IV “Zirvə” Oyunları idmanın kütləviləşməsinə xidmət edir


Azərbaycan idmanının inkişafında klub və cəmiyyətlərin rolu danılmazdır. Belə ki, həmin idman ocaqlarında uşaq və yeniyetmələrin fiziki və mənəvi tərbiyəsinə xüsusi diqqət göstərilir.

Klub və cəmiyyətlərin keçirdikləri yarış və turnirlər yeni idmançıların üzə çıxarılmasında müstəsna rol oynayır. Olimpnews.az saytının məlumatına görə, ölkə idmanının inkişafında xüsusi yeri olan idman ocaqlarından biri də "Zirvə” Beynəlxalq İdman Klubudur. Adıçəkilən klub vaxtaşır olaraq bir sıra yarışlara ev sahibliyi edir.

Buyaxınlarda "Zirvə” Beynəlxalq İdman Klubunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illik yubileyinə həsr olunmuş IV "Zirvə” Oyunları təşkil edilib. Aprelin 3-dan mayın 8-nə qədər AAAF PARK Yaşayış Kompleksində keçirilən yarışlarda "Zirvə” Beynəlxalq İdman Klubunun nəzdində müxtəlif idman növləri ilə məşğul olan 300-dən çox idmançı yarışıb. 6 idman növü (ağırlıqqaldırma, futbol, cüdo və bədii gimnastika üzgüçülük və ağırlıqqaldırma beşnövçülüyü) üzrə keçirilən Oyunlarda respublikanın şəhər, rayon, qəsəbə və kəndlərdən olan idmançılar mübarizə aparıblar. Oyunlara üzgüçülük idman növü ilə start verilib. "Zirvə” Uşaq-İdman Akademiyasının hovuzunda keçirilən yarışda 6-10 yaşınadək oğlanlar, 5-10 yaşlı qızlar arasında 4 növ üzrə çıxış ediblər.

Cüdo üzrə yarışlar isə "Zirvə” İdman Kompleksinin yarış zalında təşkil olunub. 2001-2003-cü il təvəllüdlü oğlanlar arasında 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib. Qeyd edək ki, yarışlara paytaxtla yanaşı "Zirvə” Beynəlxalq İdman Klubunun 4 region üzrə filialını (Sumqayıt, İsmayıllı, Lənkəran və Abşeron) təmsil edən 50-dən artıq cüdoçu qoşulub.

Futbol üzrə yarışlar da maraqla qarşılanıb. 2003-2004-cü il təvəllüdlü oğlanlardan ibarət komanda yarışında Lənkəran, Bakı və Xırdalandan gələn 6 komanda iki yarımqrupda mübarizə aparıblar. Qrupda ilk iki yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıblar. Həlledici matçda "Xırdalan-Zirvə”nin 1-ci komandası, "Lənkəran-Zirvə”nin 2-ci komandasın qalib gəlib. Bürünc mükafat uğrunda görüşdə isə "Lənkəran-Zirvə”nin 1-ci komandası rəqibdən üstün olub.

IV "Zirvə” Oyunlarının proqramına daxil olunan idman növləri arasında bədii gimnastika yarışları xüsusi marağa səbəb olub. AAAF Park Yaşayış Kompleksinin yarış zalında keçirilən turnir yüksək səviyyədə təşkil olunub. Turnirdə 50-dən çox idmançı gürz, top, ip, halqa və lentlər, həmçinin alətsiz və qrup şəklində ifalar nümayiş etdiriblər. Bu növ yarışlar başa çatdıqdan sonra AAAF Park Yaşayış Kompleksinin idman zalı ağırlıqqaldıranların ixtiyarına verilib. 2004-2007-ci il təvəllüdlü oğlanlar, 2000-2006-cı təvəllüdlü qızlar öz yaş qruplarında qalibləri müəyyən ediblər. 50-yə yaxın idmançının çıxış etdiyi yarışda qaliblər müəyyənləşib.
Bu dəfəki "Zirvə” Oyunları yeniliklərlə yadda qalıb. İlk dəfə olaraq ağırlıqqaldırma idman növünün 5 hərəkəti üzrə də yarış keçirilib. Bunlardan 2-si klassik, 3-ü isə yardımçı hərəkətlərdən ibarət olub. Qeyd edək ki, 2001-2003-cü illər təvəllüdlü oğlanlar arasında təşkil olunan çıxışlarda idmançılar birdənqaldırma, təkanla qaldırma, ağırlıqla oturub-durma, uzanaraq ağırlığın sinədən sıxılması və ağırlığı dartma üzrə qüvvələrini sınayıblar.
Yekun nəticələrə əsasən beşnövçülükdə 5 hərəkətin hər biri üzrə qaliblər müəyyənləşib. Onlara "Zirvə İnternational Sport Clubs” MMC-nin medal və diplomlar təqdim olunub.

"Zirvə” Beynəlxalq İdman Klubununun mətubat xidmətindən aldığımız məlumata görə, Oyunların keçirilməsində əsas məqsəd idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmancıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsindən ibarətdir.



Anar Əhmədov

Bu yazı

5715 dəfə oxunub

Tarix

2016-05-20 15:03:38

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook