Nazir Avropa çempionatında uğurla çıxış etmiş karateçilərimizlə görüşüb


Gənclər və idman naziri Azad Rəhimov Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatında üçüncü yeri tutmuş karateçilərimizlə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Olimpnews.az saytına bildiriblər ki, A.Rəhimov 2 qızıl və 1 bürünc medal qazanaraq 21 ölkə arasında üçüncü yeri tutan milli komandamızın üzvlərini təbrik edərək deyib: "Karateçilərimiz daim ölkəmizi müxtəlif beynəlxalq yarışlarda layiqincə təmsil ediblər. Bakıda keçirilən birinci Avropa Oyunları zamanı qazandığınız qələbələr xalqımıza böyük sevinc yaşatdı. Mübarizliyiniz, öz üzərinizdə çalışmağınız bizi çox sevindirir”.

A.Rəhimov ölkəmizdə keçiriləcək "Formula-1” Avropa Qran-pri yarışı, Ümumdünya Şahmat Olimpiadası ilə bağlı görülən hazırlıq işləri haqqında da karateçilərimizə məlumat verib. Nazir 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının proqramına karatenin də salındığını bildirərək bu yarışda da karateçilərimizdən böyük qələbələr gözlədiyini diqqətə çatdırıb.

Fransanın Monpelye şəhərində keçirilən 51-ci Avropa çempionatında dördqat dünya çempionu Rafael Ağayev (75 kq) 13-cü dəfə Avropa çempionu olmaqla şəxsi rekordunu yeniləyib. Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abiyeva və İrina Zaretskadan ibarət qadın seçmə komandamız Portuqaliya, Rusiya, Finlandiya və Türkiyə idmançılarına, final görüşündə isə Xorvatiya kimi yüksək titullu komandalara qalib gələrək qitə birincisi olub. Bu nəticə həm də karate tariximizdə bir neçə ilklərdən olub. Daha bir rekorda gənclərdən ibarət seçmə komandanın üzvü Roman Heydərov imza atıb. On yeddi yaşlı R.Heydərov kata yarışlarında bürünc medal qazanaraq Dünya Karate Federasiyasının statistik göstəricilərinə böyüklər arasında ilk azyaşlı mükafatçı kimi daxil olub.

Çempionatda 46 ölkədən 437 karateçi mübarizə aparıb. Qitə birinciliyində Fransa birinci, İspaniya isə ikinci yeri tutub.

Qeyd edək ki, millimiz oktyabrın axırında Avstriyada dünya çempionatına qatılacaq.


Bu yazı

10120 dəfə oxunub

Tarix

2016-05-20 15:19:56

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook