11 ölkənin ən güclüləri Bakıda mübarizə aparırlar


Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan "Baku Open-2016” şahmat festivalı keçirilir.

Olimpnews.az saytının məlumatına görə, "A” qrupunda 9 ölkədən 56 iştirakçı, o cümlədən 18 qrossmeyster mübarizə aparır. Turnirdə Azərbaycan, Misir, İran, Rusiya, Rumıniya, Suriya, Ukrayna, ABŞ və Özbəkistan nümayəndələri iştirak edirlər. Yarışda ölkəmizin idman şərəfini qrossmeysterlər Nicat Abbasov, Ülvi Bacarani, Vüqar Rəsulov, Zaur Məmmədov, Sərxan Quliyev, Nərmin Kazımova, Xəyalə Abdulla, Türkan və Zeynəb Məmmədyarovalar və digər zəka sahibləri qoruyurlar.

6 ölkəni - Azərbaycan, İran, Ukrayna, Gürcüstan, Qazaxıstan və Rusiyanı təmsil edən 128 şahmatçı "B” qrupunda mübarizə aparır.

"A” və "B” qruplarının turnirləri Novxanı qəsəbəsindəki "AF-Hotel”də keçirilir. İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət yarışda ümumilikdə 11 ölkədən 180 şahmatçı iştirak edir. Üç turdan sonra "A” qrupunda ukraynalı Stanislav Boqdanoviç, iranlı qrossmeyster Pouya İdani və rusiyalı Sənan Syugirov 3 xalla liderlik edirlər. Azərbaycanlı qrossmeyster Nicat Abasov, rusiyalı zəka sahibləri Anastasiya Bodnaruk və Saveli Qolubov, amerikalı Aleksander Lenderman, habelə misirli Əbdülrəhman Heşam onlardan yarım xal geri qalırlar.

"B” qrupunda 8 şahmatçı üç turdan sonra maksimum nəticə göstərib. Azərbaycan şahmatçıları Müşfiq Əsgərov, Çingiz Rzayev, Fərid Aslanov, Elnur Əliyev, Fariz Əhmədov və Xəzər Babazadə də onların arasındadır. İran nümayəndələri Fərşad Samareh Şahpəsənd və Arya Omidi də aktivlərinə 3 xal yazdırıb. 14 şahmatçı yarım xal toplayıb.



Bu yazı

11218 dəfə oxunub

Tarix

2016-09-23 16:21:28

Yazını

Çap et

Yazını

Paylaş