Eduard Məmmədov: “Döyüşdə güclülər deyil, ağıllılar qalib gəlir”




Azərbaycanda idmanın kütləviləşməsi, respublikada dünya və Avropa miqyaslı turnirlərin təşkili, gənc nəslin bədən tərbiyəsinə marağının artması Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyət strategiyasına əsaslanır. Ötən müddətdə bu sahədə ardıcıl olaraq həyata keçirilən dövlət siyasəti bədən tərbiyəsi və idmanın kütləvi inkişafına, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına, sağlam həyat tərzinin formalaşdırılmasına, gənc nəslin fiziki-mənəvi tərbiyəsinə, idmanda ehtiyat qüvvəsinin artırılmasına yönəldilib.
"Olimpiya dünyası” qəzeti "Uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsi” layihəsi çərçivəsində mütamadi olaraq gənc nəslə nümunə olan Olimpiya, dünya və Avropa çempionları ilə müsahibələri oxuculara təqdim edir. Budəfəki müsahibimiz kifayət qədər titullu idmançımız, kikboksinq üzrə 22 qat dünya, 7 qat Avropa çempionu Eduard Məmmədovdur.



-Eduard, idmanda əldə etdiyin saysız-hesabsız titulları qazanmaq üçün çoxmu əziyyət çəkmisən?

- Mən 1978-ci il yanvarın 2-də Bakıda anadan olmuşam. Məni anam böyüdüb. O məni zərərli vərdişlərdən və pis insanlardan qorumaq üçün müxtəlif idman növlərinə cəlb edib. Düzdür, anam peşəkar idmançı olmağımı istəmirdi. Çünki bilirdi ki, idmançının günü məşqlərdə, yarışlarda keçir. İlk dəfə üzgüçülüyə getmişəm, sonra karate, voleybol, tennislə məşğul olmuşam. Seçim etməkdə çox çətinlik çəkirdim. Amma tezliklə başa düşdüm ki, məhz kikboksinq idman növündə uğurlar əldə edə bilərəm. Bəli, idmanda zirvəyə çatmaq üçün çox əziyyət çəkmişəm. Çünki başqa cür mümkün deyil. 15 yaşımdan həm işləyir, həm oxuyur, həm də idmanla məşğul olurdum. Yol pulum olmadığı üçün yaşadığım Yasamal rayonundan "Gənclik” metrosunun yaxınlığında yerləşən idman zalında məşq etmək üçün müəyyən məsafəni piyada getməli olurdum, həm də ağır çanta ilə. İdman zalında məşğul olduğum bütün ləvazimatları, hətta qanteli belə özümlə daşıyırdım.

- Çəkinirdin ki, idman ləvazimatlarını oğurlaya bilərlər?

- (gülür) Həm qorxurdum ki, oğurlayarlar, həm də bir növ özümə əziyyət verirdim. Ağrı, əziyyət məni qorxutmurdu, çünki qarşıma məqsəd qoymuşdum və bilirdim ki, çəkdiyim zəhmətin bəhrəsini görəcəyəm.



- Sənə idmanla məşğul olmaq üçün stimul verən nə idi?

- Jan Klod Van Damm, Brüs Li və başqalarının çəkildiyi döyüş filmlərinin, bir çox uşaqlar kimi, mənim də idmana gəlməyimdə böyük rolu olub. Hər dəfə o kinolara baxanda mən də onlar kimi idmançı olmaq istəyirdim. Şükürlər olsun ki, arzularıma çatdım. İndi yetirmələrimə deyirəm ki, hazırda ölkəmizdə kifayət qədər Olimpiya, dünya və Avropa çempionları var və siz onlarla fəxr edə, nümunə götürə bilərsiniz.

"Səni dünya çempionu edəcəyəm”

- Səhv etmirəmsə, ilk məşqçin Çingiz Eyvazov olub…

- Elə indi də məşqçim Çingiz Eyvazovdur. Onunla 1993-cü ildə tanış olmuşam. Çingiz müəllim mənim ilk və sonuncu müəlimimdir. İdmanda əldə etdiyim uğurlara, qazandığım saysız-hesabsız nailiyyətlərə görə anama və məşqçimə minnətdaram. İlk dəfə Çingiz müəllimin yanında olanda mənə: "Görürəm potensialın var. Gəl məşqlərə, səni dünya çempion edəcəyəm”, - dedi. Düzü, bu sözdən sonra məni gülmək tutdu. Amma illər sonra bacarıqlı mütəxəssisin bu sözləri öz təsdiqini tapdı. Dəfələrlə dünya çempionu tituluna layiq görüldüm, məşqçimin etimadını doğrultum.



- Səncə, kikboksinqdə mövcud olan bütün titulları əldə etmisən?

- Mən yeganə idmançıyam ki, kikboksinq üzrə ən ağır versiya hesab edilən WAKO-da dəfələrlə dünya və Avropa çempionatının qalibi adını qazanmışam. 15 qat Azərbaycan, 7 qat Avropa, 22 qat dünya çempionuyam. Bununla yanaşı, dəfələrlə Asiya və Avrasiya çempionu (WAKO, World Profi and IAKSA versiyaları üzrə), müxtəlif peşəkar turnirlərin qalibi, dünya çempionatlarının beşqat bürünc, yeddiqat gümüş, Avropa çempionatının beşqat gümüş medalçısı, peşəkarlar arasında ANS kubokunun qalibiyəm. Bundan başqa, WAKO versiyası üzrə Dünya kubokunun sahibi, İKBO versiyası üzrə peşəkarlar arasında dünya çempionu, WAKO-PRO versiyası üzrə ən nüfuzlu interkontinental kəmərin sahibiyəm (iki dəfə). Ümumilikdə 50-dən çox beynəlxalq mükafat, medal və tituların sahib olmuşam nidiyə kimi.



- Bir ildə 3 dəfə ardıcıl dünya çempionu titulunu qazanmısan. Səndən sonra bu nəticəni təkrar edən varmı?

-2009-cu il mənim həyatımın ən uğurlu ili olub. biridir. Həmin ilin iyununda İspaniyada World Profi versiyası üzrə keçirilən dünya çempionatında Low Kick və K-1 bölmələrində 2 qızıl medala sahib oldum. Daha sonra oktyabr ayında WAKO Low Kick versiyası üzrə Avstriyada keçirilən dünya çempionatının, ardınca noyabrda WAKO Full Contact versiyası üzrə İtaliyada keçirilən dünya çempionatının qalibi adını qazandım. Bu nəticə ilə dünya kikboksinq tarixində bir ilkə imza atdım və bu nəticəni hələ təkrar edən olmayıb.

- Həmin ildə ən güclü rəqiblərindən birini məğlub etmisən...

- 2009-cu ildə Avstriyada dünya çempionu olandan 1 ay sonra İtaliyanın Luqano şəhərində dünya çempionatı keçirilirdi. Yarışların finalında Rusiyanı təmsil edən erməni idmançısı Zurab Farayanla qarşılaşdım. Finala qədər bütün döyüşlərim çətin keçmişdi. Buna baxmayaraq erməni idmançıya qalib gəldim. Onunla yenidən 2011-ci ildə dünya çempionatında qarşılaşdıq. Bu dəfə də Zurab Farayanı yarışdan kənarlaşdırdım və sübut etdim ki, biz güclüyük. Ümumiyyətlə, Azərbaycan idmançıları qazandıqları uğurlarla güclü olduqlarını bütün dünyaya sübut edirlər.

- Hansı mükafatların var?

- 1997-ci ildə idman ustası, 1999-cu ildə beynəlxalq idman ustası adına layiq görülmüşəm. 2003-cü ildə mənə Əməkdar idman ustası adı verilib. 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən mənzillə mükafatlandırılmışam, 2007-ci ildə isə "Vətən uğrunda” ordeni ilə təltif olunmuşam. "Vətən uğrunda” ordeni mənim üçün çox böyük mükafatdır. 2009-cu ildə qeyri-Olimpiya idman növünün inkişafında xüsusi xidmətlərə görə fəxri fərmanla təltif edilmişəm, 2013-cü ildə isə Əməkdar məşqçi adını qazanmışam. 36 yaşım var. Sevinirəm ki, əziyyətim yerdə qalmayıb. Əziyyətinin bəhrəsini görmək insanı sevindirir, onu yeni qələbələrə ruhlandırır. Ölkə başçısına öz minnətdarlıımı bildirirəm.



"Sən canavar kimi sürətli və cəldsən”

-"Ağ canavar” ləqəbini sənə kim verib?

-2002-ci ildə peşəkarlar arasında yarış keçirilirdi. Mən 57 kq çəkidə gəncəli Etibar Məmmədovu məğlub etdim. İkinci görüşüm isə Anar Lalayevlə idi. Onu da yarışdan kənarlaşdırdıqdan sonra finalda "qara bəbir” ləqəbli Ayaz Musayevlə qarşılaşdım. Onu da məğlub etmək mənim üçün çətin olmadı. Hər üç rəqibim 67 kq-da döyüşürdülər. Həmin yarışdan sonra məşqçim Çingiz Eyvazov məni "ağ canavar” deyə çağırmağa başladı. Ağ dərimin rəngini, canavar isə döyüş tərzimi ifadə edir. Müəlimim deyirdi ki, sən canavar kimi sürətli və cəldsən. Ayaqlarınla yaxşı döyüşürsən, ağır zərbələrin var. Canavar da sənin kimi pusquda durub rəqibinin düz gözünün içinə baxaraq onu ovlamağa çalışır (gülür). Yarışlara üstündə "Wayt Wolf” ("Ağ canavar”) yazısı olan köynəklə çıxıram.

- Sənin ləqəbini yetirmələrindən kim daşıya bilər?

- Amin Quliyev adlı bir şagirdim var. Mən "Ağ canavar” ləqəbini yalnız ona verə blərəm. 11 yaşı olmasına baxmayaraq artıq o, dünya və Avropa çempionu adını alıb. Döyüş üslubu da mənimki kimidir.

- Öz klubunu yaratmaq fikrin yoxdur ki?

- "Ağ canavar” klubu bu ildən fəaliyyətə başlayıb.

- Səncə, idmançı üçün əsas şərtlər nədir?

- İdmançı zəhmətkeş, çalışqan, prinsipal, nizam-intizamlı olmalıdır.

"Rinqdə idmançının beyni kompüter kimi işləməlidir”

- Yəni idmançı daim öz üzərində işləməlidir?

- Əlbəttə. Başqa cür mümkün deyil. İdmançı öz üzərində işləməsə, mütləq məğlubiyyətə uğrayacaq. Yeni fəndlər üzərində işləməlisən, daim axtarışda olmalısan. Əgər bunlar olmasa, nailiyyət də olmayacaq. Kikboksinqdə həm əl, həm də ayaq zərbələrindən istifadə olunur. Deməli, həm yaxşı boksçu olmalısan, həm də ayaqların yaxşı işləməlidir. Döyüşdə güclülər deyil, ağıllılar qalib gəlir. Yəni ağlını işlətməlisən ki, hər an qərar verməyi, nəyi etmək lazım olduğunu biləsən. Planlaşdırdığın taktika alınmasa, digərini işə salmalısan. İtirilmiş hər saniyə döyüşün taleyini həll edir. Bir sözlə, rinqdə idmançının beyni kompüter kimi işləməlidir.

- Hakim haqsızlığı səni ruhdan sala bilərmi?

- İdmanda hər şey ola bilər. Amma məndən söhbət gedirsə, mən xaraktercə asanlıqla ruhdan düşən və "sınan” insan deyiləm. İnciyə bilərəm, amma ruhdan düşmək mənim xarakterimə uyğun deyil. Əgər hakim haqsızlığı üzləşirəmsə, çalışıram ki, gələn dəfə daha yaxşı döyüşüm, hakimlərə ədalətsiz qərar vermək imkanı yaratmayım.

-Adətən, rəqibinlə görüşə gülə-gülə çıxırsan. Bununla nə demək istəyirsən?

- Çoxları döyüşə üzündə zəhmli ifadə ilə çıxırlar. Mən isə yarışlara gülə-gülə çıxıram və rəqibin düz gözlərinin içinə baxıram. Bununla demək istəyirəm ki, mən qalib gəlmək üçün buradayam. Səndə isə heç nə alınmayacaq. Bu, bir psixoloji təsir vasitəsidir. Gülə bilmədiyim yeganə rəqibim erməni idmançılarıdır.



-Federasiyada idmançılara necə şərait yaradılıb?

- Azərbaycan Kikboksinq Federasiyası 1995-ci ildə yaradılıb. Federasiya yarandığı ilk gündən etibarən buranın üzvüyəm. Federasiya rəhbərliyi idmançlların məşq etmələri, ölkə və beynəlxaq səviyyəli yarışlarda çıxış etmələri üçün yüksək səviyyəli şəraitin yaradılmasını təmin edir. Federasiyanın prezidenti, millət vəkili Adil Əliyev bizə böyük diqqət və qayğı göstərir. Adil müəllim bizim hər birimizə dost, qardaş kimi yanaşır. Yarışlara gedəndə bizi yola salır, gələndə qarşılayır.

- Yəqin ki, bu münasibət Adil müəllimin özünün də idmançı olmasından irəli gəlir?

- Təbii ki, Adil Əliyevin özünün də idmançı olması, bu sahəni bilməsi çox köməyimizə gəlir. O, veteranlar arasında ikiqat dünya çempionudur. Adil müəllimin bizimlə birgə məşqlərdə iştirak eməsi stimul verir və bizi formada qalmağa məcbur edir.



- İdmanla məşğul olan uşaq və gənclərin təhsildən yayınmalarına münasibətin necədir?

-İdmançı yalnız fiziki gücü ilə deyil, savadı, biliyi ilə fərqlənməlidir. Çünki bu, yarış meydanında çox vacibdir. Beyin düşünüb, əl və ayaq hərəkət edəndə rəqib səninlə bacara bilmir. Hər dəfə yeni taktika, texnika işlətməlisən ki, səni məğlub edə bilməsinlər. Mən özüm üç ali məktəb qurtarmışam. Uşaqlıqdan təhsil almaq, savadlı, bilikli olmaq mənim üçün böyük əhəmiyyət daşıyıb. İndi də elədir. Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası, Polis Akademiyası və Akademiyanın nəzdindəki İxtisasartırma və Dövlət İdarəçilik Akademiyasının məzunuyam. Dediyim odur ki, idmanla məşğul olmaq dərslərdən yayınmağa səbəb ola bilməz.

"Vətənpərvərlik hissi mənim üçün həmişə müqəddəsdir”

- Bəzən yarışlarda erməni rəqibinlə qarşılaşmalı olursan. Bu zaman hansı hissləri keçirirsən?

-Vətənpərvərlik hissi mənim üçün həmişə müqəddəs məfhumlardan biridir. Döyüş meydanında qələbədən sonra Azərbaycanın bayrağını əlimə alaraq rinqi dövrə vurmaq mənim üçün çox şərəflidir. Nə gizlədim, erməni idmançıları ilə döyüşlərim mənim üçün xüsusi əhəmiyyət daşıyıb. Digər rəqiblərlə döyüşə gülə-gülə çıxdığım halda, erməni idmançılarla mübarizə aparanda sərt və acıqlı oluram. 2000-ci ildə Yunanıstanda keçirilən dünya çempionatında erməni rəqibimi 15 saniyəyə nokaut vəziyyətinə saldım. Heç kim inanmırdı. Erməninin məşçqçisi: "Dur ayağa, biabır eləmə bizi”- ,deyəndə, idmançı qayıtdı ki, "Belə asandırsa, gəl özün döyüş”. Həmin vaxt üçrəngli bayrağımızla rinqi dövrə vuraraq qələbəmi qeyd elədim.

- Sən həm də məşqçilik fəaliyyəti ilə məşğul olursan?

-Peşəkar idmançı olmaqla bərabər, həm də uşaq və gənclərə kikboksinq idman növünün sirlərini öyrədirəm. Məşqçilik fəaliyyətinə 2000-ci ildə başlamışam. Yetirmələrimin arasında dünya və Avropa çempionları az deyil. Həm müəllim, həm də idmançı olmaq böyük məsuliyyətdir. Həmişə tələbələrimə idmançı olmaqdan öncə vətənpərvər olmağı, vətəni sevməyi öyrədirəm. Vətəni sevən insan hər bir sahədə uğur qazanacaq, bu, şübhəsizdir. Yetirmələrimdən gənclər arasında Zaur Məmmədov, Anar Məmmədov, yeniyetmələrdən Ayxan Həşimov, Amil Quliyevin adlarını çəkə bilərəm. Onların gələcəyinə çox inanıram. Anar Məmmədov hazırda WAKO versiysında güclü idmançılardandır.


- Bir məşqçi kimi seçimdə nəyə fikir verirsən?

- Əsas fikir verirəm ki, onlar mənim dediklərimə qulaq assın və qavraya bilsinlər. Məşqə 5-6 yaşından gələn uşaqlar akrobatika, gimnastikanı öyrənənə qədər artıq püxtələşirlər. Uşaq idman zalına nə qədər tez gəlsə, bir o qədər də asan olur. Hər yaşa görə proqrama düzgün əməl edildikdə zəhmət öz bəhrəsini verir.

-İdmançı, məşqçi və polis işçisi kimi fəaliyyət göstərirsən. Sənin üçün çətin deyilmi?

-Çətindir, amma vaxt tapıram. Çalışıram ki, işimi plan üzrə qurum. Hazırda Daxili İşlər Nazirliyində polkovnik-leytenant rütbəsini daşıyıram. Fəxr edirəm ki, öz işimlə dövlətimizə xidmət göstərirəm: həm idmançı, həm də polis kimi.

- Kikboksçularımızı beynəlxalq yarışların favoriti hesab etmək olarmı?

- Ölkəmizdə Olimpiya idman növləri kimi qeyri-Olimpiya idman növlərinə də böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, dünyada artıq bizim idmançılardan çəkinirlər. Kikboksinqdə ən çətin rəqiblərimiz Rusiya, Qazaxıstan, Ukrayna idmançılarıdır. Azərbaycan da artıq favoritlər sırasında yer alıb və dünyada bizimlə hesablaşırlar.

"Nə qədər ki, qolumda güc, ürəyimdə təpər var, vuruşacağam”

-Eduard, həyatda uğur qazanmaq üçün insana nə lazımdır?

- İnsan gərək öz işinin fanatı olsun. Hansı sahədə çalışırsa-çalışsın öz işini sevsin, ona məsuliyyətlə yanaşsın. 30 ilə yaxındır ki, böyük idmandayam. Bəzən məndən soruşurlar ki, yorulmamısan hələ. Əlbəttə, yorulmuşam, amma bezməmişəm. Çempion olanda Azərbaycanın dövlət himninin səsləndirilməsi, bayrağımızın dalğalanması adamın bütün əziyyətini bir anda yox edir. Əvəzində özünü çox gözəl hiss edir, yüngüllük tapırsan. Həmin an özünü dünyanın ən xoşbəxt insanı hesab edirsən.

- İdmandan getməyi düşünürsənmi?

- Nə qədər ki, qolumda güc, ürəyimdə təpər var, vuruşacağam. Nəticələrim kifayət qədərdir. Bütün titul və adlara layiq görülmüşəm. İstəsəm, idmandan gedə də bilərəm. Amma döyüşə bilirəmsə, niyə idmanı tərk etməliyəm? Demirəm ki, ömrümün axırına qədər yarışacağam. Həyatdır, hər şey ola bilər. Nə vaxt görsəm ki, artıq bəsdir, onda idmandan gedəcəyəm.

-Rinqdə 10 il əvvəlki Eduardla bugünkü Eduradın fərqi nədədir?

- İdmanda yaş artıqca sürət və dözümlülük azalır, amma təcrübə artır. Yarışda itirdiklərini təcrübə ilə geri qazana bilirsən. "İkinci nəfəs” deyilən bir şey var. Nəfəsin çatırsa, döyüşmək mümkündür.

- Lider olmaq çətindirmi?

- Nə qədər titullarım və mükafatlarım olsa da, heç vaxt "mənəm”, "mənəm” deməmişəm. Məni sevən, dəstəkləyən, qiymətləndirən insanlara minnətdarlığımı bildirirəm. Sağ olsunlar. Onların sevgisi mənim üçün hər şeyə dəyər. Bu gün idmanda olduğum üçün məhz azarkeşlərimə minnətdaram. Onların sevgisi mənə ruh, qol-qanad verir və yeni qələbələrə ruhlandırır. Lider olandan sonra bu adı qoruyub saxlamaq çox çətindir. Ola bilər ki, yarışda şansın gətirsin, bəxtinə zəif idmançı çıxsın və sən qalib gələsən. Əsas odur ki, o çempionluğu qoruyub saxlamağı bacarasan və sonrakı illərdə davam etdirəsən.

- Övladlarının idmançı olmasını istərdinmi?

- İki övladım var - Raul adlı oğlum, Belqis adlı qızım. Əkizdirlərin 5 yaşları var. "Raul” ispan dilindən tərcümədə "canavarın dostu”, "Belqis” isə ərəb dilində "şahzadə” deməkdir. Qızım üçün idman maraqlı deyil, amma oğlumun idmana həvəsi çoxdur. Mən onu hələ 7-8 aylığından idman zalına aparmışam. İndi o kanata yaxşı dırmaşır, turnikdə yaxşı dartınır, jim edir. O həm də solaxaydır. Mən inanıram ki, Rauldan yaxşı idmançı ola bilər. Peşəkar idmanı seçsə, bir ata, idmançı kimi dəstək göstərəcəyəm. Çox istərdim ki, övladlarım hansı sahədə çalışırlarsa çalışsınlar, vətənin bayrağını uca tutsunlar, onu ləyaqətlə təmsil eləsinlər.



"Əziyyətdən qorxmasınlar”

- Dostların çoxdur?

- Kifayət qədərdir. Dostluq gözəl keyfiyyətdir və onu qiymətləndirmək lazımdır. Zaman keçdikcə dostlar da süzgəçdən keçərək ələnirlər.

-Nəyi bağışlamırsan?

- Yalanı və satqınlığı qəbul edə bilmirəm. Ətrafımda belə insanlar varsa, dərhal onlarla əlaqə kəsirəm. Yalan dahışmaqdansa, susmağı məsləhət görürəm.

-Hobbin varmı?

-Uşaqlıqda poçt markaları yığırdım, böyük kolleksiyam var idi. Təbiət mənzərələri və heyvanlarla bağlı olan həmin kolleksiya indi də durur. Hazırda hər yarışda geyindiyim maykaları kolleksiya edirəm. Bir də medal kolleksiyam var. Buarda 100-dən çox medalım toplanıb.

- Musiqiyə qulaq asırsanmı?

- Məşq zamanı ritmik mahnılara qulaq asıram. Musiqi seçimim əhval-ruhiyyəmdən də asılı olur. Musiqi insanı motivasiya edir.

- Qərar vermək sənin üçün çətin deyil ki?

- Qərar verəndə yüz ölçüb, bir biçirəm və heç vaxt tez-tələsik qərar vermirəm.

-Uşaq və gənlərə nə tövsiyə edərdin?

- Mən uşaq və gənclərə tövsiyə edirəm ki, idmanla məşğul olsunlar, dərslərini yaxşı oxusunlar. Əziyyətdən qorxmasınlar. Vətəni sevsinlər. Çünki bu gün ölkəmiz müharibə şəraitində yaşayır və torpaqlarımızın 20 faizi işğal altındadır. Bu gün Ali Baş Komandan əmr versə, əlcəyimizi çıxardıb silah götürüb cəbhəyə getməyə hazırıq. Məni sevindirən əsas cəhət odur ki, gənclərimizin əksəriyyəti idmanla məşğul olur, fiziki cəhətdən inkişaf edir və doğma yurda çox bağlıdırlar.

-"Olimpiya dünyası” qəzetinə nə arzu edərdin?

- "Olimpiya dünyası” yarandığı ilk gündən idmançıların yanında olub. Ölkədə idman və Olimpiya Hərəkatının inkişafı və yeniliklərlə bağlı operativ və düzgün xəbərləri sizin qəzetiniz vasitəsilə almışıq. İndi də belədir. Bütün kollektivə yaradıcılıq işlərində uğurlar arzulayıram.


P.S. Deyirlər, alim olmaq asandır, insan olmaq çətin. Əbəs yerə deyilməyib. Bir də insan sözünə, əməlinə düz olanda daha da sevilir, nüfuzlu olur. Eduard Məmmədov da belə insanlardandır. İnsan kimi insan, əməlinə düz. Yolun açıq olsun, çempion!








Səadət Hakıyeva



















Bu yazı

89960 dəfə oxunub

Tarix

2017-02-02 14:56:17

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook