Boksa həsr olunan ömür


Təcrübəli boks mütəxəssisi, SSRİ idman ustası, beynəlxalq dərəcəli hakim Tofiq Babanlının 80 yaşı tamam olur. Olimpnews.az saytının məlumatına görə, veteran boksçu 1937-ci il fevralın 14-də Naxçıvanda doğulub, sonradan ailəsi ilə birlikdə Bakıya köçüb.

O, 1952-ci ildə "Burevestnik” idman cəmiyyətində boksla məşğul olmağa başlayıb. Bu növün sirlərinə tez bir zamanda yiyələnən yeniyetmə idmançı öz uğurları ilə fərqlənib. 1956-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olan Tofiq Babanlı burada Əməkdar məşqçi İlya Odinovun rəhbərliyi altında öz idman ustalığını artırıb, həmçinin idmanın elmi-nəzəriyyəsi və fəlsəfəsinin tədqiqatı ilə məşğul olub. Elə həmin illərdə dəfələrlə boks üzrə Azərbaycan çempionu adına layiq görülüb. SSRİ tələbələrinin universiadasının qalibi, Həmkarlar İttifaqı Spartakiadasının gümüş, Ümumittifaq "Burevestnik” İC-in birinciliyinin bürünc mükafatçısı olub. Əldə etdiyi uğurlara görə 1958-ci ildə SSRİ idman ustası adını alıb. Ali məktəbi bitirdikdən sonra Bakı Uşaq-Gənclər İdman Məktəbində, "Ehtiyat Əmək Qüvvələri”, "Neftçi”, "Spartak” və "Məhsul” idman cəmiyyətlərində məşqçi kimi çalışıb. Bir müddət isə Respublika Ali İdman Ustalığı Məktəbində baş məşqçi kimi fəaliyyət göstərib. Tofiq Babanlının yetirmələri SSRİ çempionatı və birinciliklərində mükafatçılar sırasında yer alıblar. Onun yetirməsi Kamal Babayev gənclərdən ibarət SSRİ yığma komandasının tərkibində boks üzrə Avropa kubokunun qızıl medalını qazanıb.

Təcrübəli mütəxəssis 1989-2013-cü illərdə AzDBTİA-nın ağır atletika və boks kafedrasında çalışıb. 30-a yıxın elmi məqalə, metodiki və tədris vəsaiti, həmçinin kitabın müəllifidir. Yubilyar Gənclər və İdman Nazirliyində baş mütəxəssis, baş məsləhətçi kimi fəaliyyət göstərib. Uzun illər boks üzrə yığma komandaya rəhbərlik edən veteran idmançı 20 ildən çox Azərbaycan Boks Federasiyasının baş katibi olub. Tofiq Babanlının əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Veteran boksçu ulu öndər Heydər Əliyevin Sərəncamı ilə "Tərəqqi” medalına layiq görülüb. Həmçinin Əməkdar məşqçi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi kimi fəxri adlarla mükafatlandırılıb. Prezident təqaüdçüsü olan Tofiq Babanlı hazırda Azərbaycan İdman Veteranları İttifaqının baş katibidir.



Bu yazı

28987 dəfə oxunub

Tarix

2017-02-08 16:14:08

Yazını

Çap et

Yazını

Paylaş