Teymur Məmmədov: “İlk görüşdən döyüş taktikasını düzgün seçməmişdim” - MÜSAHİBƏ

Rio-2016 Yay Olimpiya Oyunlarında idmançılarımız uğurla çıxış edərək komanda hesabında 39-cu yerdə qərarlaşdılar. Qazanılan 18 medaldan ikisini tam heyətlə təmsil olunan boks yığmamız aktivimizə yazdırdı. Belə ki, dəri əlcək ustalarımızdan Lorenso Sotomayor ikinci, Kamran Şahsuvarlı isə üçüncü oldu. Rio-2016-da komandamızın bayraqdarı, Bakı-2015 ilk Avropa Oyunlarının çempionu, London-2012 Olimpiadasının bürünc mükafatçısı olan Teymur Məmmədovdan (81 kq) təbii ki, Azərbaycan idmansevərləri medal gözləyirdi. Lakin ilk görüşdə ukraynalı Denis Salonenko, ardınca holland idmançı Peter Millenberq üzərində inamlı qələbə qazanan Teymur, 1/4 finalda Qazaxıstan təmsilçisi Adibbek Niyazimbetova məğlub olaraq mübarizəni dayandırdı.

Boksçumuzla əlaqə saxlayıb onun Olimpiadadakı çıxışı və bizi maraqlandıran digər məsələlərlə bağlı fikirlərini öyrəndik.

- Çoxları Rio-2016-da səndən medal gözləyirdi. Yəqin ki, sən özün də mükafatçı olacağını düşünürdün.

- Medal əldə edəcəyimə çox inanırdım. Amma, görünür, qismət deyilmiş. Mənə etimad göstərənlərin ümidini reallaşdırmadığım üçün təəssüflənirəm.

- Yarımfinala gedən yolda, yəni bürünc medalın bir addımlığında sənə nə mane oldu? Fiziki, psixoloji, yoxsa texniki-taktiki hazırlığın zəif idi?

- Düşünürəm ki, həm fiziki, həm də psixoloji vəziyyətim qaydasında idi. Amma elə ilk görüşdən döyüş taktikasını düzgün seçməmişdim. Bu isə, mənə uğursuzluq gətirdi.

- Rio Olimpiadasında komandamızın bayraqdarı sən idin. Maraqlıdır ki, 2004-cü ildən bəri Olimpiadalarda bayraqdarlarımız medalçılar sırasına düşə bilməyib...

- Bu, tamamilə təsadüfdür. Şübhəsiz ki, Olimpiya Oyunlarında vətəninin bayrağını daşımaq çox böyük məsuliyyət tələb edir. Amma fikirləşirəm ki, əvvəlki olimpiadalarda bayraqdarların nəticə əldə edə bilməməsi mənim və ya gələcək bayraqdarlarımızın çıxışına təsir göstərməməlidir.

- Boks üzrə yığmamızın Rio-2016-da çıxışı barədə nə deyə bilərsən?

- Rio-ya yollanan hər bir boksçumuz döyüşə tam hazır idi. Pis də döyüşmədik. Hesab edirəm ki, yığma üzvlərinin əksəriyyətinin sadəcə bəxti gətirmədi.

- Lorenzo Sotomayorun final döyüşü sənə necə təsir bağışladı?

- Əksər beynəlxalq yarışlarda Azərbaycan boksçularına qarşı haqsızlıq olur. Biz çox vaxt finalda uduzmuruq, ancaq hakimlər bizə təzyiq göstərirlər (gülür). Lorenzo Sotomayor da ədalət təmsilçilərinin ədalətsizliyi ilə üzləşdi. O, Olimpiya çempionu olmağa çox yaxın idi.

- XXXI Yay Olimpiya Oyunlarında boks yığmamız ilk dəfə olaraq tam heyətlə təmsil olunurdu. Heyətdə yer alanlardan dördü dünya çempionu idi.

- Olimpiya Oyunları elə bir yarışdır ki, burada mübarizə aparan idmançının əvvəlki göstərdiyi nəticələr önəm daşımır. Hamı bir-birindən xəbərsiz 4 il ciddi məşq edir, Olimpiya oyunlarına hazırlaşır. Olimpiada sürprizlərlə doludur. Dəfələrlə olub ki, heç tanınmayan idmançılar titullu rəqiblərinə qalib gəliblər. Bizim heyətdə güclü idmançılar yer almışdı.

- Rio-da Özbəkistan boksçuları çox yaxşı çıxış etdilər. Etiraf edək ki, heç kim bunu gözləmirdi. Səncə, özbəkistanlı boksçuların üstünlüyü nədə idi?

- Açığı, deyə bilmərəm. Hər ölkənin digərlərindən fərqli idman məktəbi, döyüş üslubu var. Görünür, özbəklər olimpiadaya daha yaxşı hazırlaşmışdılar.

- Teymur, 2012-ci ildən sonra səndə geriləmə müşahidə olunur. Özün də bunu hiss edirsənmi?

- Etiraf edim ki, neqativ halların baş verdiyini görürəm. Mən yaxşı formada olanda yaxşı döyüşürəm. Baxmayaraq ki, əvvəlki qayda ilə, əzmlə məşq edirəm, amma ola bilsin yaxşı formada deyiləm.

- Bəlkə, səhhətində problem var və ya 81 kq çəki dərəcəsinə öyrəşə bilmirsən?

- Xeyr. Bu, hər bir idmançıda müşahidə olunan haldır. İnanıram ki, yaxın zamanda əvvəlki formamı bərpa edəcəyəm. Çəkilən əziyyətlər uzun müddət nəticəsiz qala bilməz.

- Hazırda yığma komandada vəziyyət necədir?

- Hər şey yaxşıdır. Baş məşqçi vəzifəsinə ukraynalı mütəxəssis gətirilib. Məşqlərimiz öz axarı ilə davam edir. Həm yığma komandada, həm də öz klublarımızda məşq edirik.

- Təcrübəli mütəxəssis Nəriman Abdullayev yenidən böyük məşqçi təyin olunub...

- Nəriman müəllimi çoxdan - boksa ilk gəldiyim vaxtlardan tanıyıram. Təcrübəsinə də, əməksevərliyinə də yaxşı bələdəm. İnanıram ki, onun təcrübəsi bizə böyük uğurlar qazandıracaq.

- Bir neçə aydan sonra ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Yarışa hazırlıq necə gedir?

- İnşallah, nəticələr uğurlu olacaq. Vətənimizi şərəflə təmsil etməyə çalışacağıq. Bütün idmançılarımıza böyük idman yarışında uğurlar arzulayıram. Boks üzrə respublika çempionatı keçirildiyi üçün bir müddət məşqlərdə iştirak edə bilmədik. Düşünürəm ki, fevralın ortalarından etibarən hazırlıqlara başlayacağıq.

- Qarşıda boksçularımızı daha hansı yarışlar gözləyir?

- Avropa, dünya çempionatı və başqa nüfuzlu yarışlar olacaq. Amma əsas diqqətimizi İslam Həmrəyliyi Oyunlarına yönəldəcəyik. Ən əsası ona görə ki, bu yarış vətənimizdə keçiriləcək. İkiqat məsuliyyətli olmalıyıq. Çalışacağıq ki, bu möhtəşəm idman yarışında Azərbaycanın əsl idman ölkəsi olduğunu bir daha sübut edək.
Kənan Novruzov




Bu yazı

34140 dəfə oxunub

Tarix

2017-02-14 16:15:52

Yazını

Çap et

Yazını

Paylaş