“Formula-1” yarışları üçün media akkreditasiyası prosesi başlayıb




Fevralın 20-dən "Formula-1” Azərbaycan Qran-prisinin media akkreditasiyası prosesinə start verilib.

Yerli media nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya prosesi martın 31-dək onlayn qaydada təşkil olunacaq. Akkreditasiya iyunda Azərbaycanda keçiriləcək Formula-1 Azərbaycan Qran-prisinin təşkilatçısı "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) rəsmi internet səhifəsində (www.bakucitycircuit.com/az) aparılır.

Fevralın 20-də təşkil olunan seminarda BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri və Formula-1 Avropa Qran-prisinin milli mətbuat katibi Nigar Arpadarai jurnalistləri akkreditasiya prosesində fəal olmağa çağıraraq deyib: "Bakıda ikinci dəfə keçiriləcək Formula-1 yarışında yerli jurnalistlərin iştirakı bizim üçün olduqca əhəmiyyətlidir. Xüsusilə də Formula-1 kimi dünya əhəmiyyətli bir yarışa vəsiqə qazanıb onu işıqlandırmaq jurnalistlərimiz üçün nadir fürsətdir. Bu işdə hamınızı fəal olmağa çağırıram”.

Yarışa hazırlıq barədə məlumat verən N.Arpadarai könüllülərin və marşalların seçim prosesinin yekunlaşmaq üzrə olduğunu, həmçinin əsas tikinti işlərinə maydan başlanacağını vurğulayıb.
BŞH-nin KİV əməliyyatları üzrə meneceri Ayan Ağayeva iştirakçılara akkreditasiya qaydaları barədə məlumat verib.

Azərbaycan Qran-pri yarışları iyunun 23-25-də Bakıda təşkil olunacaq. Qran-pri yarışlarını dünyanın 187 ölkəsində 500 milyondan çox insan seyr edir. Sinqapur, Monako və Melbrun kimi, Bakıda da bu mötəbər yarış şəhər trekində keçirilir.




Bu yazı

33260 dəfə oxunub

Tarix

2017-02-22 11:41:23

Yazını

Çap et

Yazını

Paylaş