaycanda uşaq və gənclərin fiziki inkişafı dövlətimiz tərəfindən tam təmin olunub. Bugün mübaliğəsiz demək olar ki, respublikamızın hər bir guşəsində uşaq və gənclərin sağlam həyat tərzini formalaşdıran idman qurğuları, idman məktəbləri fəaliyyət göstərir. Ölkəmizdə bütün təbəqələrin fiziki sağlamlığı dövlətimizin diqqət mərkəzindədir. İnsanların idmana cəlb edilməsi vacib amildir və bu iş Azəbaycanda yüksək səviyyədə yerinə yetirilir.

Tennis ölkəmizdə qədim tarixə malikdir

Respublikamızda bütün idman növləri kimi, tennisin də inkişafına şərait yaradılıb. Bu növ üzrə beynəlxalq yarışlar ölkəmizdə tez-tez keçirilir. Tennisçilərimizin müəyyən uğurları da var. Düzdür, əldə olunan nailiyyətləri qənatbəxş saymaq olmaz. Amma onu da demək lazımdır ki, tennis idman növü Azərbaycanda qədim tarixə malikdir.

Ötən əsrdə Azərbaycanın çox güclü tennisçiləri olub. Onların arasında Sergey Lexaçov, Yevgeni Brikova, Tatyana Şumova, Ramiz Əhmərov, Çingiz Əhmədov, Ceyhun Manaflını qeyd etmək olar. Bu idmançılar SSRİ çempionatlarında və bir sıra nüfuzlu yarışlarda final mərhələsinə qədər yüksələ biliblər. Yəni tennis Azərbaycan üçün yad idman növü deyil. Belə ki, Bakıda ilk dəfə tennis kortu 1907-ci ildə Suraxanıda qurulub. Bu fakta əsasən Azərbaycanda tennisin tarixi 1907-ci ildən hesablanır. İllər ötdükcə respublikamızda tennislə məşğul olanların sayı artmağa başlayıb və nəticədə ölkə çempionatına start verilib. Tennis üzrə ilk Azərbaycan çempionatı 1927-ci ildə keçirilib. 1928-ci ildə respublikamızın tennis üzrə yığma komandası ilk dəfə beynəlxalq yarışlarda iştirak edib. Birinci Zaqafqaziya Spartakiadasında mübarizə aparan Azərbaycan komandası gümüş medala sahib çıxıb. 1950-80-ci illər Azərbaycan tennisinin ən uğurlu dövrü hesab olunur. Həmin vaxtlarda bir çox qadın və kişi tennisçilər öz oyunları ilə adlarını Azərbaycan tennis tarixinə qızıl hərflərlə yaza biliblər. Ölkəmizin tanınmış tennis ustası Serqey Lixaçov 1957-ci ildə Azərbaycan çempionu olub və 17 il ardıcıl bu titulu heç kimə verməyib. O, 8 dəfə SSRİ Xalqlarının Spartakiadasında iştirak etməklə rekorda imza atıb. Sergey Lixaçov möhtəşəm oyunu ilə hətta 1958-1974-cü illər ərzində dünya tennisçilər arasında "TOP-10”a belə daxil ola bilib. Azərbaycan müstəqillik qazandıqdan sonra tennis idman növünə də diqqət ayrılıb. Amma təəssüf ki, müstəqillik dövrünün ilk vaxtlarında əvvəlki uğurları qazanmaq mümkün olmayıb. Əksinə, müstəqilliyimizin ilk illərində ölkədə baş verən siyasi qarşıdurmalar səbəbindən tennisdə də durğunluq yaranıb.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə müşahidə olunan inkişaf idman sahəsinə də öz müsbət təsirini göstərib. İdmanın bütün növlərinə, o cümlədən tennisin inkişafına göstərilən diqqət öz bəhrəsini verib. 1995-ci il iyunun 25-də Azərbaycan Tennis Federasiyası yaradılıb. Federasiya fəaliyyətə başladıqdan sonra əvvəlki nüfuzu bərpa etmək üçün bir sıra layihələr həyata keçirilib. Azərbaycan tennisçiləri yenidən beynəlxalq turnirlərdə iştirak etməyə başlayıblar. Bu növün inkişafı, kütləviliyi üçün müasir tələblərə cavab verən idman ocağının yaradılmasına ehtiyac duyulurdu. Buna görə də 2009-cu ilin may ayında Bakı Tennis Akademiyası azərbaycanlı uşaq, yeniyetmə və gənclərin istifadəsinə verilib. Akademiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə inşa olunub. Ölkəmizdə tennisin inkişafının təmin edilməsində və bu idman növünün kütləviliyinin artırılmasında bu idman ocağının rolu böyükdür. Akademiya ümumilikdə 12 tennis kortundan ibarətdir. Bu kortlardan beşi qapalı, 6-ı isə açıq kort hesab olunur. Unversal olan mərkəzi kort isə həm açıq, həm də qapalı yarışların keçirilməsi üçün nəzərdə tutulub. Mərkəzi kortun ümumi oturacaq tutumu 3 min nəfərlikdir. Beynəlxalq turnirlər və ya milli yarışların finalı məhz mərkəzi kortda keçirilir. Akademiyada tennis kortlarından başqa üzgüçülük hovuzu, trenajor zalı, 2 sauna və masaj otagları var. Burada həmçinin stolüstü tennislə məşğul olmaq üçün də şərait yaradılıb. Akademiyada ümumilikdə 8 məşqçi uşaq və gənclərə tennis idman növünün sirlərini öyrədir. Hazırda bu idman ocağında müxtəlif yaş qrupları üzrə 150 uşaq məşq keçir.

Akademiyada olarkən direktor Salam Əsgərəlizadə ilə görüşdük. O, ölkəmizdə idmana göstərilən dövlət qayğısından, akademiyada həyata keçirilən tədbirlərdən, tennisçilərimizin iştirak etdiyi yarışlardan danışdı. "Azərbaycanda uşaq və gənclərin fiziki sağlamlığının qorunması üçün kifayət qədər idman qurğuları mövcuddur. Ən müasir tələblərə cavab verən belə qurğulardan biri də Bakı Tennis Akademiyasıdır. Bu idman ocağı yeniyetmə və gəncləri öz ətrafında birləşdirib. Biz çalışırıq ki, tennis idman növünün ölkəmizdə kütləviliyinə nail olaq. Məşqçilərimiz təcrübəli mütəxəssislərdir. Məhz buna görədir ki. yetirmələrimiz beynəlxaq yarışlarda iştirak edirlər. Eyni zamanda ölkədaxili yarışlar keçiririk. Belə yarışlarda əldə olunan təcrübə tennisçilərimizin beynəlxalq turnirlərdə iştirakına imkan yaradır. Ötən il komandamızın üzvü Umayra Həşimova Amerikada keçirilən beynəlxalq turnirlərdə iştirak etdi. O, özündən böyük tennisçilərin yarışında - 14 yaşlılar arasında iki dəfə birinci, iki dəfə isə ikinci yeri tutdu. Ötən il tennis üzrə respublika çempionatı keçirildi. Samir Qafarov kişilər arasında çempion oldu. Qızlar arasında yarışda isə Nəzrin Cəfərova qalib adını qazandı. Onu da deyim ki, tennis elə bir idman növüdür ki, burada sonuncu yeri tutan iştirakçıya da müəyyən məbləğdə mükafat ayrılır. Buna görə də elit idman növü sayılan tennis digərlərindən fərqlənir. Tennisin ölkəmizdə kütləviliyini təmin etmək üçün 2014-cü ildə İspaniyadan mütəxəssislər dəvət etmişdik. Həmin mütəxəssislər bir ilə yaxın Bakı Tennis Akademiyasında idmançılara tennisin incəlikləri öyrədir, tennisçilərimizin ustalıq səviyyəsinin artmasına yardım edirdilər. Hazırda Serbiyadan dəvət etdiyimiz mütəxəssis uşaqlara məşq keçir. Qeyd edim ki, əvvəllər Gürcüstan və Belarusdan olan mütəxəssilər də ölkəmizdə məşqlər keçiblər. Məqsədimiz Azərbaycanda tennisin inkişafına nail olmaqdır. Bizim idmançılarımız bir neçə dəfə xarici ölkələrdə hazırlıq keçiblər”, - deyə Salam Əsgərəlizadə bildirdi.

Təkcə Bakı Tennis Akademiyasının fəaliyyəti ilə tennisin inkişafına nail olmaq mümkün deyil

Ölkəmizdə tennisin inkişafını təmin etmək və kütləviliyini artırmaq üçün müəyyən tədbirlər həyata keçirilir. Hazırda paytaxtla yanaşı, bölgələrimizdə tikilib istifadəyə verilən Olimpiya İdman Komplekslərində tennisin inkişafı üçün hər cür şərait yaradılıb. Hər bir Olimpiya İdman Kompleksində tennislə məşğul olmaq üçün kortlar və lazımi avadanlıqlar mövcuddur. Hazırda əsas məsələ tennisi inkişaf etdirmək üçün həmin kompleksləri tennis mütəxəssisləri ilə təmin etməkdir. Qeyd edək ki, tennis çox bahalı idman növüdür. Yəni bu növlə məşğul olmaq üçün həm maddi baxımdan imkan, həm də lazımi şərait olmalıdır.

Salam Əsgərəlizadə qeyd etdi ki, tennisin uşaqlar və gənclər arasında geniş yayılması, bu idman növünün ölkəmizdə inkişafı üçün təkcə Bakı Tennis Akademiyasının fəaliyyəti ilə kifayətlənmək olmaz. "Bunun üçün Olimpiya İdman kompleksləri də bizə kömək etməlidirlər. Yəni həmin komplekslərdə tennisçilər üçün məşqlər, seminarlar müntəzəm keçirilməlidir. Digər idman növlərindən fərqli olaraq, tennis bahalı idman növüdür. Buna görə də bu idman növü ilə hər bir insan məşğul ola bilmir. Tennisin təbliğatı məktəblərdə və digər müəsissələrdə bir qədər çətindir. Çünki məktəblərdə tennislə məşğul olmaq üçün kortlar yoxdur. Bu da tennisin ölkəmizdə lazımi səviyyədə inkişaf etməsinə mane olur. Bu baxımdan təkcə Bakı Tennis Akademiyasında tennis məşqlərinin keçirilməsi ilə ölkədə bu idman növünün inkişafına nail olmaq mümkün deyil. Bu idman növünü digərləri ilə müqayisə etmək düzgün olmaz. Başqa idman növlərini inkişaf etdirmək asandır. Amma bu, tennisdə heç də asan başa gəlmir. Burada ilk növbədə kortların olması vacib amildir. Bundan əlavə tennisdə oyunun rəqabətinə, gərginliyinə davam gətimək çox çətindir. Tennis yarışlarında elə oyunlar olub ki, 4-5 saata yaxın davam edib. Belə mübarizəyə isə hər tennisçi tab gətirə bilmir. Fiziki, texniki və taktiki cəhətdən hazırlıq səviyyəsi yüksək olan idmançı uzun müddət davam edən yarışda çətinlik çəkmir. Yəni demək istəyirəm ki, idmançının fiziki hazırlığı əsas məsələdir. Bu idman növünün inkişafı ilə bağlı bir sıra məsələlər məni çox narahat edir. Tennisi inkişaf etdirmək üçün meydançaların hazırlığı, idman avadanlıqlarının azlığı bizim qarşımızda böyük çətinliklər yaradır. Bununla belə bütün gücümüzlə çalışırıq ki, bu problemləri həll edərək tennisin inkişafına nail olaq.

Mən inanıram ki, yaxın gələcəkdə tennis Azərbaycanda daha geniş yayılacaq. İstənilən idman növünün kütləviliyi gənclərin sağlamlığına müsbət təsir göstərir. Bu baxımdan biz istəyirik ki, tennis ölkəmizin bütün bölgələrində yayılsın”, - deyə o qeyd etdi.

Beynəlxalq turnirlərin təşkili ənənəvi xarakter alıb

Söhbət zamanı öyrəndik ki, akademiyada müxtəlif illərdə bir sıra nüfuzlu beynəlxalq yarışlar keçirilib. Bu yarışlardan nüfuzuna görə ən böyüyü isə "WTA international” seriyalı tennis turniri "Baku Cup” olub. "Baku Cup” turniri 2011-ci ildən ölkəmizdə təşkil olunurdu. Bakı Tennis Akademiyası bu yarışlara beş il ərzəində ev sahibliyi edib. Dünyanın ən tanınmış və titullu qadın tennsiçilərinin iştirak etdiyi turnirin keçirilməsində əsas məqsəd ölkəmizdə bu idman növünə qarşı marağın artırılması və gənclərin kortlara cəlb olunmasından ibarət idi. Ötən ilin iyul ayında "Baku Cup” turniri beşinci və sonuncu dəfə keçirildi. Onu da qeyd edək ki, növbəti illərdə sonra bu turnir ölkəmizdə keçirilməyəcək. Salam Əsgərəlizadə sözlərinə görə bunun səbəbi kiçik yaş qrupları üzrə yarışların keçirilməsinin daha məqsədəuyğun olması ilə bağlıdır. "”WTA international” seriyalı tennis turnirində adətən, peşəkar tennisçilər mübarizə aparırlar. Hazırkı vəziyyəti nəzərə alsaq, bizim bu turnirdə mübarizə aparacaq yüksək səviyyəli tenniçilərimiz yoxdur. Etiraf edim ki, ölkəmizdə tennisə maraq o dərəcədə böyük deyil. Yarışı izləməyə gələn azarkeşlərin sayı da həddindən artıq az idi. Buna görə də bu yarışa ev sahibliyi etmək məqbul sayılmadı. Düşündük ki, ölkəmizin yeniyetmə və gənc tennisçilərinin hazırlıq səviyyəsinin yüksəldilməsi üçün 12,14 və 16 yaşlı tennisçilərin beynəlxalq yarışlarını təşkil edək. "WTA international” seriyalı tennis turnirindən fərqli olaraq, belə yarışlarda yeniyetmə və gənc idmançılarımız xarici ölkələrdən gələn həmkarları ilə birgə çıxış edir, təcrübə qazanırlar. Bu məqsədlə bu ilin əvvəllərində "January Open 2016” və "Baku Open” turnirlərini keçirdik. Bu turnirlərdən sonra isə daha böyükyaşlı tennisçilər arasında "Futures” beynəlxalq turnirləri təşkil olundu. Fevral ayında isə Bakı Tennis Akademiyası "Baku Yunior Cup” beynəlxalq turnirinə ev sahibliyi etdi. İnanıram ki, belə turnirlər təmsilçilərimizin gələcəkdə yarış təcrübəsini artırmaq üçün böyük rol oynayacaq. Məlumat üçün bildirim ki, hər ilin may ayında Bakı Tennis Akademiyasında ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilir. 2010-cu ildən təşkil olunan bu turnir də kifayət qədər nüfuzlu yarışdır. Bu yarışdan sonra isə akademiyada "Paşa bank” beynəlxalq turniri keçirilir. Ənənəvi olaraq hər il təşkil olunan bu turnirlərdə 12, 14 və 16 yaşınadək tennisçilər mübarizə aparırlar. Bizim əsas məqsədimiz odur ki, uşaqlar fiziki cəhətdən sağlam böyüsünlər. Əlbəttə, çəkilən zəhmətin müqabilində uğurlar qazanmağı da çox istəyirik. Lakin ən vacib amil ölkəmizin uşaq, yeniyetmə və gənclərinin fiziki sağlamlığının qorunmasıdır. Hesab edirəm ki, Bakı Tennis Akademiyası bu məsuliyyətli işin öhdəsindən, qismən də olsa gələ bilib”, - deyə Salam Əsgərəlizadə əlavə etdi.

"Tennis oynamağın fiziki faydaları kifayət qədərdir”

Şübhəsiz ki, bütün idman növləri insan sağlamlığı üçün faydalıdır. Tennis də belədir. İlk baxışdan çətin görünən bu oyun insanlara əyləncə bəxş etməklə yanaşı, onlara daha sağlam, daha güclü bir orqanizım qazandırır. Bu idman növü ilə məşğul olmaq üçün mütəxəssislərlə məsləhətləşmək vacibdir. Çünki tennisdə elə məqamlar var ki, onlara əməl etməmək uğursuzluğa səbəb ola bilər. Salam Əsgərəlizadə tennislə məşğul olmaq istəyənlərə öz tövsiyələrini bildirərkən dedi: "Tennis faydalı idman növüdür. Tennis oynamağa başlamazdan əvvəl əzələlər və oynaqlar üçün isitmə hərəkətləri etmək çox vacibdir. Tennis oynamağın fiziki faydaları kifayət qədərdir. Belə ki, bu növlə məşğul olmaq bədəndəki yağların əridilməsinə, enerji səviyyəsinin artmasına kömək edir. Adətən tennisçilər çevik olur, oyunda topun izlənilməsi tələb olunduğu üçün tennisçi cəld hərəkət etməyi öyrənir. Bu oyun ayaq əzələlərini gücləndirir, bədən koordinasiyasını inkişaf etdirir, idmançıya dinamik tarazlıq qazandırır, həmçinin sümükləri gücləndirir. Oyun zamanı edilən manevrlər idmançının bədəninə elastiklik verir. Qeyd edim ki, tennis insanda itigörmə vərdişləri də yaradır. Adətən, idmançı rəqib tərəfindən vurulan topu havada axtarmalı olur. Bu isə görmə vərdişinin və gözün ani reaksiya verməsinə imkan yaradır. Ümumiyyətlə bütün idman növləri insan orqanizminin müxtəlif hissələrinin fiziki sağlamlığına fayda verir. Məsələn, basketbol boyun uzanmasına, üzgüçülük çiyin əzələsinin inkişafına, futbol ayaq əzələsinin güclənməsinə kömək edir. Sağlamlığın qorunmasında önəmli rol oynayan tennis idman növü isə idmançının ayaq və qol əzələlərini inkişaf etdirir, görmə vərdişini və cəldliyi artırır. Tennisin fiziki faydaları ilə yanaşı, psixoloji faydaları da var. Bu növ uşaq və yeniyetmələrə nizam-intizam aşılayır, məsuliyyət anlayışını artırır, rəqibdən qorxmamağı, sonadək mübarizə aparmağı öyrədir. Tennisçi rəqibini məğlub etmək üçün ani olaraq öz beynində plan cızmağa vərdiş edir. Bu növ fiziki dözümlülük yaradır. Adətən tennis oyunları bir neçə saat davam edir. İdmançı fiziki cəhətdən elə hazırlıqlı olmalıdır ki, sona qədər mübarizə apara bilsin. Yeri gəlmişkən, deyim ki, tennislə uşaqların 7-10 yaşından məşğul olması məsləhət görülür. Xatırladım ki, bu idman növündə, digərləri ilə müqayisədə, zədə riski çox aşağıdır. Bu baxımdan valideynlərin öz uşaqlarını tennis bölmələrinə yazdırması məqsədəuyğundur”.

Dünya miqyasında çox böyük marağa səbəb olan, populyarlıq qazanan tennis idman növü Azərbaycanda da sevilir. Əminik ki, bu növlə məşğul olanlar ölkəmizi beynəlxalq arenalarda yüksək səviyyədə təmsil etməklə tennisin ölkəmizdə tarixi nüfuzunun bərpasına nail olacaqlar. Bakı Tennis Akademiyasında olan şərait belə deməyə əsas verir.



Azər Əlizadə

Bu yazı

23402 dəfə oxunub

Tarix

2016-05-17 15:02:03

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook