Azərbaycan güləşçiləri Olimpiya Oyunlarında


Əvvəli: http://olimpnews.az/8593/get+Az%C9%99rbaycan+g%C3%BCl%C9%99%C5%9F%C3%A7il%C9%99ri+Olimpiya+Oyunlar%C4%B1nda

XXX Yay Olimpiya Oyunları, London-2012

Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında 204 ölkədən 10 957 idmançı iştirak edirdi. 16 gün ərzində keçirilən möhtəşəm idman tərdbirində 26 idman növündə 302 dəst medal oynanıldı. Bu ölkələrdən 54-nün təmsilçisi çempionluq zirvəsinə yüksəldi. Medalçı ölkələr siyahısında 1-ci yeri ABŞ, 2-ci yeri Çin, 3-cü yeri isə Böyük Britaniya tutdu.

Azərbaycan Olimpiya yığması 2 qızıl, 2 gümüş və 6 bürünc medalla ümumi hesabda 30-cu pillədə qərarlaşdı.
London-2012 Olimpiadasında sərbəst güləş üzrə yığmamız 6 çəki dərəcəsində Olimpiya medalları uğrunda yarışırdı. Sərbəst güləş yarışlarında ölkəmizin şərəfini Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Maqemadov (120 kq) qoruyurdular.

Toğrul Əsgərov və Şərif Şərifov Olimpiya çempionu adına layiq görüldülər. Xetaq Qazyumov isə olimpiadanın bürünc mükafatını qazandı. Beləliklə, sərbəst güləş üzrə Azərbaycan komandası London Olimpiadasını 2 qızıl və 1 bürünc medalla başa vurdu. Sevindirici haldır ki, sərbəst güləş üzrə Azərbaycan yığması dünyanın bir sıra aparıcı ölkələrini qabaqlayaraq ABŞ-la birgə 1-ci yeri tutdu. London-2012 Olimpiadasının qızıl medalını qazanan 20 yaşlı Toğrul Əsgərov həm də ən gənc çempion kimi Olimpiya tarixinə düşdü.
Yunan-Roma güləşi üzrə yarışlarda yığmamızın 2 üzvü Rövşən Bayramov (55 kq) ikinci, Emin Əhmədov (74 kq) üçüncü yeri tutdular. Bununla komandamız London-2012-də yunan-Roma güləşi üzrə yarışlarda 5-ci pillədə qərarlaşdı.

Qadın güləşi üzrə yarışlarda Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (55 kq) bürünc medala sahib çıxdı.

Ölkəmiz qadın güləşi yarışlarında 3-cü oldu. Ümumilikdə, olimpiadanın güləş proqramında 18 dəst medal uğrunda 13 atletimiz yarışdı. Güləşçilərimiz ümumilikdə 2 qızıl, 2 gümüş və 3 bürünc medalla mükafat qazanan 29 ölkə arasında 4-cü oldular. Beləliklə, Azərbaycan Olimpiya yığması London-2012 Yay Olimpiya Oyunlarında 10 medal (2 qızıl, 2 gümüş və 6 bürünc) qazanaraq yarışları 30-cu pillədə başa vurdu.

Dilqəm Quliyev,
professor



Bu yazı

27054 dəfə oxunub

Tarix

2016-10-31 11:03:46

Yazını

Çap et

Yazını

Paylaş