Nigar Arpadarai: “Bu yarışın adını artıq ölkəmizlə əlaqələndirməyin vaxtıdır”


Formula-1 yarışlarının Azərbaycandakı təşkilatçısı - "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yerli idman jurnalistlərinin bir qrupu ilə görüşüb.

Olimpnews.az saytının məlumatına görə, görüş Azərbaycanda ilk dəfə keçirilmiş Formula-1 yarışının nəticələri və növbəti il üçün hazırlıqlara dair fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, son illər Azərbaycanda idman, turizm və mədəniyyət sahələrində həyata keçirilən tədbirlər irimiqyaslı beynəlxalq yarışların və tədbirlərin yüksək səviyyədə təşkili üçün əlverişli mühit yaradıb. Bunun nəticəsi olaraq, bu ilin yayında uğurla keçirilən Avropa Qran-prisi Formula-1 tarixində yeni səhifə açmaqla yanaşı, həm də Azərbaycanın, xüsusən paytaxt Bakının bütün dünyada daha yaxından tanınmasına töhfə verib. Yarışı izləmək üçün xarici ölkələrdən Azərbaycana minlərlə turist səfər edib. Ümumilikdə milyonlarla televiziya tamaşaçısı yarışı canlı olaraq izləyib.

Bildirilib ki, Bakı şəhər halqasında keçirilmiş Avropa Qran-prisində 2016-cı il Formula-1 mövsümündə şəhər trekləri arasında ən yüksək sürət qeydə alınıb. "Williams” komandasının pilotu Valteri Bottas trekin 2,2 kilometr uzunluğundakı dənizkənarı hissəsində saatda 366 kilometr sürətlə hərəkət edərək Bakı şəhər halqasında keçirilən ilk yarışda ən yüksək sürəti reallaşdırıb. Bununla yanaşı, Avropa Qran-prisində başqa bir rekord da əldə olunub. "Williams” komandası 1,92 saniyəlik göstərici ilə Formula-1 tarixində ən sürətli pit-stop edən komanda olub.

Növbəti il üçün artıq hazırlıqlara start verildiyini qeyd edən Nigar Arpadarai bunları deyib: "Ötən yay Formula-1-in Bakıya gəlişi "Odlar ölkəsində, sürət zirvəsində” devizi ilə baş tutdu. Yarış bu devizə uyğun olaraq təşkil edildi. Belə ki, Azərbaycanda ilk dəfə keçirilən Avropa Qran-prisi zamanı digər şəhər trekləri ilə müqayisədə Bakı şəhər halqasında ən yüksək sürət qeydə alındı. Həmçinin bu yarış zamanı Formula-1 tarixində ən sürətli pit-stop əməliyyatı həyata keçirildi”.

N.Arpadarai bildirib ki, ölkəmizdə ilk dəfə keçirilən Formula-1 yarışını Avropa Qran-prisi adlandırmaqda məqsəd Bakı turnirini bu idmanın ənənəvi mərkəzi və azarkeşləri ilə yaxınlaşdırmaq, eyni zamanda, paytaxtın sahib olduğu Avropa dəyərlərini daha geniş miqyasda tanıtmaqdır. Milyonlarla azarkeşin qarşısında paytaxtımızda ilk dəfə Formula-1 yarışını uğurla keçirdikdən sonra biz hesab edirik ki, bu yarışın adını artıq ölkəmizlə əlaqələndirməyin vaxtıdır. İnanırıq ki, növbəti ildən etibarən Bakıda keçiriləcək yarış Formula-1 Azərbaycan Qran-prisi adlandırılacaq. Biz 2017-ci ildə Bakı şəhər halqasında keçiriləcək növbəti Formula-1 yarışını birlikdə qeyd etmək və yarışın coşğusunu yaşamaq üçün sizinlə yenidən işləməyi səbirsizliklə gözləyirik.


Bu yazı

29687 dəfə oxunub

Tarix

2016-10-11 17:19:20

Yazını

Çap et

Yazını

Paylaş