Tofiq Heydərov: “Ağırlıqqaldırmada dopinqsiz də uğur qazanmaq mümkündür”


Azərbaycan idmançıları Olimpiya Oyunlarında uğurla yarışırlar. Rio-2016-da milli komandamızın üzvləri yüksək nəticə əldə etdilər. Əvvəlki Olimpiadalarda biz ənənəvi idman növlərindən medal gözləyirdik. Lakin illər ötdükcə digər idman növlərində də medallarımız oldu. Məsələn, son Olimpiya Oyunlarında kanoe sprint növündə və taekvondoda ilk dəfə olaraq medallar qazanıldı. Yaxud 4 il əvvələ nəzər salaq. London-2012-də ağırlıqqaldıranımız Valentin Xristov bürünc medala layiq görülmüşdü. Həmin bürünc medal Azərbaycan ağır atletika tarixində yeni bir səhifə açmışdı. Lakin son dövrlərdə bu idman növündə baş vermiş hadisələr, dopinq qalmaqalları da diqqətdən kənarda deyil. Həmin hadisələrin nəticəsidir ki, Azərbaycan Rio-2016-da bu idman növündə iştirak etmədi. Əgər həmin qalmaqallar baş verməsə idi, yəqin ki, Rio Olimpiadasında ağırlıqqaldıranlarımız da mükafatçılar sırasında yer alardılar. Bunun üçün kifayət qədər potensial var və güclü yığma komanda formalaşmışdı.

Olimpnews.az saytının məlumatına görə, bu gün Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) yeni nəfəslə işini davam etdirir. Məşqçilər korpusunda, heyətdə yeni simalar yer alıb. Hiss olunur ki, bu idman növünün yenidən dirçəlməsi üçün işə peşəkarlar cəlb olunub. İndi həmin mütəxəssislər bu məsuliyyəti öz üzərlərinə götürüblər. Bu və ya digər məsələlərlə bağlı məlumat almaq üçün AAAF-ın məsul işçiləri ilə əlaqə saxladıq. Bu işdə federasiyanın mətbuat xidməti bizə köməklik etdi. AAAF-ın vitse-prezidenti Tofiq Heydərov və baş katibi Rizvan Rəsulovun fikirlərini öyrəndik.

"Bizim legioner idmançılara ehtiyacımız yoxdur”

Hazırda bölgələrdə AAAF-a və klublara məxsus mərkəzlər fəaliyyət göstərir. Zona və rayon yarışlarını məhz həmin mərkəzlərdə keçirilir. Bu isə idmanın bu növündə kütləvilik yaranmasına imkan verir. Sovet dövrü və sonrakı vaxtlarda ölkə yarışlarında 100-150 idmançı mübarizə aparırdı. Hazırda isə yarışlara 700-dən artıq idmançı qoşulur. AAAF-ın vitse-prezidenti Tofiq Heydərov legionerlərlə bağlı məsələyə aydınlıq gətirdi: "Bir mütəxəssis kimi düşünürəm ki, bizim legioner idmançılara ehtiyacımız yoxdur. Legioner məşqçilərin gətirilməsini də düşünmürük. Regionlarda mərkəzlər yaratmışıq ki, oradan çıxan atletlərə dəstək olaq və onların millinin heyətində çıxış etməsinə kömək göstərək. Bizim üçün yerli idmançının beynəlxalq yarışda beşinci yerə çıxması legionerin qızıl medal qazanmasından daha yaxşıdır. Hazırda 12 ölkədə klublarımız fəaliyyət göstərir. Həmin klubların idmançıları bizə müraciət edərək Azərbaycanı təmsil etmək istədiklərini bildirirlər. Ancaq biz bunu qəbul etmirik. Şübhəsiz ki, legioner idmançılarımız da var. Onlar demək olar ki, artıq milliləşiblər. Neçə illərdir ki, ölkəmizdə yaşayırlar. Biz onların da qüvvəsindən istifadə edəcəyik. Yeganə çatışmazlığımız qadınlardan ibarət yığmamızdadır. Biz yalnız buna görə xarici mütəxəssislərə müraciət etmişik”.

Vitse-prezident atletlərimizin üzləşdikləri dopinq qalmaqallarına da münasibət bildirdi. O qeyd etdi ki, dopinq problemi təkcə Azərbaycanda deyil. Bu problemlər bütün dünyada var. "Ölkəmizdə dopinqə qarşı mübarizə həmişə diqqət mərkəzindədir. İdmanla məşğul olanlara həmişə belə preparatlar təklif olunur. Ancaq biz buna qarşıyıq. Biz məşqçi və idmançılarla müqavilə bağlamışıq. Əgər hər hansı idmançı dopinqdən istifadə etsə onu ağır cəza gözləyir. Yeni yaradılan Azərbaycan Antidopinq Agentliyinin də fəaliyyətindən yararlanacağıq. Ağırlıqqaldırmada dopinqsiz də uğur qazanmaq mümkündür. Biz uğur qazanmaq istəyiriksə, ən güclü yeniyetmə idmançıları seçməliyik”, - deyə o əlavə etdi.

Tofiq Heydərov İV İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək ağırlıqqaldıranlarla bağlı da danışdı. Onun sözlərinə görə, indi Azərbaycan Ağır Atletika Federasiyasının əsas məqsədi İV İslam Həmrəyliyi Oyunlarında və yeniyetmələr arasında keçiriləcək Yay Olimpiya Oyunlarında uğurla çıxış etməkdir. Vitse-prezident bildirdi ki, ağırlıqqaldıranlarımız Bakıda təşkil olunacaq yarışda 5 medal qazanmağa çalışacaqlar.


"Ağır Atletika Federasiyasında həyata keçirilən yeniliklər
 uğurlarımıza təkan verəcək”

Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov da hesab edir ki, federasiyada aparılan infrastruktur dəyişikliyi bu növün inkişafına öz töhfəsini verməkdədir. Baş katibin fikrincə, atletlərimizin növbəti uğurları IV İslam Həmrəyliyi Oyunlarında özünü göstərəcək.

"Ağır Atletika Federasiyasında həyata keçirilən yeniliklər uğurlarımıza təkan verəcək. Aparılan dəyişikliklər sayəsində bütün yaş qrupları üzrə yığma komandaların yeni məşqçi heyəti müəyyən edildi. Ümumilikdə 12 məşqçimiz var. Onların hər biri öz yetirmələrinin uğurları üçün əllərindən gələni edirlər”, - deyə Rizvan Rəsulov qeyd etdi.

Baş katib söhbət zamanı IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı da öz fikirlərini bildirdi: "Biz keçən ildən IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşırıq. Məşqçilərimizin xüsusi proqramı mövcuddur və atletlərimiz ona uyğun olaraq məşqlərini davam etdirirlər. Kifayət qədər güclü, bacarıqlı idmançılarımız var. Ümid edirəm ki, belə atletlərlə yüksək nəticələrə nail olacağıq”.
Anar Əhmədov





Bu yazı

57734 dəfə oxunub

Tarix

2017-02-10 17:44:25

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook