Yığma komandalarımız liderlər sırasında yer alıblar


"Bakı Kristal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının oyunları keçirilir. Olimpnews.az saytının məlumatına görə, yarışlarda rekord sayda komanda iştirak edir. Kişilərin komanda turnirində 181 yığma komanda, qadınların yarışlarında isə 142 komanda mükafatlar uğrunda mübarizə aparır. Azərbaycan Şahmat Olimpiadasında ilk dəfə 6 yığma komanda ilə iştirak edir. Həm kişilərin, həm də qadınların yarışında 3 komandamız mübarizə aparır.

Kişilərdən ibarət birinci komandada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli və Arkadi Naydiç yer alıblar. İkinci komandanın tərkibinə Vasif Durarbəyli, Namiq Quliyev, Qədir Hüseynov, Nicat Abasov və Ülvi Bacarani daxil edilib. Üçüncü komanda isə Nail Bəşirli, Məhəmməd Muradlı, Vüqar Əsədli, Pərviz Qasımov və Abdulla Qədimbəylidən ibarətdir.

Qadın şahmatçılardan ibarət birinci komandanın heyətinə Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Aydan Höccətova, Gülnar Məmmədova və Nərmin Kazımova cəlb olunub. İkinci komandaya Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və Nərmin Xələfova, üçüncü komandanın heyətinə isə Nərmin Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva və Aynur Kətanova daxildir.

Kişilərdən ibarət komandalar arasında ən yüksək reytinq Rusiya millisinə məxsusdur. Bu komandanın əmsalı 2760-a bərabərdir. ABŞ (2740) ikinci, Çin (2735) üçüncüdür. Azərbaycanın birinci komandası 2705 reytinq xalı ilə dördüncü yeri tutur.

Turnirdə iştirak edən qadın komandaları arasında isə reytinqə görə lider Çin millisidir - 2528 xal. İkinci pilləni Rusiya (2493), üçüncü yeri isə Ukrayna (2485) tutur. Azərbaycanın birinci komandası 2320 reytinq xalına malikdir. İsveçrə sistemi üzrə keçirilən yarışlar 11 turdan ibarət olacaq. Püşkə əsasən Azərbaycanın kişilərdən ibarət əsas yığma komandası Zimbabve ilə üz-üzə gəlib. Gözlənildiyi kimi görüş milimizin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Belə ki, Şəhriyar Məmmədyarov Roduell Makoto, Teymur Rəcəbov Farai Mandija, Arkadi Naydiç Gödəkcə Masanqo, Eltac Səfərli isə Takudzva Muşoreyə qalib gəlib.

Azərbaycan-2 isə Mozambiklə oyunda 3 qələbə və bir heç-heçə ilə 3.5:0,5 hesablı qalibiyyətə sevinib. Üçüncü yığmamız - Azərbaycan-3 Papua Yeni Qvineyaya şans verməyib - 4:0. Qadınlardan ibarət komandalarımız da kişi həmkarları kimi heç bir rəqibinə şans verməyib. Qadınlardan ibarət əsas yığmamız Nikaraqua, ikinci komandamız isə Yaponiya şahmatçılarına 4:0 hesabı ilə qalib gəlib. Lesoto komandası yarışa gec gəldiyinə görə üçüncü komandamıza texniki qələbə verilib.

Beləliklə, ilk turda Azərbaycan komandaları aktivlərinə 2 xal yazdırıblar.

Sentyabrın 3-də 42-ci Ümumdünya Şahmat Olimpiadasının ikinci turunun oyunları keçirilib. İkinci turda Azərbaycanın kişilərdən ibarət birinci komandası Makedoniya yığmasını məğlub edib. Əsas komandamız bütün partiyaları qələbə ilə başa vurub. "Azərbaycan 2” komandası isə Litva yığmasına qalib gəlib. Dörd qarşılaşmadan üçü şahmatçılarımızın qələbəsi ilə başa çatıb. Bir partiyada isə heç-heçə qeydə alınıb. Kişilərdən ibarət üçüncü komandamız isə güclü Belarus şahmatçılarına məğlub olub- 0,5:3,5.

Azərbaycanın qadın şahmatçılardan ibarət əsas komandası meksikalı rəqiblərini məğlub edib - 2,5:1,5. İkinci yığma komandamız da eyni hesabla Monqolustana qalib gəlib. Üçüncü komandamız isə 1,5:2,5 hesabı ilə Türkiyə millisinə məğlub olub.

Sentyabrın 4-də olimpiadanın üçüncü turunun oyunları keçirilib. Bu turda kişilərin yarışında Azərbaycanın əsas komandası Macarıstana 3:1 hesabı ilə qalib gəlib. Komandamızın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Arkadi Naydiç qələbə qazansa da, Teymur Rəcəbov Zoltan Almasiyə məğlub olub. İkinci komandamız isə əsas yığmamızdan fərqli olaraq turu məğlubiyyətlə başa vurub - 1:3. Kişilərdən ibarət üçüncü komandamız livanlı zəka sahiblərinə 4:0 hesabı ilə qalib gəlib. Qadınların yarışında isə Azərbaycanın birinci komandası Polşa üzərində 2,5:1,5 hesabı ilə qələbə qazanıb. İkinci komanda Almaniya yığması ilə heç-heçəyə razılaşıb - 2:2. Üçüncü komandamız isə Qırğızıstanı 4:0 hesabı ilə məğlub edib.

Beləliklə, Azərbaycan-1 komandası üç turdan sonra altı xalla Rusiya yığması ilə birlikdə birinci, ikinci yerləri bölüşür. Aktivində 4 xal olan kişilərdən ibarət ikinci yığmamız 33-cü, üçüncü komandamız isə 59-cu pillədə qərarlaşıb. Qadınlardan ibarət əsas yığmamız isə üç turdan sonra 6 xalla 1-12-ci yerləri bölüşür. Azərbaycan-2 komandası 19-cu pillədə yer alıb. Üçüncü komandamız isə 33-cü sıradadır.

42-ci Ümumdünya Şahmat Olimpiadası
I tur
Kişilər
Azərbaycan-1 (2705) - Zimbabve (2256) - 4:0
Azərbaycan-2 (2576) - Mozambik (2138) - 3,5:0,5
Papua Yeni Qvineya (1944) - Azərbaycan-3 (2350) - 0:4

Qadınlar
Nikaraqua (1808) - Azərbaycan-1 (2320) - 0:4
Yaponiya (1718) - Azərbaycan-2 (2248) - 0:4
Lesato (1251) - Azərbaycan-3 (2016) - 0:4

II tur
Kişilər
Makedoniya (2391) - Azərbaycan-1 (2705) - 0:4
Litva (2453) - Azərbaycan-2 (2576) - 0.5:3.5
Belarus (2602) - Azərbaycan-3 (2350) - 3.5:0.5

Qadınlar
Azərbaycan-1 (2320) - Meksika - 2.5:1.5
Azərbaycan-2 (2248) - Monqolustan - 2.5:1.5
Azərbaycan-3 (2016) - Türkiyə - 1.5:2.5

III tur
Kişilər
Azərbaycan-1 (2706) - Macarıstan (2655) - 3:1
Azərbaycan-2 (2576) - Hindistan (2651) - 1:3
Azərbaycan-3 (2350) - Livan (2176) - 4:0

Qadınlar
Polşa (2360) - Azərbaycan-1 (2320) - 1.5:2.5
Azərbaycan-2 (2248) - Almaniya (2371) - 2:2
Qırğızıstan (1858) - Azərbaycan-3 - 0:4



Bu yazı

13003 dəfə oxunub

Tarix

2016-09-06 11:14:58

Yazını

Çap et

Yazını

Paylaş