Zabit Səmədov: «Həyatım haqqında bir filmin çəkilməsini istəyərdim» - MÜSAHİBƏ


Azərbaycanlı K-1 ustası Zabit Səmədov "Park Bulvar”da mətbuat konfransı keçirdi. Olimpnews.az saytının məlumatına görə, "WBC Muaythai” versiyası üzrə dünya çempionumuz jurnalistlərin suallarını cavablandırdı.

- Bir neçə gün əvvəl ölkə Prezidenti İlham Əliyevlə görüşünüz oldu. Bu görüş barəsində məlumat verərdiniz.

- Bu vaxta qədər çoxsaylı döyüşlər keçirmişəm. Əksəriyyətində yüksək nəticələr qazanmışam. Dünya çempionu kimi Vətənə qayıtdıqdan sonra cənab Prezidentlə görüşdüm. Etiraf edim ki, bu görüşü çoxdan gözləyirdim. Sevinirəm ki, o gün mənə qismət oldu. Cənab Prezident məni qələbə münasibətilə təbrik etdi. İnşallah növbəti döyüşlərdə də Prezidentimizin mənə olan ümidlərini doğruldacağam.

- İlk raundda rəqibinizə nokautla qalib gəldiniz. Buna qabaqcadan hazırlaşmışdınız yoxsa döyüş belə alındı?

- Bu döyüş kəmər uğrunda olduğuna görə digərlərindən fərqli olaraq 3 yox, 5 raund davam etməli idi. Sadəcə döyüş belə alındı. Mən əvvəlcədən buna hazırlaşmamışdım.

- Kikboksinq həvəskarları sizin yenidən Badr Hari ilə döyüşünü gözləyirlər. Gələcəkdə belə bir döyüş ola bilərmi?

- Əlbəttə, ola bilər. Amma hələ ki, nə onun, nə də mənim tərəfimdən belə bir təklif yoxdur.

- Dünya çempionluğunu karyeranızın ən böyük nailiyyəti hesab etmək olar?

- Əslində, bu mənim üçün elə də əhəmiyyətli deyil. Əgər titul üçün döyüşsə idim, indiyə kimi mənə təklif olunan bütün kəmər döyüşlərində iştirak edərdim. Mənim üçün daha çox maraqlı olan güclü idmançılara qalib gəlməkdir.

- Katalin Maruşano ilə döyüşdən bir gün əvvəl, çəkiölçmə mərasimində rəqibiniz sizə qarşı aqressiv davranmışdı. Bilmək istərdik ki, bu amil sizə təsir etdi?

-Xeyr, sadəcə məni bir az güldürdü. Nəticə göz qabağındadır (gülür).

- Gələcəkdəki yarışlar haqda nə deyə bilərsiniz?

- İnşallah, dekabrda güclü bir döyüş olacaq. Ola bilsin ki, həmin döyüş elə Bakıda keçirildi.

- İndiyə kimi qazandığınız ən böyük uğurunuz barəsində məlumat verərdiniz…

- İndiyədək çox nailiyyətlər qazanmışam. Sadəcə, onların hamısını indi sadalamaq istəmirəm.

- Maruşanoya qalib gəlmək necə bir hissdir?

- O, çox güclü idmançıdır. Bir-birimizi yaxşı tanıyırıq. Dəfələrlə təlim-məşqlərdə bir yerdə olmuşuq. Dost olmasaq da, normal münasibətimiz var. Rinqdə isə rəqib rəqibdir. Mən rinqə çempion olmaq üçün çıxmışdım və buna nail oldum.

- Dediyiniz kimi, Katalin Maruşano güclü idmançıdır. Amma siz onunla çox rahat formada döyüşürdünüz. Bu nədən irəli gəlirdi?

- Əlbəttə, rəqibin nə qədər güclü olsa da, rinqdə rahat olmaq lazımdır. Qeyd etdiyiniz kimi, o çox bacarıqlı idmançıdır, zərbələri çox güclüdür. Mən bunu bilirdim və bacardığım qədər onun zərbələrindən yayınıb, öz döyüş stilimi göstərməyə çalışırdım.

- Bir çox döyüş ustaları filmlərə çəkilirlər. Sizin belə bir fikriniz var?

-Əlbəttə, niyə də olmasın (gülür).

- Bu, sənədli film olacaq, yoxsa döyüş filmi?

-Təklifləri qiymətləndirəcəm. Hər halda, həyatım haqqında bir filmin çəkilməsini istəyərdim.

- Bir təcrübəli kikboksinq ustası kimi Azərbaycanda öz məktəbinizi açmaq və tələbələrinizi yetişdirmək fikriniz varmı?

- Əlbəttə. İnşallah yaxın vaxtlarda öz məktəbimi açacam.

Mətbuat konfransı başa çatdıqdan sonra idmançı pərəstişkarlarına avtoqraf verərək, onlarla şəkil çəkdirdi.





Kənan Novruzov

Bu yazı

17053 dəfə oxunub

Tarix

2016-09-09 15:04:45

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook