Mehman Kərimov: “Olimpiyaçılarımızı tanıtdırmaq və təbliğ etmək məqsədilə sosial layihələr həyata keçiririk” - MÜSAHİBƏ


Ölkəmizdə məktəblilərin iştirakı ilə keçirilən "Olimpiya Hərəkatı” kütləvi idman proqramı böyük marağa səbəb oldu. Olimpnews.az saytının məlumatına görə, paytaxtın bütün rayonlarını əhatə edən bu layihədə kütləvilik təmin edilmişdir. Yarışların təşkili, keçirilməsi, eləcə də digər məsələlərlə bağlı Milli Olimpiya Komitəsinin marketinq şöbəsinin müdiri, "Olimpiya Hərəkatı” proqramının Azərbaycan üzrə rəhbəri Mehman Kərimovla görüşdük. O, "Olimpiya dünyası” qəzetinə müsahibəsində Rio-2016 Yay Olimpiya Oyunları ərəfəsində həyata keçiriləcək yeni sosial layihə barəsində də ətraflı məlumat verdi.

- Mehman müəllim, "Olimpiya Hərəkatı” proqramı məktəblər arasında böyük rezonans doğurdu. Bu ideya haradan qaynaqlandı?

- Bu proqram ölkəmizdə 2015-ci ildən - I Avropa Oyunlarından sonra həyata keçirilməyə başlandı. Proqram Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının beynəlxalq tərəfdaşı olan "Coca-Cola” şirkətinin birgə layihəsidir. Bu layihə ölkəmizdə ümumilikdə 310 min insanı, xüsusilə gəncləri əhatə edib. Qeyd edim ki, Azərbaycan bu proqrama qoşulan Hollandiya, Belçika, Cənubi Koreya və Yaponiyadan sonra 5-ci ölkədir. Proqrama Bakının 350-ə yaxın məktəbinin şagirdləri cəlb olunmuşdular. Oktyabrdan təşkil olunan ilkin mərhələdə 12-16 yaşlı 52 min məktəbli məktəbdaxili yarışlarda iştirak edirdi. Onlar 4 idman növü üzrə (atletika, basketbol 3x3, badminton və velosiped) yarışlarda güclərini sınadılar. Növbəti mərhələlərdə isə rayon birincilikləri və final mərhələsi oldu.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin dediyi kimi, bu idman növləri təsadüfən seçilməmişdi. Biz çalışdıq ki, ölkəmizdə populyar olan bu idman növlərinin inkişafına dəstək verək. Aprelin 28-də yarışların final mərhələsi keçirildi. Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil naziri Mikayıl Cabbarov, eləcə də ölkəmizin idman ictimaiyyətinin tanınmış nümayəndələri iştirak etdilər. Paytaxtın 12 rayonu üzrə keçirilən birinciliklərdə ilk 3 yeri tutan komandalar final mərhələsində yarışdılar. Finalda 600-dən artıq məktəbli öz gücünü sınadı. Həlledici mərhələnin yekunlarına əsasən, badmintonda 104, atletikada 89, basketbol 3x3-də 200, velosipeddə isə 251 saylı məktəbin komandası qalib adını qazandı. Bu proqramın yüksək səviyyədə təşkil olunması uşaqlarda yarışlara böyük maraq oyatmışdı. Məktəblilər həvəslə qoşulduqları turnirdə qələbə uğrunda əzmkarlıq göstərirdilər. Yeri gəlmişkən, deyim ki, təşkil olunan yarışlar sosial şəbəkələrdə geniş işıqlandırılıb. Uşaqlarda Olimpiya ruhunun formalaşmasında "Olimpiya Hərəkatı” proqramının xüsusi rolu var. Məlumat üçün bildirim ki, bu proqramda iştirak edən məktəblilərdən bir neçəsi buyaxınlarda təşkil olunan "Asiya uşaqları” Oyunlarında mübarizə apardı. Məhz onlardan 2 nəfər atletika yarışlarında medallar qazandı. Belə nailiyyətlər məktəbliləri daha da həvəsləndirir, onların gələcəkdə Olimpiya Oyunlarında iştirakına stimul verir.

Qeyd edim ki, paytaxtımızda fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin, federasiyaların mütəxəssisləri, orta məktəblərin bədən tərbiyəsi müəllimləri yarışların təşkilində, keçirilməsində yaxından iştirak etdilər.

- Gələcəkdə keçiriləcək "Olimpiya Hərəkatı” proqramının formatında dəyişiklik ediləcəkmi?

- Bu layihənin Azərbaycan idmanının inkişafında, uşaqların fiziki sağlamlığının qorunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, proqramı davam etdirəcəyik. 2016-2017-ci tədris ili üçün Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi tərəfindən layihənin yeni forması artıq tərtib olunub. Onu da deyim ki, layihəyə yeni idman növü də daxil edilib. Bu prosesdə Azərbaycan Voleybol Federasiyasının fəal iştirakını nəzərə alaraq, proqrama voleybol idman növünü də daxil etmişik. Bu, orta məktəblərdə voleybolun kütləviliyinə təkan verəcək. Beləliklə, yeni proqram 5 idman növü üzrə həyata keçiriləcək. Digər bir mühüm məqam ondan ibarətdir ki, bu layihə gələn mövsümdən təkcə Bakını deyil, regionları da əhatə edəcək. Regionlardan Sumqayıt, Mingəçevir, Gəncə, Quba və İsmayıllı arasında seçim ediləcək.

- Buyaxınlarda MOK-da federasiya rəhbərləri ilə keçirilən görüşdə orta məktəblərdə idman təmayüllü qrupların yaradılması təklif olundu. Sizcə, bu, ölkəmizdə idmanın inkişafına necə təsir göstərə bilər?

- Əlbəttə, əgər biz idmanın kütləviliyinə nail olmaq istəyiriksə, orta məktəblərdə müxtəlif idman növləri üzrə təmayüllü qruplar təşkil olunmalıdır. Qeyd edim ki, bu praktika dünyada mövcuddur. Bu məsələ geniş şəkildə müzakirə olunacaq. Bununla bağlı işçi qrupu yaradılacaq və məktəblərin idman bazalarındakı şərait qiymətləndiriləcək. Əminəm ki, MOK, Təhsil Nazirliyi və idman federasiyalarının birgə işi öz bəhrəsini verəcək.

- Qarşıdan XXXI Yay Olimpiya Oyunları gəlir. Oyunlar ərəfəsində təbliğat xarakterli nə kimi işlər həyata keçiriləcək?

- Əvvəlcə onu deyim ki, Azərbaycan Olimpiya yığmasının devizi belədir: "Rio-2016 Birlikdə Güclüyük”. Bu deviz altında bir sıra tədbirlər həyata keçirəcəyik. Xatırlayırsınızsa, I Avropa Oyunları zamanı Milli Olimpiya Komitəsində "Zəfər günləri” təşkil olunurdu. Bu ənənə davam etdiriləcək. Avqustun 2-dən başlayaraq, hər gün MOK-da "Rio-2016 Birlikdə Güclüyük” adı altında tədbirlər keçirəcəyik və bu, televiziya vasitəsilə birbaşa yayımlanacaq. İdmançılarımızın ailə üzvləri, yaxın qohumları, müxtəlif federasiyaların nümayəndələri tədbirlərə dəvət olunacaqlar. Həmin müddət ərzində medal qazanan idmançılarla birbaşa bağlantılar yaradılacaq və onlar öz fikirlərini tamaşaçıların diqqətinə çatdıracaqlar. Nəzərə almaq lazımdır ki, Braziliya ilə ölkəmiz arasında 7 saatlıq vaxt fərqi var. Bu, bizə problem yarada bilər. Amma bunun qarşısını almaq üçün biz sosial şəbəkələrdən (facebook, instagram və youtube) geniş istifadə edəcəyik. Bununla da, izləyicilərimiz olimpiyaçılarımızın çıxışları, medal qazanan idmançılarımız haqda operativ şəkildə xəbər tutacaq və onların görüşlərini sosial şəbəkələrdən izləyə biləcəklər.

Olimpiyaçılarımızı tanıtdırmaq və təbliğ etmək məqsədilə sosial layihələr həyata keçiririk. Belə ki, paytaxtımızın 400-dən artıq avtobus dayanacaqlarında, yollarda yerləşən 19 böyük reklam lövhələrində və metro stansiyalarında idmançılarımızın şəkilləri nümayiş olunacaq. Yeri gəlmişkən, deyim ki, iyulun 27-dən Bakı metropoliteninin stansiyalarında Azərbaycan idmançılarına dəstək aksiyasına start verilib. Bu sosial layihə çərçivəsində "Elmlər Akademiyasi”, "Nizami”, "28 May”, "Sahil”, "Koroğlu”, "Əhmədli” və "Həzi Aslanov” stansiyalarında XXXI Yay Olimpiya və Paralimpiya Oyunlarının rəmzlərini əks etdirən lövhələr yerləşdirilib. Əminəm ki, belə sosial layihələr idmançılarımızı daha da ruhlandıracaq. Onlar Olimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil edəcək və xalqımıza xoş anlar yaşadacaqlar.

Hürrü Abdullayev,
Rahib Səmədov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir



Bu yazı

16965 dəfə oxunub

Tarix

2016-08-01 17:19:14

Yazını

Çap et

Yazını

Paylaş