İdmanda keçən ömür




Uşaq və gənclərin idmana cəlb edilməsində, onların fiziki, həm də mənəvi cəhətdən inkişafında təhsil müəssisələrinin, idman məktəblərinin və burada fəaliyyət göstərən peşəkar, təcrübəli məşqçilərin əməyi böyükdür. Faktlar və təcrübə onu deməyə əsas verir ki, idmançının gələcək həyatında və karyerasında məşqçi böyük rol oynayır. 

Yaxşı məşqçi bir növ, yetriməsi üçün "yaşıl işıq” rolunu oynayır. 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbində (İOEUGİM) təcrübəli mütəxəssilər çalışır. Onlardan biri də məktəbin baş məşqçisi, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) yeniyetmələr və gənclərdən ibarət yığmanın məşqçisi Əbülfəs Məmmədovdur. Onu da qeyd edək ki, 1969-cu ildən fəaliyyət göstərən İOEUGİM-də idmanın 3 - qılıncoynatma, boks və velosiped növü üzrə məşğələlər keçirilir. Məktəbin idman zalları Xətai rayonu 29 nömrəli orta məktəbin ərazisində yerləşir.




Əbülfəs müəllim ömrünü idmana həsr edən insanlardandır. Qocaman mütəxəssis müdriklərə xas olan keyfiyyətləri özündə əks etdirir. Çox sadə, təmkinli, səbirli və mülayim insandır. Yetirmələrinin hər biri ilə öz övladı kimi rəftar edir, onların problemələri ilə yaxından maraqlanır. 

Əbülfəs müəllim deyir: "İdmanla uşaqlıqdan məşğul oluram. Ömrüm idmanda keçib, desəm, yanılmaram. Əvvəl idmançı kimi, indi isə məşqçi kimi. Nərimanov rayonundakı 202 saylı orta məktəbdə oxumuşam. Məktəbdən əlavə "Neftçi” idman bazasında velosiped idmanı növü ilə məşğul olmuşam. Velosiped sürməyə böyük həvəsim var idi. Uşaq vaxtı sürdüyüm velosipedi hələ də saxlayıram (gülür). Orta məktəbi qurtardıqdan sonra 1982-1987-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman İnstitutunda (indiki ADBTİA) ali təhsil almışam. Əmək fəaliyyətimə 8 saylı İOEUGİM-də məşqçi kimi başlamışam. Burada velosiped üzrə 4 məşqçi-müəəlim məşğul olur. Məktəbin təmsilçiləri velosipedin şosse, mountinbayk, trek və digər növlərində məşğələ keçirlər. Məşq prosesinə ümumi fiziki hazırlıq, trenajor və velosiped sürmək daxildir. Məktəbimizn qapıları idmanla məşğul olmaq istəyən hər bir uşaq və yeniyetmə üçün açıqdır. Qeyd edim ki, təmsilçilərimiz artıq ikinci ildir ki, "Məktəblilərin Olimpiya Hərəkatı” ("Olimpic Movement”) tədbirində fəallıqla iştirak edirlər. Federasiyadan, məktəbin rəhbərliyindən çox razıyıq. Məktəbimizdə idmançıların rahat məşq etmələri üçün hər bir şərait yaradılıb”.

Əbülfəs müəllimin də dediyi kimi, məktəbə məşq etmək üçün gələnlər arasında seçim aparılmır. Yəni nizam-intizama əməl etmək şərti ilə bura üz tutanlar üzvlüyə qəbul edilirlər. Velosiped üzrə məktəbdə 35 nəfərdən çox adam idmanla məşğul olur ki, bunun 12 nəfəri qızlardır. Qızlarda yaşarası 11-16, oğlanlarda isə müxtəlif yaşlarda dəyişir. Təmsilçilərdən 2-si "Synergy Baku” komandasının üzvləridir. Məktəbdə müxtəlif yaş kateqoriyaları üzrə idmançılar məşğul olurlar. 8 saylı İOEUGİM-in baş məşqçi müəllimi yetirmələrimdən qürurla söhbət açdı. O, oğlanlar arasında pro-kontinental komandanın üzvləri Kənan Qəhrəmanlı, Elgün Əlizadənin adını çəkdi. Əbülfəs müəllim Mikayıl Səfərli və qızlardan ikiqat Azərbaycan çempionu Validə Cabbarovadan da razı qaldığını və onların gələcəyinə böyük ümid bəslədiyini dilə gətirdi.



Təcrübəli mütəxəssis məşq prosesində İsmayıllıda istehsal olunan yerli "İsma bikes” velosipedlərindən istifadə olunduğunu və şagirdlərin bu velosipedlərdən razı qaldığını bildirdi: "Sevindirici haldır ki, idmançılarımız yerli "İsma bikes” velosipedlərindən istifadə edirlər. Onlar keyfiyyətdən çox razıdırlar”.
Məşqçilik çox çətin və məsuliyyətli peşədir. Təcrübə göstərir ki, idmançı o vaxt uğur qazanır ki, məşqçisini daim yanında hiss edir, həm idmanda, həm həyatda. Məşqçinin şəxsiyyəti, onun əxlaqı, yetirməsinə münasibəti idmançının nəinki peşəkar karyerasında böyük uğurlar qazanmasına, həm də bir şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir. Əbülfəs müəllim də məhz belə məşqçilərdəndir.



Səadət Hakıyeva






Bu yazı

42714 dəfə oxunub

Tarix

2017-03-17 11:22:12

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook