Bolqarıstan mətbuatı Bakı Şahmat Olimpiadası barədə yazır


Bolqarıstanın nüfuzlu nəşrlərindən olan "Standart” qəzetində Bakıda keçirilən Ümumdünya Şahmat Olimpiadasına həsr olunan məqalə dərc edilib.

Olimpnews.az saytının məlumatına görə, məqalədə Bakının "Eurovision”, birinci Avropa Oyunları, Formula-1 Avropa Qran-Pri yarışlarından sonra 42-ci Ümumdünya Şahmat Olimpiadası ilə yenidən diqqəti cəlb etdiyi bildirilib. Olimpiadanın təşkilati işlərinin yüksək səviyyədə həll edildiyi diqqətə çatdırılıb.

Məqalədə, həmçinin ölkəyə gələn əcnəbilərin viza prosedurlarının sadələşdirilməsinə, eləcə də jurnalistlər və nümayəndə heyətlərinin yerləşdirilməsinə xüsusi önəmin verildiyi bildirilib. Bundan əlavə, şahmatın təbliği istiqamətində paytaxt küçələrində şahmat avtobusunun fəaliyyətə başlaması, 3D formatlı loqoların nümayiş etdirilməsi qeyd olunub. Eyni zamanda 42-ci Ümumdünya Şahmat Olimpiadasının dörd min nəfərin iştirakı ilə təntənəli açılış mərasiminin Milli Gimnastika Arenasında keçirilməsi, 180-ə yaxın ölkədən şahmatçı, məşqçi və rəsmi şəxslərin iştirak etdiyi qeyd olunub.

Yazıda Bakı Olimpiadasında Vladimir Kramnik, Maqnus Karlsen, Fabiano Karuana və digər tanınmış şahmatçıların da mübarizə apardığı diqqətə çatdırılıb. Bu mötəbər yarışın möhtəşəm "Baku Crystal Hall”da keçirildiyi bildirilib.

Məqalədə şahmatçılarımızın güclü Rusiya, ABŞ və Çin qrossmeysterlərindən daha yaxşı oyun nümayiş etdirəcəklərinə əminlik ifadə olunub. Həmçinin Azərbaycanın bu mötəbər turnirdə iddialı komandalarla təmsil olunduğu diqqətə çatdırılıb.


Bu yazı

11037 dəfə oxunub

Tarix

2016-09-07 15:25:31

Yazını

Çap et

Yazını

Paylaş