Vüqar Həşimov Akademiyasının açılış mərasimi keçirilib


Vüqar Həşimov Şahmat Akademiyasının təntənəli açılış mərasimi keçirilib. Olimpnews.az saytının məlumatına görə, mərasim iştirakçıları, o cümlədən mərhumun yaxınları, Azərbaycan Şahmat Federasiyasının əməkdaşları, milli komandaların üzvləri və idman ictimaiyyətinin nümayəndələri ikinci Fəxri xiyabana gələrək görkəmli şahmatçı Vüqar Həşimovun məzarını ziyarət edib, onunla bağlı xoş xatirələrindən danışıblar.

Mərhumun məzarı önünə əkil qoyulub, xatirəsi ehtiramla yad olunub.

Sonra akademiyanın açılış mərasimi keçirilib.

Əvvəlcə Azərbaycanın görkəmli qrossmeysterinin həyatından bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov şahmatçının qazandığı uğurlar barədə məlumat verib, akademiyanın fəaliyyətə başlamasının əhəmiyyətini yüksək qiymətləndirib. Vitse-prezident bildirib ki, Vüqar Həşimov şahmatda qazandığı nailiyyətlərlə bundan sonra da yaddaşlarda qalacaq. "Ölkəmizdə şahmatın inkişafına layiqli töhfələr verən Vüqar həmişə belə bir akademiyanın yaradılması arzusunda idi. Təəssüf ki, o, bu akademiyaya rəhbərlik edə bilmədi. Vüqar Həşimov ölkəsini sevən, komanda yoldaşları ilə daim mehriban münasibətdə olan və öz biliklərini şahmatçılarla bölüşməkdən çəkinməyən insan idi. Onun yoxluğu Azərbaycan şahmatında hiss olunur. Yaxın günlərdə ölkəmizdə 42-ci Ümumdünya Şahmat Olimpiadası yüksək səviyyədə təşkil olundu. Vüqarın yoxluğu özünü nəticədə də göstərdi. İnanıram ki, Vüqar bu yarışda iştirak etsəydi millimizin çıxışı daha uğurlu olardı”, - deyə Faiq Həsənov bildirib.

Vüqar Həşimovun komanda yoldaşları Qədir Hüseynov və Zeynəb Məmmədyarova mərhum şahmatçı barədə xatirələrini bölüşüb, onun sadiq dost, güclü şahmatçı olduğunu diqqətə çatdırıblar. Akademiyanın ölkəmizdə idmanın bu növünün təbliğində mühüm rol oynayacağını bildirən natiqlər burada şahmatın sirlərini öyrənənlərə ustad dərsləri və seanslar keçmək istədiklərini qeyd ediblər.

Vüqarın atası Qasım Həşimov oğlunun dünya şahmat tarixində iz buraxdığını bildirib. O, həmçinin Vüqarın beynəlxalq yarışlardakı partiyalarının bir nəşrdə toplanıb şahmatsevərlərə çatdırılmasının nəzərdə tutulduğunu qeyd edib. "İnsanlar mənə daim böyük hörmətlə yanaşırlar. Bu da məni qürurlandırır. Ölkəmizdə Şahmat Akademiyası yaratmaq Vüqarın çoxdankı arzusu idi. Bu gün onun arzusu gerçəkləşdi. Akademiyaya maraq da böyükdür. Ümid edirəm ki, burada istedadlı və Azərbaycanı beynəlxalq arenada yüksək səviyyədə təmsil edəcək zəka sahibləri yetişəcəklər”, - deyə Qasım Həşimov qeyd edib.

Vüqar Həşimov adına Şahmat Fondunun prezidenti, Əməkdar Məşqçi Anar Allahverdiyev fondun nəzdində Akademiyanın fəaliyyətə başlaması münasibətilə idman ictimaiyyətini təbrik edərək deyib: "Vüqar həyatdan tez köçdüyü üçün onun arzuları yarımçıq qaldı. Bu gün onun arzularından biri gerçəkləşdi. Fondun təşkilatçılığı ilə bir neçə turnir təşkil olunub. Akademiya şahmatın inkişafına, istedadlı idmançıların üzə çıxarılmasına, şahmatın kütləviləşməsinə mühüm təsir göstərəcək”, - deyə Anar Allahverdiyev bildirib.

Sonra Vüqar Həşimovun yaradıcılığından bəhs edən film nümayiş olunub.

Çıxışlardan sonra qonaqlar Akademiyanın binasında yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, Akademiya 300-dək şahmatçını qəbul etmək iqtidarındadır. Akademiyanın binası iki böyük oyun zalından və dörd tədris otağından ibarətdir. Şahmat Akademiyasında idmanın bu qədim növünün sirlərinin öyrədilməsi üçün hər cür şərait yaradılıb. Dərslər Azərbaycan, rus və ingilis dillərində aparılır.




Bu yazı

20310 dəfə oxunub

Tarix

2016-10-04 14:49:34

Yazını

Çap et

Yazını

Paylaş