Peşəkarlıq və istedad qələbələrə yol açır

Azərbaycanda idmana yaradılan yüksək şərait bütün idman növlərinin inkişafına zəmin yaradıb. Hazırda döyüş növləri ölkəmizdə populyarlığı ilə seçilir. Son dövrlərdə ölkəmizdə döyüş sənətinə yeniyetmə və gənclər böyük maraq göstərirlər. Təbii ki, idmanın bütün növlərinin, o cümlədən döyüş növlərinin inkişafında federasiyalar əhəmiyyətli rol oynayırlar. Respublikamızda kikboksinqin populyarlıq qazanması məhz Azərbaycan Kikboksinq Federasiyasının fəaliyyəti ilə bağlıdır. Federasiyanın idmançıları ölkəmizi beynəlxalq yarışlarda yüksək səviyyədə təmsil edirlər.

Azərbaycanın idman şöhrətini ucaldan kikboksçularımızdan biri də Xəyal Əhmədovdur. İştirak etdiyi bütün yarışlarda medallar uğrunda mübarizə aparan idmançımız uşaqlıq illərindən döyüş növlərinə maraq göstərib. O, idmana gəlişi barədə danışarkən dedi: «Döyüş növlərinə marağım çox idi. Bu sahədə fərqlənmək böyük uğurlar qazanmaq istəyirdim. Bu marağım məni peşəkar idmana bağladı. Kikboksinq idman növündə özümü sınamaq qərarına gəldim. Federasiyamız tərəfindən yaradılan şərait, məşqlərin yüksək səviyyədə keçirilməsi tezliklə uğurlarıma yol açdı. Çıxış etdiyim yarışlarda yalnız qələbə qazanmaq, Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmaq barədə düşünürəm. İdman həyatımın ayrılmaz bir hissəsinə çevrilib və bu sahəni seçdiyim üçün peşiman deyiləm. Döyüş növləri insanda dözümlülük, iradəlilik, vətənpərvərlik kimi keyfiyyətləri formalaşdırır. Yeni-yeni uğurlar qazanmaq üçün məşqçimin mənə verdiyi tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışıram. Qazandığım uğurlarımla respublikamızda idmanın inkişafına öz töhfəmi vermək istəyirəm».

Yola saldığımız 2016-cı il təcrübəli döyüşçünün həyatında uğurlu illərdən biri kimi yadda qalıb. Ötən ilin may ayında Hollandiyanın Eyndhoven şəhərində peşəkarlar arasında təşkil olunan Dünya kuboku (A-1 World Combat Cup) yarışları Xəyalın bacarıqlı döyüçü olduğunu bir daha təsdiqləyib. Ən güclülərin mübarizə apardığı turnirdə bütün rəqiblərini məğlub edən idmançımız Dünya kubokunu başı üzərinə qaldırıb. Analoji yarış ötən ilin noyabr ayında Almaniyanın Şuppertal şəhərində keçirilib. Bu turnirə yollanan Xəyal Əhmədov Dünya kubokunun sahibi adına layiq görüldüyünün təsadüf olmadığını sübut edib. Təcrübəli kikboksçu yenə də uğurla çıxış edərək vətənə Dünya kubokunun ikiqat qalibi kimi dönüb. Bacarığı, peşəkarlığı, istedadı və gərgin məşqləri sayəsində əldə etdiyi bu nəticələr təmsilçimizin uğurlarında əhəmiyyətli rol oynayıb.

Ötən ili uğurlu nəticələrlə yola salan idmançımızı 2017-ci ildə bir sıra mötəbər yarışlar gözləyir. Əminik ki, kikboksçumuz iştirak edəcəyi yarışlarda yenə də Azərbaycan bayrağını yüksəklərdə dalğalandıracaq, himnimizi səsləndirəcək.





Hürrü Abdullayev

Bu yazı

39360 dəfə oxunub

Tarix

2017-01-11 15:42:15

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook