I Spartakiadanın şahmat və dama yarışları başa çatıb


Milli Elmlər Akademiyasının institutları arasında AMEA Azad Həmkarlar İttifaqının I Spartakiadası keçirilir.

Olimpnews.az saytının məlumatına görə, Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən I Spartakiadanın proqramına idmanın dama, şahmat, stolüstü tennis və futbol növləri daxil edilib.

Spartakiada çərçivəsində keçirilən dama və şahmat yarışlarına yekun vurulub. Dama yarışlarında final oyunlarının nəticələrinə əsasən, qadınlar arasında birinci yerə İncə Məhərrəmova (Torpaqşünaslıq və Aqrokimya İnstitutu) layiq görülüb. İnformasiya Texnologiyaları İnstitutunun təmsilçiləri Xəyalə Əbdülhüseynova və İlahə İsmayılzadə müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar. Kişilərin mübarizəsində Sakin Cabbarov (Fizika İnstitutu) birinci yerə sahib çıxıb. Şahin Baxşıyev (İdarəetmə Sistemləri İnstitutu) ikinci, Yadigar Cəfərov (Radiasiya Problemləri İnstitutu) isə üçüncü yerlə kifayətlənib.

Qadınlar arasında keçirilən şahmat yarışında İlahə Məmmədova (Fizika İnstitutu) birinci yerə layiq görülüb. Yeganə Əşrəfova (İdarəetmə Sistemləri İnstitutu) ikinci, Afina Əliyeva (Neft-Kimya Prosesləri İnstitutu) üçüncü yeri tutub.

Kişilərin mübarizəsində Bilal Bilalov (Riyaziyyat və Mexanika İnstitutu) birinci yerə sahib çıxıb. Fizika İnstitutunun təmsilçiləri Sadiq Həmidov və Bəhruz Süleymanlı müvafiq olaraq, ikinci, üçüncü yerləri bölüşdürüblər.

Qeyd edək ki, I Spartakiada oktyabrın 7-dək davam edəcək.




Bu yazı

24011 dəfə oxunub

Tarix

2016-10-04 17:44:54

Yazını

Çap et

Yazını

Paylaş